REAL və Müsavat funksionerləri arasında qalmaqal yaranıb

REAL və Müsavat funksionerləri arasında qalmaqal yaranıb


“Müxalifətdə toplaşan yaşlı nəslin əsas problemi odur ki, onlar sivil, normal qaydada diskussiya apara bilmirlər. Şəxsiyyətə toxunurlar, yalan, böhtan atırlar. İsa Qəmbər deyir ki, kimin siyasətdə qalıb-qalmamasına 9 milyonluq Azərbaycan xalqı qərar verəcək. Mən bir seçici olaraq, məsələn, İsa Qəmbərə yox, Turqut Qəmbərə səs vermək istərdim”.

Bunu APA-ya açıqlamasında “Respublikaçı Alternativ” Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Azər Qasımlı deyib. O, müxalifət də daxil olmaqla, bütün sahələrdə yeni nəslin ortaya çıxmasının vacibliyini vurğulayıb: “Azərbaycanda islahat aparacaq yeganə qüvvə yeni nəsildir, REAL-ın da əsas missiyası ondan ibarətdir ki, bütün sahələrdə nəsil dəyişikliyini həyata keçirsin. Müxalifətdə də, elə Müsavat Partiyasının özündə də yeni nəsil ortaya çıxmalıdır”.

A. Qasımlı Müsavat Partiyasının Divan üzvü Alya Yaqublunun səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Onun haqqımda dedikləri yalandır. Digər tərəfdən, mən bunu şərh etmək istəmirəm. Mən Müsavatdan gedəndə hər hansı bəyanat verməmişəm. İndi bunlar istəyirlər ki, Müsavatdan getdiyimlə bağlı bəyanat verim, partiyanın bütün “zibil”lərini açıb göstərim? Bunu istəyirlər? Mən o səviyyəyə düşmək istəmirəm”.

Alya Yaqublu isə APA-ya açıqlamasında bildirib ki, A. Qasımlı özünü yeni nəslin nümayəndəsi saysa da, vaxtilə tənqid etdiyi müxalifətin üzvü olub: “Azər Qasımlının təbii leksikonunun bəlli olmasında əməyimə görə özümə təşəkkür edirəm. Müsavat Partiyası haqqında nəsə demək istəyirsə, desin, təbii ki, ona cavab veriləcək. Əlavəm ancaq budur ki, mən onun bəyanat verib getdiyini deməmişəm. Fakt budur ki, özü ənənəvi müxalifətdən bu yaxınlarda ayrılıb, 2010-cu ilə qədər Müsavatın üzvü olub. Ümumiyyətlə, REAL-a toplaşanlar vaxtilə Müsavat, AXCP və AMİP üzvü olmuş şəxslərdir”.

Qeyd edək ki, A. Yaqublu sosial şəbəkədə A. Qasımlının vaxtilə Müsavat üzvü olduğunu xatırladaraq, onun özünü ənənəvi müxalifətə aid etməməsinin yanlış olduğunu yazıb: “Biri Azər bəyə desin ki, vaxtilə Müsavatın üzvü olduğunu hələ xatırlayanlar var və insanlarla görüşəndə “mən 10 il ölkədə olmamışam, biz yeni müxalifətik, əvvəlkilərə heç bir dəxlimiz yoxdur” deyəndə birdən biri qayıdıb deyər ki, elə deyil, a bəy, ötən əsrdə Müsavata üzv olan, sonra Türkiyəyə, Rusiyaya gedib, 10 il oralarda bizneslə məşğul olan, sonra qəfil qayıdıb, Müsavatın deputatlığa namizədi olmaq istəyən və məhz Nüşabə Sadıxlının dairəsini tələb edən, başqa dairə təklifinə razılaşmayıb küsən və partiyadan çıxan sən idin axı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...