“Rusiya Qarabağ ermənilərinə yardım göndərib, Ağdam yolundan keçəcək”

  “Rusiya Qarabağ ermənilərinə yardım göndərib, Ağdam yolundan keçəcək”
“Rusiya Qarabağda yaşayan ermənilərin “ərzağa olan ehtiyacını qarşılamaq məqsədi ilə” şənbə günü içərisində “ərzaq və qeyri-ərzaq” məhsullarının olduğu deyilən yük avtomobili göndərib”.
GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev BBC Azərbaycancaya bildirib.
Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
Rəsmi Bakı Laçın yolunun bağlı olmadığını bəyan edib və humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.
Ceyhun Mirzəyevin sözlərinə görə, Rusiyadan gələn yardımın erməni sakinlərə çatdırılması Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə Rusiya Qızıl Xaç Cəmiyyəti arasında imzalanan birgə əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.
“Rusiyadan gələn yardım avtomobili günorta saatlarında Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib və Ağdam-Xankəndi istiqamətinə hərəkət edir”, - qurumun nümayəndəsi bildirib.
Siyasi təhlilçi Fərid Şəfiyev BBC Azərbaycancaya deyib ki, Rusiyanın yardım göndərərkən əməl etdiyi prosedur qaydalar Fransa üçün örnək olmalıdır.
"Rusiya Azərbaycan hökumətinə müraciət edir ki, sənə yardım göndərirəm və rəsmi Bakı özü müəyyən edir ki, bu yardımı Qarabağa hansı yolla çatdıracaq, artıq bu işlərə Rusiya qarışmır. Amma Fransa bunu etmir. Rəsmi Paris özbaşına çalışır Qarabağa yük göndərsin və Azərbaycan da haqlı olaraq bu formada yükləri qəbul etmir", - Fərid Şəfiyev qeyd edib.
Rəsmi Bakı Ermənistanın Qarabağa göndərdiyi humanitar yardımın ölkəsinə girişinə icazə vermir. Bununla belə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulu da Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.
Qızıl Aypara Cəmiyyətinin rəsmisi Rusiyanın göndərdiyi yardımla birlikdə Azərbaycan tərəfinin də ərzaq yardımının Qarabağa keçib-keçməyəcəyi ilə bağlı sualı cavablandırmayıb və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...