İlham Əliyev gömrük sistemi ilə bağlı sərəncam imzaladı

İlham Əliyev gömrük sistemi ilə bağlı sərəncam imzaladı


Azərbaycan prezidenti İlham Əliyev gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Nazirlər Kabinetinə aşağıdakı işləri görmək tapşırılıb:

məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması məqsədi ilə “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 1 iyul tarixli 343 nömrəli qərarının yeni redaksiyasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək;

baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, vahid siyahısını iki ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

Dövlət Gömrük Komitəsinə bu işlər həvalə olunub:

məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu iki ay müddətində təmin etmək;

elektron xidmətlər göstərilməsi ilə əlaqədar olaraq, müvafiq sahələrdə ayrı-ayrı dövlət orqanları ilə qarşılıqlı elektron informasiya mübadiləsinin həyata keçirilməsini təmin etmək;

gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədi ilə gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sistemini təkmilləşdirmək;

gömrük sərhədindən mal dövriyyəsini sürətləndirmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul olunmuş və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), sənədlər əsasında malların gömrük sərhədindən keçirilməsinə şərait yaradılmasını və aidiyyəti dövlət orqanlarının bu barədə elektron formada məlumatdırılmasını təmin etmək;

vaxt itkisinin aradan qaldırılması məqsədi ilə qısa idxal bəyannaməsinin və ona əlavə olunmuş baytarlıq, fitosanitar, gigiyenik və ya digər sertifikatın (şəhadətnamənin) və mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazənin əvvəlcədən yoxlanılmasını və gömrük nəzarətinin həyata keçirilməsinin nəticəsi əsasında malların gömrük ərazisinə buraxılışını həyata keçirmək;

Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, o cümlədən yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması üçün müvafiq tədbirlər görmək;

risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şərait yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, oradan çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə elektron informasiya mübadiləsinin həyata keçirilməsi üçün əlavə tədbirlər görmək;

xarici ticarətin gömrük statistikasını beynəlxalq təcrübəyə və standartlara uyğun inkişaf etdirmək, onun düzgünlüyünü və operativliyini təmin etmək məqsədi ilə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişiklik və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin), qərarların gömrük işində operativ tətbiqini təmin edən mexanizmlər hazırlamaq.

Dövlət Gömrük Komitəsi Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla, iki ay müddətində:

gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə gömrük orqanlarına əvvəlcədən elektron formada qısa idxal bəyannaməsini təqdim etmək yolu ilə malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılmasını təmin edəcək Qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

şəffaflığın artırılması məqsədi ilə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və

Dövlət Miqrasiya Xidməti ilə razılaşdırmaqla, iki ay müddətində:

Dövlət Gömrük Komitəsinin məlumat bazasının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilməsi, Dövlət Gömrük Komitəsinin qeyd olunan sistemin “Sərhədkeçmə” informasiya resursundan istifadəyə buraxılışının təmin olunması və sistem daxilində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti arasında məlumat mübadiləsinin aparılması məqsədi ilə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir;

Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədi ilə gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasını altı ay müddətində təmin etməlidir.

Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi isə ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etməli, ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...