AZAL-la bağlı məsələ parlamentdə qaldırıldı

AZAL-la bağlı məsələ parlamentdə qaldırıldı
“Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilməyən ailələr var: “İran üzərindən quru yolu ilə də Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər də 30 AZN olan gediş haqqına əlavə 8 manat da artırılıb və hazırda 38 manat olub. Vaxt itkisini nəzərə alsaq, quru yolu ilə də gedib gəlmək heç də əlverişli deyil”.

O, eyni zamanda vurğulayıb ki, Naxçıvana və Türkiyəyə olan aviabiletlər AZAL tərəfindən öncə turizm şirkətlərinə satılır: “Gürcüstanla müqayisədə Türkiyəyə Bakıdan olan aviabiletlərin qiymətləri 5-6 dəfə artıqdır. Qiymətlər baha olduğuna görə, tələbələr, Azərbaycan vətəndaşları ölkəmizə gələ bilmirlər.

Onlar yerli hava şirkətləri ilə (Türkiyə -red.) İğdıra, ordan Naxçıvana və daha sonra isə hava yolu ilə Azərbaycana gəlməli olurlar. Bu qiymət siyasətindən bütövlükdə bütün Azərbaycan əhalisi əziyyət çəkir. Təsəvvür edin, yalnız 20 gün, bir ay sonraya aviabiletlər tapılır. Düşünürəm ki, hökumət bu məsələ haqqında həssaslıqla düşünməli və qısa müddətdə Naxçıvan əhalisini bu əziyyətdən, zülmdən qurtarmalıdır”.

Xatırladaq ki, ötən gün də F.Mustafa Bakı-Naxçıvan-Bakı aviareysi üzrə biletlərin tapılmaması ilə bağlı şikayət etmişdi. AZAL isə deputata cavab olaraq şirkətin Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri rəsmi saytında almağı təklif etdiyini açıqlamışdı: “Bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...