Moldova polisi “Georgi lenti” taxmağa görə 103 nəfəri cərimələyib

Moldova polisi “Georgi lenti” taxmağa görə 103 nəfəri cərimələyib
Ötən gün Moldova polisi paytaxt Kişineuda keçirilən Qələbə yürüşü zamanı “Georgi lenti”nin taxılmasına görə 103 nəfərə cərimə yazıb.

“Report” Moldova KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Viorel Çerneutsyanu məlumat verib.

Onun sözlərinə görə, qanunu pozanlar arasında 10 deputat da var.

Qeyd edək ki, “Georgi lenti”nin kökü imperatriçə II Yekaterina tərəfindən təsis edilən Müqəddəs Georgi ordeninə gedib çıxır. Həmin orden çar Rusiyası qarşısında müstəsna xidmətlərə görə verilən ən yüksək hərbi mükafat olub. Bu mükafatla Qafqazın, o cümlədən Şimali Azərbaycanın işğalına başçılıq edən, sonradan Bakıda zərərsizləşdirilən general Pavel Sisianov da təltif olunub. Sonradan SSRİ-də müxtəlif medalların lent qismi Müqəddəs Georgi ordenindən götürülüb və beləliklə, sovet insanları üçün İkinci Dünya müharibəsində qələbənin müxtəlif simvollarından birinə çevrilib. Çar və sovet dövrünün simvolunun “dirçəlişi” 2005-ci ildə yaşanıb. 2005-ci ildə “RİA Novosti” və “Tələbə Cəmiyyəti” təşkilatının təşəbbüsü ilə “Georgi lenti”nin paylanması aksiyası başlayıb. Hər il 9 may ərəfəsində başlayan aksiya sonradan region ölkələrində də səfirlik və diasporlar vasitəsilə təbliğ edilib. Rusiyanın 2014-cü ildə Krımı, o cümlədən Donbası işğal etməsindən sonra bu lent dünya ictimaiyyətində Rusiyanın ekspansiyası ilə assosiasiya olunmağa başlayıb. Beləliklə, 2014-cü ildə müxtəlif ölkələrdə xüsusilə Avropada baş tutan analoji aksiyalar yerli sakinlər tərəfindən etirazla qarşılanıb və ya qanunla qadağan edilib. Azərbaycanda “Georgi lenti” ilə bağlı konkret qadağa olmasa da, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin bu il Bakıda keçirmək istədiyi lent paylama aksiyasına icazə verilməyib, keçiriləcəyi təqdirdə isə qanunsuz hesab olunacağı bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...