İranlı diplomatdan şok açıqlamalar: “Rusiya bizi aldatdı"

İranlı diplomatdan şok açıqlamalar:


"Rusiya İranı və Bəşər Əsədi İraq və Suriyada bir müddət dəstəklədi. Sonra hərbi qüvvələrini geri çəkib atəşkəs elan etdi. Bununla da bölgədə güclənən İranın rolunu zəiflətdi. Səudiyyə Ərəbistanı və Türkiyə, Rusiyanın bu işindən son dərəcə məmnun oldular".

Strateq.az xəbər verir ki, bu sözləri İranın BMT-dəki sabiq nümayəndəsi Əli Xürrəm dilə gətirib.

Diplomatın İranda nəşr olunan və prezident Həsən Ruhaniyə yaxınlığı ilə seçilən bir xəbər portalına verdiyi açıqlamaya görə, rəsmi Tehranın məlum münaqişədə məqsədi Suriyanın ərazi bütövlüyünü qorumaq olub və indi də belədir: “Di gəl ki, Rusiyanın bu addımı (geri çəkilməsi) və digər ölkələrin təşəbbüsü ilə İranın strategiyası nəticəsiz qaldı. Onların (Türkiyə və Ərəbistanı) Suriya oyununun qalibləri olduğunu söyləyə bilərik . "


İranlı diplomat Çini də Rusiyaya qatmağı unutmayıb: "Rusiya və müttəfiqi Çin hər fürsətdə ABŞ-la əlaqə qurmağa çalışır. Bütün ölkələr super güclə əlaqə qurmaq üçün yüz oyundan çıxdığı halda, bizim ölkə içindəki bəzilər hökumətə (Ruhani hökumətinə) “nə üçün Avropayla əlaqə qurmağa çalışırsan?” deyir".

Diplomata görə, bu, Rusiyanın ilk “fırıldağı” da deyil: “Biz Rusiyanın istənilən hər yerdə İranı aldatdığını gördük. Əgər İranın dünyadakı güclü ölkələrin hamısıyla əlaqəsi olsa, nə Çin, nə Rusiya, nə də Avropa İranı aldada bilməz. Rusiyanın Suriyadakı bütün səyləri, ABŞ ilə əlaqələrini yaxşılaşdıraraq, Ukraynada qarşılaşdığı problemləri öz xeyrinə həll etmək idi. Rusiya hər zaman ABŞ-la alış-veriş halında olub, indi də eyni xətti davam etdirir”.

Qeyd edək ki, Rusiyanın Suriyadan çıxması qərarı bütün dünyada əks-səda yaratdığı halda, İran daş atılmış qurbağa gölünün səssizliyinə qərq olmuşdu. İndisə ölkənin ən təcrübəli diplomatlarından sayılan Əli Xürrəm bu səssizliyi pozmaq niyyətindədir.

Onun islahatçılara yaxınlığı ilə seçilən bir mətbu orqanda fikirlərini bəyan etməsi də təsadüfi deyil. Bu yaxınlarda ölkənin ən səlahiyyətli adamı hesab olunan dini lider ayətullah Xamaneyi Qərblə danışıqlara gedən hökuməti bərk tənqid atəşinə tutmuş, İranın qırmızı cizgilərini qurban verməkdə günahlandırmışdı. Dini liderin olduqca ciddi ittihamları beynəlxalq aləmdə İranın “nüvə sazişindən” geri çəkiləcəyi barədə söz-söhbətə yol açmışdı.

Əli Xürrəmin belə bir zamanda öz fikirlərini səsləndirməsi islahatçıların dini liderə cavabı kimi qiymətləndirilə bilər. Xüsusilə, onun “bəziləri hökumətə (Ruhani hökumətinə) 'Nə üçün Avropaya əlaqə qurmağa çalışırsan?” deyir" sözləri Xamaneyinin bostanına atılmış daş təəssüratı yaradır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...