“Kazinolar bərpa olunsun“ -
"İqtisadi islahatlar çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını və buna Rüfət Aslanlının rəhbərlik etməsini çox uğurlu addım sayıram"
Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Deputat deyib ki, Rüfət Aslanı çox bacarıqlı kadrdır və Prezident tərəfindən ona böyük etimad göstərilir: “Əgər Rüfət Aslanlı bu sahədə müsbət dəyişikliyə nail olacaqsa, bu, maliyyə və bank sahəsində dirçəlişə səbəb olacaq. Rüfət müəllim mediaya, ictimaiyyətə açıq olmalıdır ki, gördüyü işlər də müsbət effektini versin.
Hökumət nə qədər uğurlu qərar qəbul edirsə etsin, xalq və iş adamları buna inanmayacaqsa və can atmayacaqsa, bu, istənilən nəticəni verməyəcək. İnsanları və iş adamlarını buna inandırmaq lazımdır”.
Q.Həsənquliyev bu gün Milli Məclisdə müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə də toxunub:
“Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, ancaq turistlər üçün açıqdır. Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar. Yəni, Azərbaycan vətəndaşları üçün kazinolar qadağan, əcnəbilər üçünsə açıq olarsa, bundan ölkə büdcəsi də xeyli qazanc əldə edə bilər”.
856 dəfə oxundu