“Bayrama qədər istənilən gün əfv gözləmək olar...”

“Bayrama qədər istənilən gün əfv gözləmək olar...”


Məhbus ailələri, ictimai-siyasi təşkilatlar həftəsonu veriləcək əfv sərəncamını səbirsizliklə gözləyirlər. Məlumata görə, əfv sərəncamının martın 17-si və ya 18-də imzalanacağı gözlənilir.

Əfv Komissiyası və siyasi məhbuslarla bağlı siyahı hazırlayan hüquq müdafiə təşkilatları işlərini ötən həftə yekunlaşdıraraq, ölkə başçısının qərarını gözləyirlər. İnsan Haqları üzrə Birgə İşçi Qrupu 22 nəfərlik siyasi məhbus siyahısını Əfv Komissiyasına göndərib. Qurum Yeni ildəki siyahısına əlavələr etməyib. Əfv Komissiyası isə 500-ə yaxın məhbusun müraciətinə baxaraq, onların içərisindən 200-dək məhbusun adını prezidentə təqdim edib. Siyasi məhbus ailələrinin də əfvlə bağlı gözləntiləri böyükdür.

Onu da qeyd edək ki, qarşıdan gələn Novruz əfvini əvvəlki illərdə verilən sərəncamlardan müsbətə doğru fərqləndirən bir sıra səbəblər var. Öncəliklə hazırkı vəziyyətdə Azərbaycanla Qərb arasındakı münasibətlərdə yumşalma var. Hər keçən gün münasibətlər daha da istiləşir. Digər səbəblərdən biri də martın sonu, aprelin əvvəllərində nüvə sammiti çərçivəsində Azərbaycan prezidentinin ABŞ-a gözlənilən səfəridir. Ekspertlər Azərbaycan prezidentinin Qərbə səfərindən öncə qənaətbəxş əfv imzalayacağını proqnozlaşdırırlar. Hakimiyyət Qərblə münasibətlərdə siyasi məhbus probleminin həllinin böyük önəm kəsb etdiyini bilməmiş deyil.

Əfv Komissiyasının üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid həftəsonunda əfvin veriləcəyini bildirdi: “Əfv sərəncamını gözləyirik. Prezidentin fərmanı çıxandan sonra onun əsasında daha ətraflı danışmaq mümkün olacaq. Bugünlərdə əfv veriləcək. Biz işimizi gördük. Son qərar ölkə başçısınındır. Siyahıya əlavələr də ola bilər. Bu, prezidentin müstəsna səlahiyyətidir. Yəqin ki, Novruz bayramına qədər əfv olacaq. Bu da həftəsonuna təsadüf edir. Bayrama qədər istənilən gün əfv gözləmək olar”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı də bu həftə əfv gözlədiklərini qeyd etdi: “İnanırıq ki, həftəsonu hamını sevindirəcək əfv sərəncamı veriləcək. Əfv Komissiyasının indiki vəziyyətdə fəaliyyəti ilə bağlı hər hansı bir fikir bildirmək doğru olmazdı. Sərəncam verilsin, ondan sonra komissiyasının işinin müsbət olub-olmaması ilə bağlı mövqe söyləmək olar”.

Xatırladaq ki, sonuncu əfv fərmanı Yeni ildə imzalanıb. Fərman ictimaiyyətin gözlədiyi kimi olmayıb. Təsadüfi deyil ki, həmin sərəncamla bir nəfər siyasi məhbus belə azadlığa buraxılmamışdı. Çoxları bunu ötən ilin dekabrının sonlarında Qərbdən gələn məlum təzyiqlərlə əlaqələndirmişdilər. İndi isə hələ ki Qərbdən təzyiqlər gəlməyib və Novruza qədər olmayacağı ehtimalı da böyükdür. Gözləyək...(“Yeni Müsavat”)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...