Avropa Məhkəməsinin qərarlarına qarşı hazırlanan qanun sabah müzakirə olunacaq
Konstitusiya Məhkəməsinə beynəlxalq təşkilatların Azərbaycanda insan hüquq və azadlıqlarına dair çıxardığı qərarların icrasının mümkünlüyünün müəyyənləşdirilməsi ilə bağlı yeni səlahiyyət verilir. Bununla bağlı qanun layihəsi sabah Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Komitə üzvü, qanun layihəsinin müəllifi deputat Rəfael Cəbrayılov APA-ya bildirib ki, "İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” qanun layihəsi bir maddədən ibarətdir. Layihə qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə yeni səlahiyyətin verilməsini ehtiva edir və Konstitusiyanın 130-cu maddəsi (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi) istinadən hazırlanıb.
R. Cəbrayılov qeyd edib ki, bu praktika bir sıra dövlətlərdə var və bu, Azərbaycanında konstitsion hüququdur: “Çox təəssüf ki, ilk günlərdə mətbuatda bu layihə olduqca yanlış təqdim olundu. Guya, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından imtina edirik. Tamamilə yanlış təqdimatdır. Biz Avropa İnsan Haqları Məhkəməsinin qərarlarından necə imtina edə bilərik? Bu, mümkün deyil. Bununla bağlı qoşulduğumuz konvensiya var və öhdəlik götürmüşük”.
953 dəfə oxundu