Yaxın saatlarda və sabah geomaqnit qasırğaları gözlənilir Diqqətli olun!
“Hazırda kosmik hava şəraiti mürəkkəbləşib. Kosmik hava dedikdə əsasən, Günəş və geomaqnit fəallığının təzahürləri, onların yaratdığı dəyişkənliklər və problemlər başa düşülür”.
Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda Günəş səthində çox sayda - 188 ləkə və 10 ləkə qrupu müşahidə olunur.
E.Babayev bildirib ki, ləkələrin çoxluğu Günəş alışması ehtimalını artırır: “Bəzi ləkə qrupları mürəkkəb maqnit quruluşuna malik olduğundan, daha güclü alışmaların mənbəyi ola bilir. Lakin bu dəfə gözlənilən geomaqnit həyəcanlaşmasının səbəbi heç də Günəş alışmaları deyil, planetlərarası fəzada yaranmış zərbə dalğasının Yerin maqnit sahəsinə güclü təsiri olacaq. Digər tərəfdən, Günəş səthində müşahidə olunan tac dəlikləri (buradan adətən sürətli Günəş küləyi öz başlanğıcını götürür), həmçinin planetlərarası maqnit sahəsinin cənub istiqamətini göstərməsi kosmik hava şəraitini daha da əlverişsiz edir - yaxın saatlarda və sabah gün ərzində geomaqnit qasırğaları gözlənilir. Bu qasırğalar yuxarı en dairələrində daha effektiv olacaq. Bizim yerləşdiyimiz en dairələri üçün təsir zəif olması gözlənilir”.
Direktor müavini əlavə edib ki, son günlər meteoroloji şəraitin kəskin dəyişmələri kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdiyindən risk qrupuna daxil olan insanlar üçün diskomfort yaranacaq, xroniki xəstələr (xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar), bu, ahıl insanlar və azyaşlılarda özünü qabarıq şəkildə büruzə verəcək. Onun sözlərinə görə, təşvişə ehtiyac olmasa da, profilaktik (qabaqlayıcı) tədbirlərin görülməsi faydalı ola bilər.
1533 dəfə oxundu