Deputatlar Babək Səmidlinin səs yazısından danışdılar
Xəbər verdiyimiz kimi, şəhid polkovnik Babək Səmidlinin səs yazısı yayılıb. Səs yazısında B. Səmidli orduda olan yüksək vəzifəli şəxslər barədə ciddi ittihamlar səsləndirib.
GUNDEMİNFO.AZ APA-ya istinadən xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev məsələ ilə bağlı danışıb.
O bildirib ki, bu yaxınlarda Ordunun ikinci korpusunun rəhmətə getmiş korpus komandirinin müavini Babək Səmidlinin səs yazısı yayılıb:
“O öz səs yazısında deyirdi ki, müharibə dövründə bizim əsgərlərimizin 40 faizi qoruyucu gödəkçələrlə təmin olunmayıb. Sosial şəbəkələrdə bu xeyli vaxtıdır müzakirə mövzusudur. Əvvəla buna aydınlıq gətirilməlidir ki, bu Babək Səmədlinin öz səsidir, ya yox. Öz səsidirsə, buna aydınlıq gətirilməlidir ki, niyə bu belədir. Ona görə mən hesab edirəm ki, orduya ayrılan vəsait artırılmalıdır”.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə deyib ki, səsin yayılması orduya kölgə salmaq məqsədi daşıyır:
“Babək Səmidlinin səs yazısı iddiadır, yayılıb. Bu, Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib. Bu gün ordu quruculuğunda çox mühüm işlər görülür. Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmayan səs yazısına nə reaksiya verilməlidir? Ordunun təminatı, təchizatı göz qarşısındadır. Hesab edirəm ki, səsin yayılmasının məqsədi ordumuzun işinə kölgə salmaqdır”.
529 dəfə oxundu