Azərbaycan dilini necə rəqəmsallaşdırmalı - Professor Saleh Məmmədov

Azərbaycan dilini necə rəqəmsallaşdırmalı -

Rəqəmsal Azərbaycan dili

Dilin milli psixologiyanın formalaşmasında rolu

Doğurdan da hər hansı bir millətin formalaşması onun dili əsasında baş verir. Bizim dil nə qədər qadağa və çətinliklərə məruz qalsa da özünə bir çıxış yolu tapmışdır və minilliklərdən bəri yazılı (19-cu əsrin sonlarına qədər) heç bir mənbənin olmamasına baxmayaraq şifahi yaşamışdır. Hətta Azərbaycan milləti üçün öz dilində danışma qadağalarına baxmayaraq öz dilini şifahi formada olsa belə qoruyub saxlamışdır. Bu isə millətin sabit mənəvi gücə malik olması faktını göstərir.
Ümumən dil milli birliyin, bütövləşmənin əsasıdır. Dil əlaqə ünsiyyət formasıdır və dil dostluq qurmaq vasitəsidir. Dil o qədər önəmli bir amildir ki, elmin, biliyin, informasiyanın açarıdır və ən əsası mədəniyyət, inkişaf mənbəyidir. Məsələn, əgər hansısa bir xarici ölkə ilə dostluq əlaqələrini möhkəmləndirmək istəyiriksə, bu zaman onun öz dili ilə əlaqə qurmaq daha effektiv nəticə əldə etməyə imkan verə bilər.
Azərbaycanda ictimaiyyətdə uzun müddət çoxdillilik müzakirə olunur. Beynəlxalq dil olan ingilis dilinə və bizim 200 ildən çox istifadə etdiyimiz rus dilinə ünsiyyət və təhsil dili statusu verilməsi 30 ilə yaxındır ki,ciddi müzakirə olunur. Çoxdilliliyin tətbiqini təkidlə təklif edənlərdən biri də mən olmuşam. Mən hər hansı yanaşmanı formalaşdırmaq üçün emosiyadan kənar yalnız son nəticəyə görə qərar verməyi üstün tuturam. Bu qərarı və fikiri əsaslandırmaq üçün bir neçə əvvəl yazmışdım. Həmin yazını olduğu kimi oxucuların diqqətinə çatdırıram.
Mənim yazılarımdan
“Azərbaycanda çoxdilliliyin zəruriliyi haqqında düşüncələr

Bu günlərdə övladlarını rus (və /və ya ingilis dili) bölmələrində oxutmaq istəyən valideyinlərə hücum səngimir. Əsas hücumçular isə 19-cu əsrin mollalarını və ya molla düşüncəlilərini əvəzləyən müasir mollalar və “qısır”, yəni bəhərsiz milliyyətçilərdir. Çox dərinə getmədən iki məqama toxunmaq istəyirəm. Birinci, bizim indiki keçdiyimiz yolu bir çox ölkələr keçmişdir və mütərəqqi yolu seçən xalqlar çox sürətlə inkişaf edib inkişaf etmiş ölkələr sırasına keçmişlər və ya keçmək üzrədirlər. Ən sürətlə bu məqsədə çatan ölkə - Sinqapur buna əyani misaldır (dünyanın 86 ölkəsi və dövlət səviyyəli strukturları ingilis dilini rəsmi dövlət və ya ünsiyyət dili kimi qəbul etmişdir, dünya ölkələrinin yarısından çoxu, xüsusilə inkişaf etmiş ölkələr çox dillidirlər). Bu məqsədlə mətnin sonunda Li Kuanın məhşur əsərindən parçaları diqqətinizə çatdırıram - bizim bu günümüzlə təsəvvür olunmaz dərəcədə oxşardı (Ли Куан Ю. Сингапурская история: из "третьего мира" - в "первый" (1965 - 2000), стр. 95-97).
Və ya rəsmən Sinqapur yolunu seçmiş Qazaxıstanı misal gətirmək olar: 1990-cı illərdə qazaxlar bu ölkənin əhalisinin cəmi 38%-ni təşkil edirdi, əhalinin yalnız 35%-i qazax dilində danışırdı. İndi Qazaxıstan rus və demək olar ki, ingilis dilini də rəsmi ünsiyyət dili elan etməklə Sovetin ən inkişaf etmiş ölkəsinə, təhsil və elm göstəricilərinə görə islam aləminin ən yüksəkdə duran dövlətinə çevrilmiş, əhalinin 80%-dən çoxu qazax dilində danışır, qazaxların payı isə əhalinin 70%-nə çatır. Qazax dili misli görünməmiş inkişaf səviyyəsinə qalxmışdır (Azərbaycan dili müqayisədə dəfələrlə yüksək). Əks mövqeyi seçən ölkələrin əksəriyyəti ya Azərbaycan kimi və ya daha pis duruma düşmüşdülər. İkinci məqam – Müasir “mollalar” anlamalıdır ki, bununla bu milləti təhsildən, elmdən və texnoloji inkişafdan xeyli geri çəkirlər. Bu xalqı bayağı təriflərlə, “dualarla” başlayan, “sağlıqlarla” bitən və müxtəlif şəkillərlə açılan ana dilindəki “informasiya mənbələri-kitablar” ümidinə qoymaq” kor və qapalı” müti, qul kimi bir nəsilin yetişməsindən başqa heç nə verə bilməz. Bunu istəyənlər ya özləri də bilmədən (bu özü də savadsızlığın nəticəsidir) və ya bilərəkdən ərəb islam işğalçı rejiminə və ya bu milləti cəhalət içərisində saxlamaq istəyində olan rejimlərə xidmət edir. Bu millət nə qədər ki, ərəb islam beyin işğalı altındadır, nə qədər ki, fikir və düşüncə azadlığına sahib olmayıb, nə qədər ki, kasad milli dil informasiya mənbələri ümidinə qalır, hər hansı mütərəqqi yönlü inkişafdan söhbət gedə bilməz. Müstəqillikdən 26 il keçməsinə baxmayaraq Azərbaycan (türk) dilinin zənginləşdirilməsi üzrə hər hansı təməl bir tədbir görülməmişdir, dil üzrə elmi tədqiqat işi Sovet dövrü ilə müqayisədə xeyli zəiflədilmiş, elektron əsrinin başlamasına baxmayaraq Rəqəmsal Azərbaycan dili yox dərəcəsindədir. Bu dilin özünün zənginləşdirilməsi başqa beynəlxalq dinlərin ciddi istifadəsindən keçir.
Bir dili istifadə edərkən o dilin daşıyıcılarına münasibətə uyğun hərəkət etmək özü cahillikdir. Ölkə və xalqın naminə iş görərkən istifadə etdiyin üsulların və ya təcrübənin sahibinə münasibəti deyil, nəticə etibarı ilə bu tədbirdən nə əldə edəcəyini nəzərə almalısan. Tale yüklü məsələlərdə cılız emosiyalardan kənar olmaq lazımdır, yalnız soyuq başla nəticəni ölçüb biçməlisən. Başqa yolla 1400 ildir olduğumuz yerdə də qalmaq təhlükəsi addım-addım bizi izləyəcəkdir. 25-30 il əvvəl irəli sürdüyüm dövlət dili olaraq Azərbaycan türkcəsinin istifadəsi ilə yanaşı ingilis və rus dillərinə rəsmi status verilməsi təklifinin üzərində israr edirəm və hesab edirəm ki, bu Azərbaycan xalqına ən çox fayda verən tədbirlərdən olacaq. Hələ Sovet dağılmamışdan əvvəl şəxsən iştirakımla yaradılan Xəzər universitetində tədris dilinin Azərbaycan türkcəsi ilə yanaşı (humanitar fənnlər) ingilis dili elan olunması, şəxsən iştirakımla yaradılan ADİU-dəki xüsusi qrupda (sonralar Sabah qruplarının bazasını təşkil etmişdir) tədris dilinin Azərbaycan türkcəsi ilə yanaşı ingilis, rus və hətta, Anadolu türkcəsi qəbul olunması buna real misaldır və nəticələr hər kəsə bəllidir. Bu gün heç kim deyə bilməz ki, Xəzər universitetində Azərbaycan dili saya salınmır. İngilis dilinin tədris dili və rəsmi ünsiyyət dili kimi istifadə olunması ən parlaq Sinqapur təcrübəsində isbat olunmuşdur. Amma bizim ölkədə rus dilinin istifadəsi daha çox mübahisə doğurur, hətta bir ara molla beyinli jurnalistlərdən biri rusca danışan körpənin beynini dağıtmaq kimi iddiaya düşmüşdür. Cahilliyin hansı mərhələsində yaşayırıq? İnsanların hüquqlarını nə qədər məhdudlaşdırmaq olar ki, insanın hansı dildə danışmasını da yuxarıdan əmrlə həll edəsən? Rus dilinə Azərbaycanda rəsmi status verilməsi arqumentləri:
1. Yarım milyarddan çox dünya əhalisi rus dilində danışır, Azərbaycan əhalisinin ən azı yarısı rus dilində danışa bilir. Deməli, əhalinin yarısının 500 milyonluq böyük bir bazara çıxış bazası var. Hər hansı bir başqa alətlə belə bir miqyaslı bazara çıxış etmək üçün bir müsəlman cəmiyyətinə yarım əsrdən çox vaxt lazımdır. Bu böyük potensialdır, bunu elə həmin dil üzərində xeyli artırmaq lazımdır. Və ya Azərbaycan dilində virtual dünyada rus dili qədər informasiya bazası yaratmaq üçün əsrlərlə vaxt lazımdır. Rus dilini itirmək dünya informasiya bazasına çıxışı itirmək deməkdir.
2. Bu gün Azərbaycan dilində dünya informasiya bazasına çıxış payı maksimum 5%-dir və getdikcə də nisbi olaraq məhdudlaşır, informasiya bazası daha sürətlə artır, nəinki, Azərbaycanca bu bazaya çıxış miqyası. Heç bir normal onlayn tədris proqramı (orta məktəb dil proqrmları, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat, ali məktəb proqramları), tərcümə proqramı, dilin özünün öyrənilməsi proqramı (kənarda yaşayan 40 milyon azərbaycanlı ümumiyyətlə elmi Azərbaycan dilinin nə olduğunu bilmir), beynəlxalq sosial şəbəkələrə və qlobal tədris proqramlarına birləşmiş normal əlifba (Apple, google, android və s) yoxdur, yaxın gələcəkdə olması da gözlənilmir. Bir valideyn olaraq bu mütərəqqi valideynləri başa düşməmək cahillikdir. Olduqca kasad Azərbaycan dilinin ümidinə qalaraq övladlarımı qlobal elektron dünya şəraitində hansı dərsliklərlə, hansı soft proqramlarla, hansı elektron dərsliklərlə yetişdirməlidir?
3. Rus dilinə etiraz edənlər əsasən qısır türk milliyyətçiləridir. Rusiyanın az qala yarısı türk qruplarına məxsusdur, həmçinin rus dilinin hegemon olduğu türk dövlətləri keçmiş SSRİ ərazilərində yaşayır. Azərbaycanlıların bu 4 dövlət və 15-dən çox müxtar qurumlarla rus dilindən başqa hər hansı bir ünsiyyət vasitəsi yoxdur. Bu nə cür milliyyətçilik oldu? Rus dilini sıradan çıxarmaqla nəyə nail olmaq istəyirlər, bütün bu qardaş türk xalqları ilə əlaqələri kəsməyəmi? 19-cu əsrdə “mollaların oxutmuram əl çəkin” şüarından belə milliyyətçilərin şüarı nə ilə fərqlənir? Bu adamlar ya ölkədən kənara çıxmayıb, dünyadan xəbəri yoxdur, ya da xüsusi qurumlara xidmət edirlər və milləti cahillik içərisində saxlamaq istəyirlər.
4. Rusiya böyük resurslara malik geniş torpaqlarda yerləşir, bu ərazilərin də əksəriyyətində ruslar türklərlə uzun müddət iç-içə yaşamışlar. Bu torpaqların mənimsənilməsində digər türk qrupları ilə yanaşı Azərbaycanlılar da iştirak etmişdir. Rusiyanın 77 milyarderindən 7-si Azərbaycan mənşəli şəxslərdi, bu şəxslərin cəmi var-dövləti bütün Azərbaycan Respublikasından xeyli çoxdur, büdcələri Azərbaycan büdcəsindən dəfələrlə çoxdur. Hər hansı Anadolu və ya Cənubi Azərbaycanlı Rusiyada biznes işi görərkən mütləq yanına bir Şimallı alır, bu da yenə də rus dilini bilmələri ilə əlaqədardır. Rusiya əhalisi rus milləti olaraq hər il bir milyon nəfər azalır. Rus dilini Azərbaycandan çıxartmaqla bu qədər böyük resursların mənimsənilməsindən Azərbaycanlıları məhrum etməkmi istəyirlər? Qətiyyən yol verilməzdir, tam əksinə geniş istifadə olunmalıdır.
5. Rus dili dünyanın və BMT-nın altı əsas dillərindən, həmçinin bütün digər beynəlxalq təşkilatların əsas dillərindən biridir, bizim insanların rus dili kimi digər dilləri mənimsəməsinə bizim astagəl sürətlə çox böyük müddət lazımdır. Rus dili böyük elm, təhsil, mədəniyyət dilidir. Daşıyıcılarına münasibətin necə olmasından asılı olmayaraq bu gün bu Azərbaycana hərtərəfli çox lazımdır. Ərəb islam işğalı ilə müqayisədə Rusiya bizim üçün elə də zərərli dövlət olmayıb, Azərbaycana müstəmləkəçiliklə bərabər elm, təhsil, dil, əlifba gətirən bir xalq olub. Bizə müasir dövrdə təbii dağıdıcı güclərin faydalı enerjiyə çevrilməsi zərurəti kimi həm də dağıdıcı siyasi güclərin də faydalı enerjiyə çevrilməsi və millətin mənafeyi üçün istifadə olunması üçün də bu lazımdır.
6. Rusiya Azərbaycan dilinin inkişafını məhdudlaşdırmaq istəsəydi, 200 il müstəmləkəçilik illərində edərdi, o vaxt bunun üçün daha münbit şəraitə malik idi. İndi müstəqillik şəraitində buna qətiyyən nə istəyi, nə də imkanı yoxdur. Azərbaycan dilində ilk təhsil və tədris aparan, ilk türk-azərbaycan dili dərsliyini tərtib edən, ilk Azərbaycan dili dərsliyini yazan (hətta müəllifi rus olmuşdur- Vətən dili, 1 hissə, 1882, tərtibçi-Aleksey Osipoviç Çernyayevski), ilk elmi tədqiqat institutlarını, çoxsaylı univeristetləri (BDU AXC vaxtı qurulub, amma onun əsas rəhbər heyəti ruslardan və rus dillilərdən ibarət olub) quran, Azərbaycanda savadsızlığı aradan qaldıran, ilk dilçilik institutunu, elm araşdırmaları və s həyata keçirən Rusiya olmuşdur (bunlar əsrlər boyu nə 35 milyonluq azərbaycanlı yaşayan İranda, nə 2 milyonluq Azərbaycanlı yaşayan Türkiyədə, nə İraqda və s. olmamışdı). Bu gün də 112 min kompakt Azərbaycanlı yaşayan Rusiyanın tərkibindəki Dağıstanda Azərbaycan dili dövlət dili kimi qəbul olunmuşdur, amma 35 milyonluq - İranda heç bir hüquqi statusa malik deyil. Haqqı itirmək olmaz, həm də boşuna qorxu yaratmaq olmaz.
7. Rusiya böyük gücə və təsirə malik ölkədir, tarixin arxivinə atılmasını düşünənlər böyük səhv edirlər. Yenə də böyük Li Kuana nəzər salaq, kommunizmin çöküşündən sonra Rusiya haaqında dediklərindən: “"Rusların böyük bir millət olaraq bitmiş olduğuna inanan hər kəs, mərkəzi planlaşdırma sistemi ilə ölkəyə vurulan ağır zərbəyə baxmayaraq, kosmosda və atom sahələrində çalışan alimləri, şahmat qrossmeysterlərini, yetişdirdiyi Olimpiya çempionlarını xatırlamaları lazımdır. Kommunist sistemdən fərqli olaraq, ruslar tarixin arxivinə atıla bilən xalq deyil". Təsadüfi deyildir ki, Li Kuan özü Rusiya səfərindən qayıtdıqdan sonra öz oğluna rus dili öyrətməyə başlamışdı.
Birdəfəlik olaraq bütün təhsil ocaqlarında humanitar dərslərin (dil, tarix, ədəbiyyat) milli dildə və digər dərslərin ingilis və rus dillərində aparılması ilə həm milli dili indikindən qat-qat yüksəklərə qaldırmaq olar, həm də digər iki dili ölkə boyu hər kəsin mənimsəməsinə şərait yaratmaq olar. Milli dilin inkişafı proqramı hazırlanmalı və ciddi tədbirlər həyata keçirilməlidir:
1. Milli dilin inkişafı və geniş miqyasda tətbiqi uzun müddətli proqramı hazırlanmalı və maliyyə mənbələri ilə təmin olunmalı;
2. Bütün təhsil ocaqlarında humanitar dərslərin Azərbaycan dilində aparılması;
3. Elektron Azərbaycan dilinin tərtibi və bütün başlıca şirkətlərlə (Google, Microsoft, Apple və s.) koordinasiyada tətbiqi;
4. Azərbaycan dilinin onlayn öyrədilməsi proqramının hazırlanması və büdcədən maliyyələşmə hesabına həm ölkədən kənar azərbaycanlılara və həm də digər istəklilərə Azərbaycan dilinin əsaslarını öyrətmək;
5. Sosial şəbəkələr və şirkətlərdə Azərbaycan əlifbasını əsas siyahada əks etdirmək üçün həmin şirkətlərlə müqavilə münasibətlərinə başlamaq, həmçinin müxtəlif Azərbaycan əlifbalarının (ərəb, kiril, latın) uyğunlaşdırılması -identifikasiyası proqramını hazırlamaq və onlayn istifadə üçün sosial şəbəkələrdə yerləşdirmək;
6. İngilis, rus və ya başqa dillərdə olan tədris proqramlarının, digər soft proqramların, dil öyrətmə proqramlarının müvafiq şirkətlərlə müqavilələr əsasında Azərbaycan dilinə tərcüməsinin təşkili və ya bu proqramlara Azərbaycan dilinin də daxil edilməsi;
7. Böyük informasiya bazalarının (Wikipediya, Ensiklopediya və.s) Azərbaycan dilinə tərcüməsi və müvafiq saytlarda yerləşdirilməsi (Sosial şəbəkələrdə fəaliyyət göstərən trolların işini bu istiqamətə yönəltmək olar);
8. Milli dilin zənginləşdirilməsi, xüsusilə də, qarşılıqlı anlaşma əsasında qardaş türk dilləri hesabına. İngilis və ya rus dilində bir sözü ifadə etmək üçün 5-6 sinonimdən istifadə olunur. Niyə, məsələn, yaxşı sözünə sinonim kimi iyi (türk), qowu(türkmən) və ya etmək, görmək sözünə sinonim olaraq yapmak (anadolu türkcəsi), jasay (qazaxca), qılmaq (özbək) və s. işlənməsin. Mənə elə gəlir ki, bu minvalla milli dilin söz ehtiyyatını iki dəfə artırmaq olar ki, bu həm də ortaq türk dilinə yaxınlaşmanı asanlaşdırardı.
Milli dili bu yolla inkişaf etdirmək, yaymaq, genişləndirmək və doğrudan da milli qürur obyektinə çevirmək olardı.”



Rəqəmsal Azərbaycan dili: nədir və nə üçün lazımdır?

Rəqəmsal dil virtual dünyanın münasibət vasitəsi olmaqla yanaşı iş alətidir, biznes vasitəsidir. Bir anlığa təsəvvür edək ki, kompüter, planşet və ya telefonda dilimizdə heç nə yoxdur, nə ilə yazacağıq, nə ilə əlaqə quracağıq? Klassik dil klassik dünyada hansı funksiyaları yerinə yetirsə, rəqəmsal dil də virtual dünyada eyni funksiyanı yerinə yetirir.

Klassik Azərbaycan dili ↔Rəqəmsal dil.

Əcəba, klassik Azərbaycan dili Rəqəmsal Azərbaycan dili ilə ziddiyyətmi təşkil edir? Dilin bu formaları ciddi fərqlərəmi malikdir? Qətiyyən yox, bu sadəcə virtual dünyanın yeni elementləri ilə zənginləşdirilir. Virtual dünyada fəaliyyət yalnız klassik dillə sadəcə mümkün deyil. Əgər virtual dünyada klassik dildən istifadə etsək, bu zaman heç bir iş faliyyətimizi həyata keçirə bilməyəcəyik.


Klassik Şifahi dildən – yazılı dilə: bir utancverici hadisə barəsində

1881 ilin yanvar ayının 26-da Qafqaz canişininin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların dərslərini ilk tədris ilində öz ana dillərində almalı idilər və ayrıca Azərbaycan dili qrupu yaradılmalı idi. Lakin Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı. Bu səbəbdən, dərsliyin tezliklə tərtib edilməsi artıq dövlət əhəmiyyətli işə çevrilərək həmin illərdə (1879-1893) Qori seminariyasının Azərbaycan şöbəsinin ilk inspektoru olmuş Aleksey Osipoviç Çernyayevskiyə həvalə olunur. Çernyayevskidən başqa hər hansı bir Azərbaycanlı bu çox təhlükəli işin altına girmir. Həm ana dilində tədrisin təşkili, həm də dərsin ana dilində keçilməsi mollalar tərəfindən islama qarşı ciddi üsyan sayıldığından hətta bu işi öhdəsinə götürənlər ölümlə hədələnir, qorxudulurdular. Bu hədə və qorxuya qarşı yalnız A.O.Çernyayevski gedə bildi.
1882-ci ildə A.O.Çernyayevskinin topladığı material əsasında Vətən dili adlanan dərsliyin birinci hissəsi (Vətən dili, I hissə) işıq üzü görmüşdür. İkinci-üçüncü sinif şagirdləri üçün nəzərdə tutulan "Vətən dili" dərsliyinin II hissəsi (Vətən dili, II hissə) 1888-ci ildə A.O.Çernyayevskinin və Səfərəli bəy Vəlibəyovun tərtibində işıq üzü görür.
Mənim bu yazılarım cənublu alimlərin də müzakirəsinə səbəb olmuşdur.Bu müzakirələrə cavab olaraq nəşr etdirdiyim məqaləni diqqətinizə çatdırmaq istəyirəm.

Mənim yazılarımdan:

“ "Təəssüflər olsun ki, Azərbaycanda bu gün də zəif düşüncəli abdal insanlar az deyil"
Mənim dünya azərbaycanlılarının universitetləri və Azərbaycan dilinin dünya miqyasında işlənməsi mövzusunda ANT TV də çıxışımı (link şərh bölümündədir) dinləyən bir neçə Cənublu alimlər bəyəndiklərini bildirərək eyni zamanda 19-20-ci əsrlərdə yaşayıb yaradan məşhur Azərbaycan maarifçisi, Təbrizli Mirzə Həsən Ruşdiyyə haqqında xatırlamalarını diqqətə çatdırmışlar. Mən bu çıxışımda qeyd etmişdim ki, Müstəqil Azərbaycandan kənarda Azərbaycan dili haqqında hər hansı elmi tədqiqat işinə, hətta məqaləyə də rast gəlmədim.
Təbrizli Mirzə Həsən doğrudan da böyük şəxsiyyət olmuş, Fars dilində təhsilin əsasını qoymuş, İrəvan quberniyasında və eyni zamanda Cənubi Azərbaycanda və Osmanlıda da bir neçə məktəblər yaratmışdır. Bu məktəblər əsasən səslə (əlifba ilə deyil) öyrədən məktəblər idi. 1894-cü ildə yazdığı Vətən dili dərsliyi də 1882-cü ildə böyük Azərbaycan maarifçisi A. Çernyayevskinin yazdığı ilk Vətən dili dərsliyinin əsasında tərtib olunmuşdur. Məsələ burasındadır ki, həm Cənubda, həm də Şimalda ana dilində tədris mollaların kəskin etirazına səbəb olurdu, hətta bu maarifçilik fəaliyyətinə görə belə maarifçi insanlar islamçılar tərəfindən ölümlə üz-üzə qalmışdılar. Amma Şimalda Çar dövlətindən ciddi dəstək və müdafiə olduğuna görə islamçı terroristlərlə mübarizə bir qədər asan idi, Cənubda və Fars bölgələrində xeyli çətin idi.
Təəssüflər olsun ki, Azərbaycanda bu gün də belə zəif düşüncəli, beyinsiz o dövrün mollaları tipli abdal insanlar az deyil: kimisi rus dilində təhsilə qarşı çıxır, kimisi ingilis dilində. Belə cəhdlər millətin haqq hüquqlarını məhdudlaşdırmağa, oxuma və yazma üzərində də bir inhisar yaratmağa, bizim kasad, zəif, heç kimə lazım olmayan bayağı yazılarımızdan başqa hər bir informasiya axınına, elm və texnologiyalara çıxışı məhdudlaşdırmaqdan və bununla da elm və təhsilin qarşısını almağa cəhddən başqa bir şey deyildi. Hər halda hər iki insanın zəngin irsi, tarixi və rolu geniş araşdırılmalıdır, dünyada və ölkədə rəqəmsal Azərbaycan dili yaradılmalı, dilimizdə istifadə olunan bütün əlifbaların konvertasiya proqramı işlənməli və bütün şəbəkələrdə yerləşdirilməlidir. Klassik dilimizin dərsliyi başqa millətlərin nümayəndəsi tərəfindən yazılması böyük üzqaralığıdı, heç olmasa rəqəmsal Azərbaycan dili dərsliyinin müəllifi Azərbaycanlı alimlər olmalıdır. 50 milyonluq bir millətin dərsliyi Google-nin ümidinə buraxılmamalıdır.”

//az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_R%C3%BC%C5%9Fdiyy%C9%99?fbclid=IwAR2_YnqCq2naSrYAJE9iVNjCDwN2WJZolbg-DLp9ufaZfBriZ6cP1-z5LHc

Dilimiz ilk dəfə şifahilikdən çıxdı və yazılı elmi dilə çevrildi. Bunu edən Rus millətinin nümayəndəsi olub. Tarixə ilk Azərbaycan Dili dərsliyinin müəllifi kimi qeyri-azərbaycanlı düşdü. Xatirəsi əziz olsun, mənim üçün Azərbaycanın ən qüdrətli alimi kimi əzizdir.

Tarix təkrarlanır: İlk klassik Azərbaycan dili dərsliyinin müəllifi rus, Rəqəmsal –amerikalıdır.

O zamana bir az bəraət vermək olardı, çünki din, mollalar ciddi təsirə malik idi. Az qalmışdı ki, Azərbaycan gənclərini öz dillərində oxumağa dəvət etdiyinə görə ilk Azərbaycan dili dərsliyinin müəllifini, Azərbaycan dilini şifahilikdən çıxarıb rəsmiyyətə, elmi macəraya gətirən rus Əhməd ləqəbli A. O. Çernyayevskini öldürsünlər (Dəli Kür filminə yəqin ki, hamı baxıb).

Dəli Kür əsəri haqqında
Dəli Kür- böyük Azərbaycan yazıçısı İsmayıl Şıxlının (şəxsi dostum olan böyük insanla bu mövzuda xeyli müzakirələrimiz olmuşdu) geniş oxucu kütləsinin rəğbətini qazanmış və XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərin, hər iki istismara qarşı (həm ərəb-fars müsəlman, həm də rus-kommunist işğalı və istismarına qarşı) zəifləmiş Azərbaycan xalqının gərgin mübarizəsini göstərən tarixi bir əsərdir. Əsər 1957-1967-ci illər ərəfəsində yazılmışdır, dərc olunandan iki il sonra - 1969-cu ildə bu əsər əsasında Dəli Kür filmi çəkilib. Əsərdə o dövrdə hər iki istismarı yüksək səviyyədə hər iki istismar və işğal müqayisəli şəkildə müzakirə olunmuş və təqribi proqnozlar da verilmişdir. Bunun nəticəsi olaraq tezliklə Rusiya işğalının sona verə biləcəyi (çünki, təhsilə, dilin formalaşmasına, ana dilində təhsilin təşkilinə, milli ziyalıların yetişdirilməsinə imkan yaradılması səbəbindən) ehtimalı irəli sürülərək, islam-ərəb-fars işğalının hələ bu xalqın inkişafına çox mane olacağı proqnozlaşdırılırdı. 60 il əvvəlin düşüncələri bu gün doğrulmaqdadır. Şox müəmmalı paradoksları müəllif elə gözəl oxucuya çatdırır ki, sadə formada prosesi qavramaq olmur: xalqlar öz dilində təhsil, danışıq uğurunda həyatlarını qurban verməyə hazır olduqları halda, müstəmləkəçi dövlət özü məcburən sənin dilini elmiləşdirmək, iş dili etməyə məcbur edir, molla-ruhani qalıqlarının timsalında əksəriyyət xalq buna qarşı çıxır. Dünya tarixində görünməmiş hadisələr ki, müəllif çox həssaslıq və məntiqlə qələmə almışdır. Məhz bu hadisədən sonra Azərbaycana azadlıq bəxş edən əsas ziyalı dəstəsi bu milli məktəblərdə formalaşmış və böyük işlər görmüşdür.
Təəssüflər olsun ki, bu gün ana dilimizi klassiklikdən rəqəmsallığa daşıyan müəlliflər 130-140 il sonra yenə də qeyri-azərbaycanlıdılardır. Ölkədə neçə - neçə elmi tədqiqat institutu, universitet kafedraları, professorlar, doktorlar fəaliyyət göstərir, amma Rəqəmsal Azərbaycan dili dərsliyini yazanlar indi də, qeyri-azərbaycanlıdır – bu dəfə amerikanlılardır, yəni, Google şirkətidir. O vaxt əlehinə çıxanlar yalnız mollalar idi, amma indi hamısı qarışıb bir-birinə...
“İnsanlığın yaranış, yaşayış və gəlişməsində, dünənində, bu günündə Türk insanı çox önəmli rol oynamışdır. Nə yazıq ki, Türkün tarixi gərəyincə öyrənilmədiyi üçün onun dilinin tarixi də gərəyincə öyrənilməmiş, başqa-başqa yerlərdə Türk dilinə hər ötən kəs istədiyi bir adı vermişdir.” Bu kəlamlar böyük türkçü, Azərbaycanın milli hərəkatın liderlərindən biri, Ə. Elçibəyə məxsusdur.


Azərbaycan dilinin rəqəmsallaşdırılması zəruriyyəti

Dil və əlifba bir millətin tam mənada bəşəriyyətdə özünəməxsus yer tutması və özünü isbatlaması üçün çox vacibdir. Millətin tarixi boyu dilinin fəaliyyət göstərməsi və şifahi də olsa, digər dillər və xüsusilə türk dilləri içərisində öz mahiyyətini qoruyub saxlaması bu millətin gücünə dəlalət edir. Digər tərəfdən bütün xalq tərəfindən Azərbaycan dilinin öyrənilməsinə və tədqiqatına tarixi laqeydlik dilin və əlifbanın təsir dərəcəsinin millətin inkişafına zəruri səmərəlilik həddində olmadığını göstərir.
Bu tarixi laqeydlik müstəqillik, tərəqqi və yüksək inkişaf ruhuna ciddi zərbə endirməklə bərabər ağır və bərpası mümkün olmayan neqativ hallara gətirib çıxarmışdır: 50 milyonluq böyük bir xalqın 80%-i öz ana dilində tam yazıb yaratmaq hüququna malik deyil. Müasir şəraitdə bizim millətdən başqa dünyada heç bir xalqa ana dilində yazıb yaratmaq hüququ qadağan edilməmişdir. Azərbaycan kimi böyük bir xalqın 80%-nin elmi yazılı dili yoxdur və təbii ki, şifahi dildən istifadə etmək məcburiyyətindədirlər. İlk elmi Azərbaycan dilinin tədqiqinin müəllifi də bu millətin nümayəndəsi deyil.
İlk Azərbaycan dilinin istifadəsi və ilk dərsliyin müəllifi böyük maarifçi, dahi insan, rus millətinin nümayəndəsi Aleksandr Osipoviç Çernyayevskidir və nə qədər parodoksal və acınacaqlı görünsə də, bu böyük insan dərsliyin yazılmasına və istifadəsinə bu xalqın əksəriyyəti ilə gərgin mübarizə şəraitində nail olmuşdur. Min illərlə islam ərəb-fars əsarəti altında inləyən rejimin molla nümayəndələri elmi həyatda ərəb dili və əlifbasından başqa hər hansı dil və əlifbadan istifadə olunmasına qəti etiraz edirdilər. Amma buna baxmayaraq bu böyük insan hətta həyatını riskə ataraq sonralar millətin işığına çevrilən gənclərdən ibarət qrup formalaşdırmağa nail olmuş, Azərbaycan dilində ilk tədrisi təşkil etmiş və ilk Azərbaycan dili dərsliyini (Vətən dili) yazmışdır. Məhz bu dərslik əsasında hazırlanan alimlər sonralar ölkənin ən aparıcı qüvvəsinə çevrildilər və real Azərbaycan dili türk dilləri içərisində ən güclü, elmi cəhətdən əsaslandırılmış dil qrupuna çevrildi. Təəssüf ki, bu gün də tarix təkrarlanır, eyni neqativ proseslər 140 il sonra indi də bir az daha mədəni formada davam edir. Əgər o vaxt əsas problem real Aərbaycan dili ilə əlaqədar idisə, bu gün eyni geriləmə neqativ - rəqəmsal Azərbaycan dili üzrə təzahür edir. 20 ildir ki, dünya virtuallaşır, rəqəmsallaşır, virtual dünyada fiziki sərhədlər aradan qalxır, dil və əlifba sahəsində bütöv 50 milyonun mənəvi bütövləşməsinə, dilin, əlifbanın, xəbərləşmənin eyniləşməsinə, onun təsirinin zəruri səviyyəyə qaldırılmasına heç kim mane ola bilməz. Amma təəssüflər olsun ki, bu gün "Rəqəmsal Aərbaycan dili" yaradılmayıb, istifadə oluna bilmir. İndi də bu işlə xarici şirkətlər və ya başqa millətin nümayəndələri məşğul olur (məsələn Google). Halbuki, əvvəl tərkibində olduğumuz keçmiş SSRİ-nin əksəriyyət xalqları, o cümlədən, Rusiya tam rəqəmsal dillərini yaratmışdılar.
“Rəqəmsal Azərbaycan dili” çox geniş tədqiqat tələb edir: əlifbalar (bu gün də dünya Azərbaycanlıları üç əlifba istifadə edirlər), qrammatika, orfoqrafiya, yazılış qaydaları, bütün dünya dillərinə tərcümə proqramları, imla, inşa, oxuma, tələffüz və s, bütün bunlar kodlaşdırılmalıdır, rəqəmsallaşdırılmalıdır, proqramlaşdırılmalıdır. Azərbaycan Respublikasının başqa problemlərindən fərqli bu problem bütün dünya Azərbaycanlılarının problemidir, bununla hər kəs məşğul olmalıdır, hər kəs iştirak etməlidir. Rəqəmsal Azərbaycan dilinin yaradılması millətin mənəvi bütövləşməsinin, bütöv suverinitetinin, sürətli inkişafının, elmi-texniki tərəqqiyə qovuşmasının ən vacib ilkin şərtidir.
Bu gün Azərbaycan dilinin özümüz tərəfindən formalaşması olduqca vacibdir. Belə ki, “Google” şirkətinin vasitəsi ilə xeyli yeniliklər gətirilsə də, bundan daha artığı günümüzdə tələb edilir. Dil elə bir faktordur ki, onun inkişafının öz daşıyıcıları tərəfindən təmini daha vacibdir. Ümumən Rəqəmsal Azərbaycan dilinin strukturunu təşkil edən bir sıra modullar bunlardır:
Əlifba
Klaviatura
Ağıllı yazılış
İmla – danışığın mətnə çevrilməsi
Oxuma (Speaking)
Səs tanıma
Redaksiya
Sinonim və antonim sözlərin müəyyən olunması
Distant yazılış
Rəqəmsal Azərbaycan dili dərsliyi
Tərcümə
Search – axtarış sisteminin mükəmməl təşkili


Rəqəmsal əlifba

Yazılı elmi Azərbaycan dili formalaşandan indiyə kimi üç əlifbada istifadə etmişik.
Ərəb əlifbası – Ərəb işğalı ilə gətirilən bu əlifba ADR qurulana qədər davam etmişdir. Ümumən ərəb əlifbası özündə 28 hərf birləşdirməklə, hərflərinin yalnız samit səsləri bildirməsi ilə seçilən bir əlifbadır. Sait səslər isə “hərəkə” adlanan xüsusi işarələrlə ifadə olunmaqdadır.

Hər dilin özünə məxsusluğu yazılışı, ifadə tərzi və digər xüsusiyyətləridir. Bu səbəblə də, digər dillərdə olduğu kimi ərəb əlifbası hərflərinin özünəxas yazılışı, adı və tələffüzü vardır.
Lakin öyrənmək o qədər də asan deyildir. Ərəb dilində oxumağı və yazmağı öyrənənlər ərəb hərflərinin düzgün yazılışına və tələffüzünə xüsusi diqqət yetirməlidir. Çünki, bəzən bir birləşmə bir neçə söz kimi anlaşıla bilər. Ərəb hərfləri bizim hərflərdən fərqli olaraq sağdan-sola yazılır və oxunur. Ərəb hərflərində böyük və kiçik hərflər yoxdur. Sözlər hərflərin birləşməsi ilə əmələ gəlir və ərəb hərfləri birləşərkən onun birləşən forması sərbəst formasından bir qədər fərqlənir. Buna görə də hərfləri öyrəndiyimiz zaman hərfin həm sərbəst, həmdə birləşən formasını yaxşı bilməliyik.
Bu dilin müxtəliflikləri çoxdur. Ən birinicisi isə bəzən eyni samitlər 2, 3 və hətta 4 müxtəlif şəkildə yazılması ilə əlaqədardır.
M.F.Axundzadənin zamanında yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrlər isə təbii ki, Azərbaycan dili üçün önəmlidir. O, ərəb əlifbasını asanlaşdıran bir sıra təkliflər irəli sürmüşdür. Birinci əlifba layihəsində ərəb əlifbasının yazı formasını olduğu kimi saxlamağı söyləmiş, fəqət tələffüz edilən, lakin yazılmayan saitlər üçün işarələr düzəldərək hərflərlə birlikdə yazılması təklifini irəli sürüb. Bildirib ki, bütün nöqtələr atılmalıdır. Bu zaman öyrənmə və qavrama sürətlənmiş olar. İkinci mərhələdə isə daha geniş islahatları özünə və dilə hədəf seçmişdir. O, ərəb əlifbasından nöqtələrin atılmasını, sözlərdə bütün saitlərin yazılmasını, hərflərin ayrılıqda yazılmasını təklif edirdi. Üçüncü mərhələdə isə o dövr üçün
inqilabi bir ideya irəli sürərək ərəb əlifbasından imtina etməyi təklif edir. Hələ 1857-ci ildə M.F.Axundzadə rus və latın qrafikası əsasında yaratdığı yeni əlifbanı türk xalqlarının, eləcə də azərbaycanlıların səs sisteminə uyğunlaşdırır. Beləliklə, bütün saitlər əlifba sırasına daxil edilirdi və soldan sağa yazılmış olurdu. Bu qayda ilə bir çox Avropa xalqlarına xas olan sürətli oxumaq və yazmaq prosesi həyata keçirdi.

Latın əlifbası: Bir neçə forması və ya klaviaturası var. ADR variantı, 1922-ci il variantı, 1927-ci il birləşmiş türk əlifbası variantı və yeni 1992-ci il variantı. Klaviaturada ciddi dəyişiklik var. İlk kiril əlifbası klaviaturasından istifadə olundu, 2000-ci illərin əvvəllərində unikod, yəni latın əlifbasının klaviuaturası, indi bərabər olaraq Androidin öz klaviaturası istifadə olunur.
Azərbaycanda Latın qrafikalı əlifbanın uzun və keçməkeçli bir tarixi var. Bu əlifbaya keçid yalnız 1920-ci ildən sonra mümkün olub. Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı üzrə komissiyanın 11 noyabr 1920-ci ildə yaradılması ilə əsas işlər başlayır. Amma hər şey planlandığı kimi getmir. Bu komissiyanın işi özünü doğrultmadığı üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalı oğlunun başçılığı ilə 1922-ci ildə “Yeni türk əlifbası” komitəsi yaradıldı. Beləliklə bu komitə hökumətə latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbanın layihəsini təqdim edir.
Daha sonra isə 1926-cı ildə Bakıda Birinci Ümumittifaq Türkoloji Qurultayı keçirilir. Bu qurultayın verdiyi tövsiyələr Azərbaycanda tamamilə latın qrafikalı əlifbaya keçid işində müstəsna rol oynayır.
Latın qrafikası ilə nəşrin tarixi isə 23 iyul 1928-ci ilə, 169 (1184) nömrəli “Yeni yol” qəzetində Azərbaycanda yeni əlifbanın 6 illiyi münasibətilə dərc edilmiş məqaləsinə dayanır. Burada ərəb əlifbasından latın qrafikasına keçidin rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək “Şərqdə böyük inqilab” adlandırıldığı qeyd edilir.

1928-ci ildə AK(b)P və XMK “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” qərar qəbul etməsi isə bir digər məsələlərdəndir. Qərarda belə qeyd olunur ki, 1929-cu il yanvarın 1-dən bütün müəssisələr, nəşriyyatlar, mətbəələr tamamilə yeni əlifbaya keçməlidir. Bu zəruri haldır. Beləliklə, həmin tarixdən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifbaya keçid baş tutur. Latın qrafikalı əlifba Azərbaycan dili ilə tamamilə ahəngləşdirilmişdi. Səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşdirilməsinə imkan açaraq qısa bir müddət ərzində Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı.

Cədvəl 6.3.1. Azərbaycan latın əlifbasının çeşidli variantları.

Bundan təxminən 10 il sonra Azərbaycanın latın qrafikalı əlifbası yenidən dəyişikliyə məruz qalır. Bu zaman isə mərkəzi hökumətin göstərişi ilə Azərbaycan SSR Ali Sovetinin 11 iyul 1939-cu il tarixində qəbul etdiyi “Azərbaycan yazısını latın əlifbasından rus əlifbasına keçirmək haqqında” Qanuna əsasən 1940-cı ilin yanvarın 1-dən başlayaraq Azərbaycan yazısı latın əlifbasından rus əlifbasına keçirilir. Lakin bu əlifbada da islahatlar baş verir . 1858-ci ildə rus əlifbası üzərində bir neçə dəfə islahat aparılıb, (y) hərfi (j) hərfi ilə əvəz olunub, Azərbaycan dili üçün səciyyəvi olmayan э, ю, я hərfləri əlifbadan çıxarılmışdır.
Lakin bu hallar çox çəkmir. Latın qrafikalı əlifbaya keçid təşəbbüsü 1990-cı ildən yenidən irəli sürülməyə başlanılır. Bu əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk mütəxəssis akademikimiz isə Afad Qurbanov olur. Onun sədrliyi ilə bir sıra işlər görülür. 1 avqust 1990-cı il tarixdə yaradılan Azərbaycan Əlifba Komissiyası tərəfindən tərtib olunan yeni əlifba layihəsi yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra qəbul edilir.
“Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” qanun 1991-ci il dekabrın 25-də təsdiq edildi. 1992-ci il sentyabrın 1-dən artıq təhsil ocaqlarında I sinifə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar. Azərbaycanda yeni əlifbaya keçid sürətli olmadı. Bu proses tədricən həyata keçirildi.
O vaxtın ölkə prezidenti Heydər Əliyevin “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanı ilə 1 avqust 2001-ci il tarixdən Azərbaycanda yeni Latın qrafikalı əlifbaya keçid başa çatdırıldı. Daha sonra “Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmanı ilə 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildi.
Kiril əlifbası – elmi yazı dili və Azərbaycanda ən çox istifadə olunan əlifbadır. Azərbaycan elmi əsasən bu əlifbada formalaşıb.
Hələ 1930-cu illərin başlanğıcında Sovetlər ölkəsində artıq iki əlifba standart halına gətirilmişdi ki, bunlardan biri Kiril, digəri isə Latın qrafikası idi. Gürcülər və ermənilər istisna təşkil edir və onların qədim yazısına toxunulmamışdı.
1930-cu illərdə o vaxtadək Latın əlifbasından istifadə edən dillərin, o cümlədən Azərbaycan dilinin Kiril əlifbasına keçirilməsi barədə qərar qəbul edilmişdi. Bu qərar ilk növbədə rus dilinə istinad edirdi. Yəni ortaq dil olaraq qəbul edilməsi məqsədi ilə bağlı idi.
Nə etməli: əlifbaların hər üçünün və klaviaturaların hamısının konvertasiya sistemi yaradılmalı və bütün beynəlxalq portallara yüklənməlidir. Virtual resurslardan həm bizim ölkəmizin, həm Avropa, həm İran, İraq, Türkiyə azərbaycanlıları istifadə edə bilməlidir. Azərbaycan əlifbalarının konvertasiyası müasir informasiya texnologiyaları şəraitində çox sadə və asan prosesdir. Prosesin kodlaşdırma bir neçə gün vaxt tələb edən işdir, amma edilməməsinin zərəri çox böyükdür. Belə kodlaşdırma sisteminin olmaması ölkənin üç müvafiq dövrü əhatə edən tarixini, hazırkı müxtəlif əlifbalardan istifadə edən və müxtəlif ölkələrdə yaşayan əhalini bir-birindən ayrı salmışdır. Hətta yalnız sadə insanlar deyil, alimlər, mütəxəssislər də müxtəlif əlifba ilə təqdim olunan materialları eyni tərzdə istifadə edə bilmirlər.


Cədvəl 6.3.2. Azərbaycan dilində əlifba dəyişikləri və qarşılıqları
Ərəb
Cənubi Azərbaycan Latın
(1929–1939)
Şimali Azərbaycanda Kiril
(1939–1991)
Şimali Azərbaycanda Latın
(1992-h.h.)
Şimali Azərbaycanda
ا,آ A a А а A a
ﺏ B b Б б B b
ﺝ C c Ҹ ҹ C c
چ Ç ç Ч ч Ç ç
ﺩ D d Д д D d
ائ،ئ E e Е е E e
ﻉ ,(کسره) Ə ə Ә ә Ə ə
ﻑ F f Ф ф F f
گ G g Ҝ ҝ G g
ﻍ Ƣ ƣ Ғ ғ Ğ ğ
ﺡ,ﻩ H h Һ һ H h
ﺥ X x Х х X x
ی Ь ь Ы ы I ı
ی I i И и İ i
ژ Ƶ ƶ Ж ж J j
ﻙ K k К к K k
ﻕ Q q Г г Q q
ﻝ L l Л л L l
ﻡ M m М м M m
ﻥ N n Н н N n
ﻭ O o О о O o
ﻭ Ɵ ɵ Ө ө Ö ö
پ P p П п P p
ﺭ R r Р р R r
ﺙ,ﺱ,ﺹ S s С с S s
ﺵ Ş ş Ш ш Ş ş
ﺕ,ﻁ T t Т т T t
ﻭ U u У у U u
ﻭ Y y Ү ү Ü ü
ﻭ V v В в V v
ی J j Ј ј Y y
ﺫ,ﺯ,ﺽ,ﻅ Z z З з Z z
Mənbə: https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_dili#%C6%8Flifbas%C4%B1


Klaviatura

Əlifbanın müxtəlifliyi, təbii ki, klaviaturanın da müxtəlif variantlarından istifadə olunmasını tələb edir. Üç istifadə olunan əlifbanın da özünəməxsus elektron klaviuaturaları vardır, hətta bəzi hallarda, mütəxəssislərin naşılığı üzündən bir əlifbaya bir neçə klaviuatura formasından istifadə olunmuşdur. Bu da mətnlərin əlifbasının konvertasiyası zamanı müvafiq problemlər ortaya çıxır. Məsələn, kiril-latın klaviaturasında latın əlifbasında yazılan mətni unikod latına çevirmək olduqca ciddi problem yaradır. Buna görə əlifbaların konvertasiyası zamanı kodlaşdırma prosesində eyni qayda ilə klaviaturaların da konvertasiyası mütləq nəzərə alınmalıdır.
Beləliklə, hazırkı vaxta qədər istifadə olunan klaviatura tipləri aşağıdakılardan ibarət olmuşdur və bunlar Azərbaycan dilinin rəqəmsallaşdırılması zamanı nəzərə alınmalıdır:
Unikod – Latın klaviaturası
Kiril –latın klaviaturası
Kiril – kiril klaviaturası
Ərəb klaviaturası
Fars klaviaturası
Klaviatura sisteminin qurulmasının ən yaxşı üsulu hazırkı dövrdə Androidin əlavə hərflərsiz klaviaturasıdır. Bu zaman hər hansı əlavə hərflərə ehtiyac yaranmayacaq, latın (ingilis) əlifbası ilə eyni formada olması yaxşıdır. Azərbaycan dilində bunun istifadəsi üçün ya Google-nin kod sistemini kirayələmək və “ə” hərfini də klaviaturada ləğv etmək, ü, ö, ı və ş hərflərin yazılış sistemi kimi kodlaşdırmaq lazımdır. Androidin mobil əlavəsində istifadə olunan Azərbaycan dili klaviuaturası ingilis variantı ilə eynidir. Yalnız “Ww” hərfinin yerinə “Əə” hərfləri qoyulmuşdur. Yeni klaviaturada “Əə” hərfi daxil bütün əlavə hərflər yalnız süni intelekt vasitəsilə tənzimlənir və eyni hərflər daha güclü taq edilməklə yazıla bilir.
Bunun üçün bütün sistem süni intellekt əsasında qurulmalıdır. Dilin bütün qrammatikası, orfoqrafiyası, sinonimləri və ya sıfırdan yeni proqram qurulmalıdır. Bu zaman klaviaturada heç bir əlavə hərf olmayacaq, bu yazılışı süni intellekt tənzimləyir.

Yazılış

Yazılış modulu təhsil, elm, iş prosesi üçün çox vacibdir.
Təəssüf ki, Azərbaycan üzrə proses də rəqəmsallaşmadan çox uzaqdır.
Köhnə üsulla hərfləri bir-bir yazıb, sonra da yoxlamalısan. Bu həm böyük səhvlərə, həm də vaxt itkisinə səbəb olur.
Belə olduğu halda mən bir elmi əsər yazan vaxtı Azərbaycan dilində 3 dəfə çox vaxt sərf edirəm. Mən A hərfi yazanda maşın mənə bir neçə alternativ təklif edir. Azərbaycan, azadlıq, Astara...., mən dərhal Azərbaycan üzrə klikləyirəm və 10 hərf əvəzinə cəmi iki dəfə klikləməklə davam edirəm. Standart cümlələri tam təklif edir, bəzən hallarda 50 işarə əvəzinə 3-4 dəfə klikləmə olur, bununla iş bitir (sanki, Çin eroqlifləri ilə yazan kimi).
Bura həmçinin sinonim və antonim sözlər modulu da əlavə olmalıdır.
Nə etməli: Bu sistem də Android hazırlayıb, mobil əlavələrdə tətbiq edir. Ya kirayələmək və ya xüsusi modul (proqram) hazırlamaq lazımdır. Bu da süni intellekt əsasında olacaqdır.

İmla


Müəllim olaraq mən hər gün heç olmasa bir-iki mühazirə oxuyuram. Bunlar qalır və istifadə olunmur. Amma bunları mətnə çevirib istifadə etmək olar və ya mənə oturub düşündüklərimi hamısını yazıya çevirmək üçün xeyli vaxt lazımdır. Yazmaq əvəzinə siz bunu maşına imla deyirsiniz və maşın bunu mətnə çevirib, redaksiya edir. Bu proqramlar əksər dillərdə var, Azərbaycan dilində də Anroiddə var, amma heç bizi başa düşmür. Mənə elə gəlir ki, bu proqramı dil daşıyıcıları yazsa idi, rahat başa düşülərdi.
Nə etməli: Təbii ki, yenə də ya Androidin bu proqramı yenidən işlənməlidir və ya sıfırdan başlayaraq yeni proqram işlənməlidir.

Səstanıma

Səstanıma olduqca vacib amildir və bu da rəqəmsal dil elminin predmetidir. Bu həm tədris, yoxlama, test üçün, həm də biznes fəaliyyətində, hərbi döyüşlərdə, nəqliyyatda istifadə olunur. Amma kodlaşdırma prosesi çox ağır və mürəkkəbdir. Əksər dillərdə var. Təhsil, bank sistemi, tərcümə proqramları bunsuz keçinə bilməz. Bu həm də yeni kəşf olunan süni intellekt proqramlarının (məsələn data sayəns proqramı) insan danışarkən onun emosiyalarını tutmaq, təhlil etmə və nəticə çıxarmaq üçün çox vacibdir.

Nə etməli: Yenə eyni qaydada, ya kodlar kirayə alınacaq, ya yenisi hazırlanmalıdır. Amma burada kirayələnən kodlar ciddi effekt verməyəcək, milli mütəxəssislər tərəfindən yeni kod işlənməsi tələb olunur.

Redaksiya

Rəqəmsal dillərində mətnlərin avto redaksiyası vacib əhəmiyyətə malikdir. Çox vaxta qənaət edir, səhvləri minimuma endirir. Təəssüf dilimizdə bu kodlaşdırma hələ də aparılmayıb. Yazılış kodlaşdırılması var, Android bunu təklif edir. Amma redaksiya qəti yoxdur. Siz ingilis, rus, alman və s. dillərdə yazarkən proqram söz-söz sizi izləyir, səhvinizi göstərir, alternativi təklif edir. Amma Azərbaycan dilində sona qədər işarələri özün yazmalısan, qayıdıb baxmalısan, düzdür, ya yox. Əllə redaktə, sonra o biri sözə keçə bilərsən.
Nə etməli: Mütləq yeni proqram işlənməlidir. Başqa dillərdə işlədilən kodlaşdırma alqoritmlərindən sadəcə istifadə etmək olar.

Distant yazılış

Distant yazılışın bir neçə modulu var: uzaqdan mətni ötürmə imkanı - proqram çevirir və ya uzaqdan hər hansı vasitə ilə yazını başqa elektron vasitəyə ötürmək olur. Remote mouse, əyani nümunə göstərmək olar.
İmlanı mətnə çevirmək var, bir çox dillərdə, geniş istifadə olunur. Bizdə işlənməyib və istifadə olunmur. Birinci hissə xeyli mürəkkəbdir, səstanıma modulunun işlənməsi ilə qurula biləcək ikinci modul üçün xüsusi proqramlar var, başqa ölkələrin məhsuludur.
Necə qurulmalı: Səs tanıma modulu ilə birləşdirib məlum alqoritmlərdən istifadə edərək yeni kodlaşma sistemi qurulmalıdır. İkinci modul üçün ilk növbədə sensor klaviaturalar istehsalı və soft proqramı işlənməlidir.

Sinonim və antonim sözlərin seçilməsi

Yazı prosesinin təkmilləşdirilməsi, sürətləndirlməsi və elmiliyinin yüksəldilməsi üçün sinonim və antonim sözlərin müəyyənləşdirilməsi və rəqəmsal regestrə daxil edilməsi çox vacibdir. Əksəriyyət dillərin rəqəmsal variantında bu əməliyyat çox gözəl işlənmişdir. Lakin Azərbaycan dilində ümumiyyətlə istifadə olunmur. Məsələn, ingilis dilində, alman, rus və s. bir çox dillərdə təkrarlığa yol verməmək məqsədi ilə sözün üstünə tıklayan zaman bu sözün bir neçə sinonimini təqdim edir və istifadəçi buna bir düymə ilə dəyişir. Bu sahədə dilimizin iki problemi var: bu modul ümumiyyətlə, işlənməyib, koddaşdırılmayıb. Virtual qaydada tapmaq da mümkün deyil. Bunun üçün gərək izahlı lüğət axtarasan, seçəsən və yazasan. Bu da olduqca çox vaxt aparır, bəzi hallarda izahlı lüğətdə də tapılmır. Digər tərəfdən isə, dil inkişaf etdirilməyib, sinonim sözlər (eyni ilə antonim) çox azdır, istifadə olunmur. Məsələn, ingilis dilində söz sayısı müxtəlif hesablamalara görə 400-500 minə çatırsa, Azərbaycan dilində bundan beş dəfə azdır (70-105 min). Eyni modul antonim sözlər üzrə hazırlamaq mümkün və zəruridir.

Axtarış sisteminin təkmilləşdirilməsi

Dilin rəqəmsallaşdırılmasında ciddi əhəmiyyət kəsb edən elementlərdən biri də axtarış (search, poiski) sisteminin təşkilidir. Virtual dil münasibətlərinin qurulmasında axtarış sistemi böyük əhəmiyyət kəsb edir. Hazırda informasiya texnologiyalarının inkişaf səviyyəsi imkan verir ki, nəinki bir dildə, hətta, bir dildə yazılaraq bütün digər dillərdə də axtarış edib zəruri mətnləri, şəkilləri, bitkiləri və.s virtual sistemdə tapmaq mümkün olsun. Xüsusilə, Google şirkəti bu istiqamətdə böyük uğurlara imza atır. Axtarış sisteminin yüksək səviyyədə qurulması ana dilində modulun olmasından çox asılıdır. İndi də Azərbaycan dilində axtarış sistemi var, amma xüsusi kodlaşdırma sisteminin olmaması ucbatından adətən yaxşı nəticə əldə edilə bilinmir. Buna görə də Google-un tədqiqatlarından əlavə milli dildə özünəməxsus modul sistemi olmalıdır.

Rəqəmsal Azərbaycan dili dərsliyi

Rəqəmsal Azərbaycan dili (RAzD) nəzəri və praktiki cəhətdən işlənməli və dərhal istifadəyə buraxılmalıdır. Bu gün dünya virtuallaşır, qloballaşır və böyük miqyasda genişlənir, sərhədlər aradan qalxır (virtual dünyada zatən aradan qaldırılmışdır). Qərb dünyasının bəxş etdiyi bir parça smart telefonda və ya planşetdə bütün real dünyanı hərkəs səyahət edə bilir. Bu məqsədlə RAzD-ın nəzəri təməli geniş tədqiq olunmalıdır. Təbii ki, kompüter elmindən xəbəri olmayan alim və ya mütəxəssis bunu edə bilməz, bu nəzəriyyə dilçilərlə proqramistlərin birgə fəaliyyyəti ilə araşdırıla bilər.
Rəqəmsal əlifba yaradılmalı və bu əlifba sərbəst olaraq əsas əlifbalardan biri kimi kompleks halında şəbəkələrə və proqramlara yerləşdirilməlidir (Windows, Google, Apple, Android, Facebook, Twitter və s). Azərbaycanın keçmişini, indisini və gələcəyini əlaqələndirən əlifbaların uyğunlaşdırma proqramı hazırlanmalı (Latın, kiril və ərəb əlifbası) və bu da bütün şəbəkə və proqramlara yerləşdirilməlidir. Bütün dilləri və Azərbaycan əlifbalarını əhatə edə biləcək axtarış sistemi qurulmalı və bu soft proqramlaşdırılmalı və onlayn efirə buraxılmalıdır. Həmin məhsullar tamamilə pulsuz bütün Azərbaycanlıların, həmçinin geniş ictimaiyyətin istifadəsinə verilməlidir.
Rəqəmsal vəsait və dünya informasiya bazasına çıxış, başqa dilləri öyrənmək üçün Azərbaycan dili dərsliyi bizə hər şeydən vacibdir. Niyə? Əvvəla, ona görə ki, bu xalqın 80%-i dilinin qəti qadağan olduğu məkanlarda yaşayır. Ən azı 40 milyon azərbaycanlı dilində danışmaqdan, yazmaqdan, yaratmaqdan məhrumdur. Bu qədər əhalinin Azərbaycan dili öyrətmək üçün heç bir vasitəsi yoxdur. Daxildə öz dilini öyrənmək üçün və dünya info bazasına çıxış üçün, başqa dilləri öyrənmək üçün heç bir elektron vasitə yoxdur. Başqa dilləri bilməyən bir azərbaycanlı hər hansı xarici dili, məsələn, elə ingilis dilini öyrənmək üçün heç bir elektron vasitədən istifadə edə bilmir. Heç bir portal Azərbaycan dili əsasında başqa dilləri öyrətmir, vətəndaş bunun üçün mütləq başqa dil bilməlidir. Məsələn, rus, alman, yapon, hətta türk və s.
Təbii ki, Rəqəmsal Azərbaycan dili dərsliyi yaradılmalıdır. Bu yalnız Azərbaycan dili dərsliyi üçün deyil, bütün dərsliklər üzrə başlamalıdır.
Dünyanın bir çox ölkələrində belə proqramlar var və çox müvəffəqiyyətlə çalışırlar. Məsələn, dillər üzrə Duolingo, Baffet, English life, Busuu və s. Bu şirkətlər aktivlər üzrə bir neçə yüz milyonluq, hətta bəziləri, milyardlıq şirkətlərdir.

Əgər kodlaşdırma bir dərslik üzrə aparılıbsa, onu başqa dərsliklərə də tətbiq etmək olur. Proqram eyni zamanda bir neçə dil üzrə ola bilər: ingilis, türk, alman, ispan, fransız, rus, çin, yapon, ərəb, fars və s. Hətta, qarşılıqlı faydalanmaq üçün Google tərcüməyə düşən bütün dillər üzrə sistemi qurmaq mümkündür. Burada ilk dil üzrə kodlaşdırmanı həyata keçirmək kifayətdir, sonra həmin kod sistemini bütün dillərə aid tətbiq etmək olar.
Bu dərslik bütün dünya Azərbaycanlıları üçün yararlı olmalıdır, yəni süni intelektin iştirakı ilə dünya miqyasında istifadə olunan latın, kiril və ərəb (hətta ayrıca ərəb əlifbasının fars variantı daxil olmaqla) əlifbası istifadə edilən həmvətənlər üçün uyğun olmalıdır ki, hər kəs rahat istifadə edə bilsin, həmçinin proqram özü-özünü təkmilləşdirsin.

Tərcümə

Yəqin ki, rəqəmsal çalışan hər kəs bilir ki, google tərcümə proqramları Azərbaycan dilini də əhatə edir. Amma onun keyfiyyəti rus, ingilis, yaxud alman tərcüməsi kimi deyil. Bu proqram “Google” iştirakı ilə təkmilləşdirilməlidir. Bununla bərabər sərbəst sistem hazırlanıb bütün brauzerlərə yüklənməlidir. Gərək elə şərait yaradılsın ki, hər bir istifadəçi bütün dillərdə gələn məlumatlar, materiallar və nə varsa hamısını istifadə edə bilsin. Bura üçün səstanıma, emosiya hiss etmə süni intellektli modullar da əlavə olunmalıdır. Bir azərbaycanlı telefon və ya planşet əlində hər hansı millətə müraciət edəndə dolğun rəqəmsal cavab alsın.
“Google” tərcümə sahəsində dünyanın ən qabaqcıl şirkətidir, ən mükəmməl proqramı hazırladı və hər zaman yeniliklər edir. Google tərcümə proqramı süni intelektin iştirakı ilə işlənmiş və hər bir istifadəçi ilə eyni vaxtda yenilənir. Proqram işlədikcə proqramın iş prinsiplərı avtomatik olaraq yenilənir, təkmilləşdirilir. Bunu ayrı-ayrı proqramistlər deyil, məhz proqramda istifadə olunan süni intelekt, maşin lörning elementləri həyata keçirir. Hazırda artıq şəxsən 109 dildə kəlmə tərcüməsi əvəzinə gündəlik danışığa yaxın qrammatikaya uyğun tərcümə imkanı yaradılıb.
Google tərcümə proqramının direktoru Sundar Pichai demişdir ki, bu neyro tərcümə proqramının köməyi ilə bilikləri öz ana dillərimizdə ən yaxşı şəkildə öyrənirik və başa düşürük. Beləliklə, 15 il əvvəl, o dövrdə inanılmaz dərəcədə iddialı bir hədəf olan web -i tərcümə etməyə başladıq. Bu gün yüz milyonlarla insan hər ay 100 -dən çox dildə Google Translate -dən istifadə edir. Yalnız keçən ay Chrome'da 20 milyarddan çox veb səhifəni tərcümə etdik. Google köməkçisinin tərcüməçi rejimi ilə xarici dildə danışan biri ilə söhbət edə bilərsiniz və istifadə yalnız bir il əvvəlkindən dörd dəfə çoxdur. Hələ görüləcək işlər olsa da, cibinizdə universal tərcüməçi olmağa yaxınlaşırıq.
Pichai qeyd edib ki, bütün bu dillər dünya əhalisinin əsas hissəsinin doğma dilidir. Bununla bərabər “Google” tərcümə dünya miqyasında ölməkdə olan dilləri də bərpa etmək üzərində çalışır.
Lakin azərbaycanlı istifadəçilər üçün bu proqramın üstünlükləri sonuna qədər istifadə edilmir. Buna görə də Azərbaycan dilində tərcümə prosesi, tərcümə elementləri tam istifadə oluna bilmir. Tərcümənin keyfiyyəti çox aşağı səviyyədədir, hər hansı tərcüməni təbii intelektin işə qarışmadığı halda yararsız kimi olur. Süni intelekt tərcüməsindən alınan mətn mütləq insan intelekti vasitəsi ilə redaksiya olunduqdan sonra istifadəyə yararlı olur.
Azərbaycan dilində tərcümə prosesinin təkmilləşdirilməsi məqsədilə digər modullarla bərabər Azərbaycan dili tərcümə proqramı da Googlun kodları istifadə olunmaqla milli alimlər tərəfindən yenidən işlənməli və bütün portallara istifadəyə verilməlidir. Burada tərcümə prosesini ciddi surətdə təkmilləşdirmək tələb olunur. Yeni sistem yaratmaq zəruriyyəyti meydana çıxır. Birbaşa videoların tərcüməsi və onun birbaşa mətnə çevrilməsi,

Türk dünyası dillərinin toplu rəqəmsallaşdırılması

Mənə məlum olan məlumata görə 30-a yaxın türk qrupları var. Bunların daha çoxu rus dilli məkandadır. Sovet dagılan ərəfədə yalnız mən şəxsən Türkiyə Mərmərə universitetində məhşur Türkiyəli professor prof. dr. İlhan Uludağla birlikdə Türk dünyası üzrə yalnız dil deyil, bütün aspektləri əhatə edən geniş miqyasda tədqiqata başladıq. Burada həmçinin Türk qruplarının dilləri və onların yaxınlaşması, sinxronizasiyası məsələsi də araşdırılmışdır və ciddi nəticələr əldə edilmiş və təkliflər edilmişdir. Tədqiqatların nəticəsi Türkiyə odalar və borsalar birliyi tərəfindən bütün məsrəflər və iri həcmdə qonorar ödənməklə dərc olundu və qısa zamanda “best sellerə” (ən yaxşı satılan) çevrildi.

ardı var

Yazı Saleh Məmmədovun "Rəqəmsal keçid və elmi texnoloji inkişafın
sürətləndirilməsi zəruriliyi" kitabından götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...