AŞPA ilə əməkdaşlığın genişləndirilməsi vacibdir - XİN

AŞPA ilə əməkdaşlığın genişləndirilməsi vacibdir -


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzVision.az-aXİN-dən məlumat verilib. Görüşdə AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edildi və tərəflər arasında konstruktiv dialoq və anlaşma şəraitində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı və ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırdı.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. O, münaqişə nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan çox soydaşımızın hüquqlarının pozulduğunu vurğulayaraq, beynəlxalq təşkilatların bu məsələyə xüsusi diqqət yetirməli olduğunu nəzərə çatdırdı.

Parlament diplomatiyasının əhəmiyyətinə toxunan Nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi.

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycanın təşkilat ilə uğurlu əməkdaşlıq göstərdiyini bildirərək, əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...