Müxaliflər virtual aləmdə biri-birlərini «qırır»
Elçin Mirzəbəyli: “AXCP-nin bu günə qədərki bütün fəaliyyəti müxalifət düşərgəsi daxilində qarışıqlıq yaratmaqdan və münasibətləri gərginləşdirməkdn ibarət olub”
Mais Səfərli: “Adətən, şou aləmində belə hallara rast gəlinir”.
Bir neçə gündür Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə mütəffiqlərinə, müxalifət düşərgəsinə qarşı fəal kampaniyaya başlayıb. Buna səbəb isə "REAL"ın rəsmisi Natiq Cəfərlinin Əli Kərimlinin fəaliyyətini tənqid etməsi, bu yöndə tutarlı faktlar irəli sürməsidir. Bu işdə AXCP-çilər hətta təhqirə də yol verirlər. Nəticədə, Əli Kərimlinin AXCP fonunda yaratdığı söyüş qrupu ağlagəlməz təhqirlərlə "REAL" təmsilçisini hədəfə almağa başlayıb.
cQarşılıqlı ittihamlara digər müxalif partiya nümayəndələri də reaksiya veriblər. Məsələn, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerlərini "Facebook” qəhrəmanları” adlandırıb.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli bildirir ki, ümumiyyətlə, AXCP-nin bu günə qədərki bütün fəaliyyəti müxalifət düşərgəsi daxilində qarışıqlıq yaratmaqdan və münasibətləri gərginləşdirməkdn ibarət olub: "Bundan başqa bütövlükdə dövlət və milli maraqlara qarşı çıxış etməsi ilə gündəmə gəlib. Əli Kərimli mövcudluğunu yalnız konflikt yaratmaqda görür. Ortaya qoyacaq başqa düşüncə, yanaşma tərzi yoxdur.
Hələ Əbülfəz Elçibəyin vaxtından başlayaraq Əli Kərimli partiya daxilində konflikt yaratmaqla məşğul oldu. O, ziddiyyətləri dərinləşdirib partiya daxilində ayrı-ayrı partiyalar yaratmaq missiyasını həyata keçirib. Ondan sonra isə müxalifət daxilində parçalanmaya zəmin yaratmaqla məşğul olub. Yəni, bu, onun fəaliyyətinin əsas istiqamətini təşkil edir. Əgər fərqli baxış ortaya qoysa idi, intellektural müstəvidə siyasət həyata keçirsə idi, barış, həmrəylik tərəfdarı kimi çıxş etsə idi, çox təəccübli olardı”.
Elçin Mirzəbəyli əlavə etdi ki, hazırda faktiki olaraq, AXCP adlı bir təşkilat yoxdur:
"Bu təşkilat öz mövcudluğunu çoxdan başa vurub. 2000-ci ildən başlayaraq AXCP-nin əsas elektoratı ayrı-ayrı siyasi qurumlarda birləşiblər. Ondan sonra bu qurumun fəaliyyəti ümumiyyətlə, nəzərə çarpmır. Əli Kərimli ətrafında olan bir neçə adamın mövcudluğunu qorumağa çalışır. Vaxtı ilə partiyanın rəyasət heyətində, rəhbərlikdə təmsil olunan, eyni zamanda partiyanın ali məcslisinin üzünün heç biri faktiki olaraq, bu gün həmin partiyada yoxdur. Partiya quru addan yox, insanlardan ibarət olmalıdır. İnsanlar yoxdursa, deməli, partiyanın özü də yoxdur. Əli Kərimlinin bütün fəaliyyəti ad uğrunda mübarizə olub. Nəticədə ancaq quru adla quru yurdda qalıb. Ortalıqda ondan başqa əldə edəcəyi nəsə yoxdur. Artıq vaxtı ilə onu müdafiə edən insanların əksəriyyəti onu tərk ediblər. Hər kəs də onu xəyanətdə suçlayıb. Əli Kərimli istisna olmaqla, mütləq əksəriyyət o partiyada deyil. Deməli, xəyanatkarın kim olduğu ortalıqdadır. Yəni, söhbət konkret bir nəfərdən gedir”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, vaxtı ilə bir-biri ilə müttəfiq olan, eyni cəbhəni bölüşən insanların bir-birinə qaryaxmaları heç siyasi etikaya sığmır: "Digər tərəfdən, bu gün müxalifətdə olan partiyaların aydın, normal fəaiyyət proqramları yoxdur. Buna görə də ortaya normal fəaliyyət qoya bilmirlər. Gündəmdə qalmaq, adlarının hallanması üçün müxtəlif üsullardan istifadə edirlər. Ona görə də bir-birinə qarayaxma, o cümlədən bir-birinə cəbhə açmaq kimi məsələlərlə gündəmdə qalmağa çalışırlar.
Adətən, şou aləmində belə hallara rast gəlinir. Amma artıq müxalifət cəbhəsində də belə hallar adiləşib. Bu da ümumilikdə müxalifətin perspektvinə müsbət nəsə vəd etmir. Əksinə, onların parçalanmasını bir qədər də sürətləndirir”.
883 dəfə oxundu