Aİ liderləri qərar verdi: Putin Zelenski ilə görüşdən imtina edəcəyi halda...

Aİ liderləri qərar verdi: Putin Zelenski ilə görüşdən imtina edəcəyi halda...

Avropa liderləri ABŞ prezidenti Donald Trampı Rusiya prezidenti Vladimir Putin 15 mayda İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməkdən imtina edəcəyi və ya dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşmayacağı təqdirdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırmaq qərarına gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumatlı mənbələrə istinadla yazıb.

Onların sözlərinə görə, 12 may bazar ertəsi günü Avropa və ABŞ rəsmiləri arasında aparılan danışıqlardan sonra Vaşinqtonun Putinə təzyiqləri artırmazdan əvvəl Rusiya və Ukraynaya danışıqlar üçün imkan yaratmaq istədiyi bəlli olub. Bu səbəbdən də Avropa liderləri İstanbul görüşünün nəticələrini gözləməyi qəbul ediblər.

Tramp administrasiyası Rusiyaya qarşı əlavə iqtisadi təzyiq variantları hazırlayıb və lazım gələrsə, ABŞ prezidenti bu tədbirlərə əl ata bilər. "Bloomberg” daha əvvəl bu barədə məlumat vermişdi. Trampın özü isə hələ 8 mayda bəyan etmişdi ki, əgər atəşkəs əldə olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcəklər. Bundan əvvəl Fransa, Almaniya, Polşa və Böyük Britaniya liderləri Trampın 12 maydan başlayaraq 30 günlük atəşkəsi nəzərdə tutan plana dəstəyini ala bildiklərini bildirmişdilər. Buna cavab olaraq Putin 15 mayda İstanbulda Ukrayna ilə birbaşa danışıqlara başlamağa hazır olduğunu bəyan etmişdi. Tramp isə Ukrayna tərəfini Türkiyədəki görüşdən imtina etməməyə çağırmış və özü də həmin görüşə qatıla biləcəyini istisna etməmişdi. Bundan sonra Zelenski bəyan etmişdi ki, danışıqlarda "şəxsən” Putini gözləyəcək.

Kreml isə Putinin Türkiyəyə mümkün səfəri ilə bağlı hər hansı məlumat yaymayıb. Rusiya nümayəndə heyətinə kimin daxil olacağı da hələlik məlum deyil. Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev Zelenskinin İstanbulda Putini gözləyəcəyi ilə bağlı bəyanatını "komediya və tamaşa” adlandırıb. "Belə mürəkkəb vəziyyətdə yüksək səviyyəli görüşlər bu cür təşkil olunmur”, – deyə Kosaçev vurğulayıb. 30 günlük atəşkəsdən imtina ediləcəyi təqdirdə sanksiyalarla hədələrə cavab olaraq isə Kreml bildirib ki, "ultimatum dili Rusiya üçün qəbuledilməzdir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib: "Rusiya ilə bu dildə danışmaq olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...