“Regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsulları 5 dəfə bahadır” - MM komitə sədri
“Bu gün kənd təsərrüfatı məhsullarının qiymətləri artmaqdadır. İnhisarçılıq öz sözünü deyir”.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, Energetika və Ekologiya komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Tahir Rzayev deyib ki, regionlarla müqayisədə Bakıda kənd təsərrüfatı məhsullarının qiyməti 5 dəfə yuxarıdır: “Maliyyə orqanları bu sahədə fikirləşməlidir, çünki qiymətlərin bahalaşması həm sahibkarlara ziyandır, həm də insanların rifahını aşağı salır”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə qeyd edib ki, bir sıra yem məhsullarının qiyməti bahalaşıb: “Nə südün, nə ətin fermerdən alınan qiyməti isə artırılmayıb. Örüş yerlərini ya əkin yeri, ya da yaşayış yeri etdilər. Örüş yerlərinin uzaq olması da fermerlərin digər problemidir. İşğaldan azad edilmiş yerlərdə örüş yerləri olsa da, minalar problemi işləri yubadır. Hesab edirəm ki, fermerlərə verilən subsidiyaların məbləği artırılmalı, kredit çox aşağı faizlə, hətta faizsiz verilməlidir. Bununla da onlara dəstək olmaq lazımdır”.
737 dəfə oxundu