Zakir Həsənovdan cəbhədəki gərginliklə bağlı AÇIQLAMA
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxlerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin tənzimlənməsi istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.
“Ermənistanın cinayətkar, terrorçu rəhbərliyi dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı dövlət siyasəti səviyyəsində həyata keçirib. Bu gün də qoşunların təmas xəttində gərginliyin artmasında Ermənistanın kriminal hərbi-siyasi rejimi bilavasitə günahkardır. Münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, Azərbaycanın dövlət sərhədləri daxilində həllinin yeganə yolu dünya ictimaiyyətinin birgə fəaliyyəti ilə işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzün bərpa edilməsinə hazırdır və bu şərəfli vəzifəni yerinə yetirmək üçün kifayət qədər gücə və qüvvəyə malikdir”, - deyə nazir qeyd edib.
Ətraflı məlumata görə minnətdarlığını ifadə edən G. Baxler hazırda ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniyanın prioritetləri haqqında danışıb, regional sülhə və sabitliyə təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi diqqət ayrıldığını bildirib.
Görüşdə Azərbaycanla ATƏT arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
979 dəfə oxundu