Ermənistan Novruz və Pasxa bayramlarının ruhuna zidd əməllərini davam etdirib - XİN

Ermənistan Novruz və Pasxa bayramlarının ruhuna zidd əməllərini davam etdirib -


“Ermənistan Müdafiə Nazirliyi Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə dair beynəlxalq çağırışlara zidd olaraq təxribatçı əməllərə əl atıb”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev təmas xəttində baş verən son gərginliklə bağlı APA-ya açıqlamasında deyib. O xatırladıb ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik martın 18-də, ATƏT sədrliyinin xüsusi nümayəndəsi və Minsk Qrupunun həmsədrləri isə martın 21-də Novruz və Pasxa bayramlarında atəşkəsə əməl edilməsinə çağırış ifadə olunan bəyanatla çıxış ediblər: “Bayramların ruhuna uyğun olaraq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin çağırışına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dərhal müsbət reaksiya verilib. Lakin Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu çağırışın ruhuna zidd olaraq təxribatçı əks münasibət ortaya qoyulub, Ermənistan Xarici İşlər Nazirliyi rəsmiləri tərəfindən isə danışıqlar prosesinin mahiyyətini təhrif edən avantüra xarakterli ziddiyyətli açıqlamalar verilib. Ermənistan tərəfindən qoşunların təmas xətti və iki ölkə sərhədi boyunca qəsdən vəziyyətin gərginləşdirilməsi və ağır atəş vasitələrindən istifadə edərək atəşkəsin intensiv şəkildə pozulması davam etdirilib”.

H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfinin bu qəbildən olan sonuncu təxribatçı əməli 27 mart tarixində baş verib və hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bir zabiti və bir əsgəri şəhid olub: “Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın əsl məqsədi vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin danışıqlar yolu ilə həllinə və mövcud status-kvonun dəyişdirilməsinə imkan verməmək, Azərbaycan ərazilərinin işğalını davam etdirməkdir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq gərginliyin yaranması və atəşkəsin pozulmasının əsas səbəbidir”.

XİN təmsilçisi münaqişənin həllində irəliləyişə nail olmaq və davamlı atəşkəsi təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal altındakı bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib: “Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət işğalçı dövlət kimi Ermənistanın üzərinə düşür”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
945 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...