"Əfv üçün siyahıya baxmaq onu hazırlamaqdan daha çətindir" - Əliməmməd Nuriyev

"Əfv üçün siyahıya baxmaq onu hazırlamaqdan daha çətindir" -


"Komissiya üzvü seçiləndən müraciətlərin sayı artıb"

Bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzaladı. Prezident yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibində bəzi adlar çoxlarının diqqətini çəkdi. Komissiyanın yeni üzvlərindən biri də “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir.

Biz onu indiyə kimi millət vəkili, hüquq müdafiəçisi, Qeyri Hökumət Təşkilatı (QHT) nümayəndəsi olaraq tanımışıq. Ədliyyə Nazirliyinin tərkibində insan hüquqları ilə bağlı yaradılan İşçi Qrupunda təmsil olunanda da həbsxanalardakı durum, məhkumların hüquqları ilə bağlı prinsipial mövqe sərgiləmişdi.

Əliməmməd Nuriyev Lent.az-a müsahibəsində yeni fəaliyyət sahəsi ilə bağlı da bir çox məsələlərə aydınlıq gətirdi:

- Əfv Komissiyasında fəaliyyətinizi necə planlaşdırırsınız?

- Bu təyinat Azərbaycan prezidentinin bizə böyük etimadıdır. Eyni zamanda, bu, ölkədəki vətəndaş cəmiyyətinə olan etimaddır. Çünki komissiyaya vətəndaş cəmiyyətinin nümayəndəsi kimi daxil olmuşam. Bütün fəaliyyətim bu etimadı doğrultmağa yönələcək. Ən əsası isə işlərimizi əsasnaməyə uyğun quracağıq. Bilirsiniz ki, Əfv Komissiyası fəaliyyətini kollegial formada həyata keçirir. Sədrin təşəbbüsü ilə toplantılar olur və üzvlər də komissiyaya edilən müraciətlərlə bağlı öz fikirlərini bildirirlər. Mən məhkumlarla xeyli işləmişəm. Ədliyyə Nazirliyinin tərkibində yaradılan İctimai Komissiyanın üzvü kimi də fəaliyyətim olub. Lakin bura artıq fərqli bir platformadır, məsuliyyəti də xeyli artıqdır. İstənilən məhkumla bağlı öz qərarını, fikrini bildirəndə bir çox şeyləri nəzərə almalısan. Burada dövlətin milli təhlükəsizliyi, cəmiyyətin maraqları, şəxsin özünün hüquqları, işdəki zərərçəkmişin haqqı mütləq diqqətdə saxlanılmalıdır, balans qorunmalıdır. Bunları o qədər düzgün hesablamalısan ki, sonda səhv etməyəsən və müəyyən fikir söyləyəndə də bu amilləri nəzərə almağın bəlli olsun.

Komissiyada ölkənin görkəmli ictimai xadimləri təmsil olunur. Onların bir çoxu artıq uzun illərdi ki, bu işlə məşğuldurlar. Təbii ki, onların da təcrübəsindən faydalanacam. İşimi milli və ictimai maraqlara əsasən quracam. Amma onu da deyim ki, bu komissiyanın tərkibində mən ancaq və ancaq öz fikirlərimi söyləyə bilərəm.

- Bir müddət əvvəl siz hüquq müdafiəçisi kimi Əfv Komissiyasına əfv olunmasını istədiyiniz məhkumların siyahısını göndərirdiniz. İndi vəziyyət dəyişdi. Necə hesab edirsiniz, siyahı göndərmək asandır, yoxsa bu siyahılara baxmaq?

- İstənilən şəxs və QHT komissiyaya siyahı ilə müraciət edə bilər. Burada elə bir çətin iş yoxdur. Lakin bu siyahılarla bağlı Əfv Komissiyasının üzvü olaraq fikir söyləmək daha məsuliyyətlidir. Son dərəcə ciddi, düşünülmüş qərarlardan sonra fikir söyləməlisən. Ona görə də, QHT-dəki fəaliyyət göstərməklə, komissiyada təmsil olunmaq tamamilə fərqlidir. Təbii ki, son qərarların verilməsi səlahiyyəti Azərbaycan Prezidentindədir. Bu, prezidentin müstəsna hüququdur. Biz yalnız fikirlərimizi söyləyib, rəylərimizi təqdim edə bilərik. Son qərarı prezident verir. Bununla belə prezidentin qarşısına hər hansı bir siyahını çıxartmağın özü də son dərəcə məsuliyyətli bir işdir.

- Vaxtilə Əfv Komissiyasına göndərdiyiniz məhkum siyahılarında olanlardan kimsə hələ məhbəsdə qalıb?

- İndiyə qədər müxtəlif məsələlərlə bağlı müraciətlərimiz olub. Təqdim etdiyimiz siyahılarda olan məhkumların bir çoxu əfv edilib. Bəzilərinin adlarına isə sərəncamda rast gəlməmişik. Bu da təbii bir hadisədir. Çünki biz QHT, hüquq müdafiəçisi və ya İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvü olaraq məsələ ilə bağlı hər şeyi görə bilmərik. Prosesə kompleks yanaşmanı komissiya təşkil edir. Eyni zamanda da ölkə prezidenti öz səlahiyyətindən istifadə edərək bu və ya digər şəxsi bağışlayır.

- Yəni bilmək istəyirdik ki, təqdim etdiyiniz siyahılarda adı olan kimsə indi məhbəsdədirsə, həmin şəxsin azadlığına çalışacaqsınızmı?

- Əgər təqdim edilən siyahılarda eyni adlar olarsa, kriteriyaları nəzərə alaraq öz fikrimizi söyləyəcəyik.

- Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar günü bayramı gəlir. Məxsusi olaraq, qadın məhbuslar üçün hər hansı əfv sərəncamı verilə bilər?

- Hər əfv sərəncamında prezidentimiz qadın məhbusları xüsusi olaraq nəzərə alır. Bunun dəfələrlə şahidi olmuşuq. Ölkədə müəyyən tarixi günlərin ildönümü, milli bayramlarla əlaqədar sərəncamlar verilib. Lakin bu yaxın günlərdə, Novruz Bayramı ərəfəsində əfv sərəncamının olub olmayacağı barədə heç nə deyə bilmərəm.

- Komissiyaya seçiləndən sonra heç toplanmısınız?

- Niyə tələsirsiniz? Hələ Əfv Komissiyasının yeni tərkibi ilə bağlı verilən sərəncamın mürəkkəbi qurumayıb. Toplantı ilə bağlı qərarı sədr verəcək.

- Əfv Komissiyasına üzv seçiləndən sonra sizə edilən müraciətlərin sayında hər hansı fərq hiss etdinizmi?

- Təbii ki. Xeyli valideynlər var ki, indi onlar daha tez-tez müraciət edir. Məhkumların özlərinin də belə müraciətləri olur. Bunlar həmişə olan xahişlərdi, amma indi bir qədər artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...