Ceyhun Bayramovla israilli həmkarı hansı məsələləri müzakirə edib?

Ceyhun Bayramovla israilli həmkarı hansı məsələləri müzakirə edib?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Kohen arasında keçirilən görüş zamanı müzakirə olunan məsələlər açıqlanıb.

Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Azərbaycanla İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələrin mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb. Bu ilin yanvarında Bakıda keçirilən Xarici İşlər Nazirliklərimiz arasında illik Strateji Dialoqla yanaşı, İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsinin keçirilməsinin möhkəm dostluq və tərəfdaşlığımızın göstəricisi olduğunu bildirib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə Ceyhun Bayramov həmkarını bölgədə post-münaqişə dövründə ölkəmizin sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib. Həmçinin, nazir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla qeyd edib.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Daha sonra, Nazirlər mətbuat konfransında bəyanatla çıxış ediblər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
545 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...