AŞ PA prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayır
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarını alqışlayır. Trend-in məlumatına görə, bu barədə P.Aqramunt "Tvitter" səhifəsində yazıb.
O bildirib: "Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, düzgün addımdır. Azərbaycanın məhkəmə sistemi həqiqi mənada müstəqil olmalıdır".
Qeyd edək ki, bu gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Məhkəmə İ.Əliyevin barəsində çıxarılmış 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarının dəyişdirilərək ona 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməmiş, İ.Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.
953 dəfə oxundu