“İnsanlar gələcək haqqında düşünə bilmirlər“- Səməd Seyidov
“IV Qlobal Bakı Forumunun indiki dövrdə Azərbaycanda keçirilməsi onu göstərir ki, ölkəmiz sabitliyi, inkişafı, gələcək perspektivləri müəyyən edən bir məkana çevrilib”
GUNDEMINFO.AZ xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. S.Seyidov vurğulayıb ki, bu gün dünyada gedən proseslər, qaçqınlar və köçkünlər problemi, müharibələr bu cür forumların keçirilməsinə imkan vermir: “Ona görə ki, insanlar artıq gələcək haqqında düşünə bilmirlər, onlar yalnız bugünkü problemlərin həlli istiqamətində düşünməyə məcburdurlar. Ancaq Azərbaycan belə forumları keçirmək iqtidarındadır və bu cür forumlar növbəti addımları atmaq üçün gözəl bir meydandır”.
Komitə sədri əlavə edib ki, bu forumlar Azərbaycanın gücünü, perspektiv imkanlarını göstərir: “Yaxın vaxtda Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının növbəti Qlobal Forumunun, daha sonra bir neçə başqa forumlarını keçiriləcəyini nəzərə alsaq, Azərbaycan bu gün gələcəyin inkişafını, istiqamətini, xüsusilə Avropada, Yaxın Şərqdə gedən prosesləri müəyyən edən bir ölkəyə çevrilib. Bu nöqteyi-nəzərdən IV Qlobal Bakı Forumunun qiyməti çox yüksəkdir və ildən-ilə gələn qonaqların həm səviyyəsi, həm sayı, həm də nüfuzu həddən artıq böyükdür. Nəzərə alsaq ki, bu forumda Prezident İlham Əliyevin çıxışı dünyada gedən proseslərlə bağlı istiqamətverici, proqram bir çıxış kimi qiymətləndirilə bilər".
S.Seyidov bildirib ki, forumun əhəmiyyəti ikiqat artıqdır: "Əminəm ki, forumda müzakirə edilmiş məsələlər, qaldırılmış problemlər dünya ictimaiyyətinin daim diqqətində olacaq”.
insanlar artıq gələcək haqqında düşünə bilmirlər,
938 dəfə oxundu