"Biz Qarabağa, öz yurd-yuvamıza mütləq tankla getməliyik!" - Habil Vəliyev

"Biz Qarabağa, öz yurd-yuvamıza mütləq tankla getməliyik!" -


"Mənim komandam monolitdir”

"Biz Qarabağa, öz yurd-yuvamıza mütləq tankla getməliyik!"

Habil Vəliyev: "Rəhbərlik etdiyim mətbuat orqanı istər xarici qüvvələrə, istərsə onların əlinə oynayan daxili qüvvələrə qarşı hər zaman öz sözünü lazımi səviyyədə deyib və bundan sonra da deyəcək"

"Əgər ölkənin müvafiq qurumları işində kobud nöqsanlara yol verən məmurlar haqda geniş informasiya əldə etmək istəyirsə, onda qəzetimizi oxumaq yetərlidir"

Düz 8 il bundan öncə, sentyabr ayının 18-də Azərbaycan mətbuatına öz dəsti-xətti ilə digərlərindən seçilən, peşəkarların toplaşdığı yeni sima - "Gündəlik Bakı" qəzeti qədəm qoydu. Elə ilk gündən redaksiya kollektivi qarşısına bir məqsəd - ölkənin milli maraqları uğrunda mübarizə aparmağı, dövlət və dövlətçiliyin əleyhinə fəaliyyət göstərənləri ifşa etməyi, daim həqiqəti yazmağı, vətəndaşların sosial problemlərini işıqlandırmağı, onları narahat edən məsələlərin həllinə çalışmağı, bir sözlə, əsl jurnalistika ilə məşğul olmağı qoyub. Və indiyədək prinsiplərindən kənara çıxmayıb. Məhz bu səbəbdən də "Gündəlik Bakı" ölkə mediasında ilkin sıralarda qərarlaşıb. Bunu inkar etmək mümkün deyil. Çünki hər şey göz önündədir. Əgər bu gün ölkənin əksər kütləvi informasiya vasitələri bizə istinad edirlərsə, yazılarımızdan bəhrələnirlərsə, deməli mətbuat sahəsində öz sözümüzü deməyi bacarırıq…

Bir qədər əvvəl də nəzərinizə çatdırdığım kimi, bu gün redaksiya kollektivi üçün əlamətdar bir gündür. Odur ki, həm qəzetin 8 yaşı tamam olması münasibəti ilə, həm də digər bir sıra önəmli məqamlarla bağlı fikirlərini öyrənmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) Yasamal rayon şöbəsinin rəhbəri, "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevlə söhbətləşdik.

- Bu gün rəhbərlik etdiyiniz qəzetin 8 yaşı tamam olur. İlk öncə, belə bir sual ünvanlamaq istərdim, bu əlamətdar günü necə qeyd etməyi düşünürsünüz?

- "Gündəlik Bakı" qəzetinin 8 yaşının tamam olması bizə 80 ilə başa gəlib. Elə bilirik ki, bu, 8 yaş yox, 80 yaşdır. Çünki qəzet geridə qoyduğumuz illər ərzində o qədər çətinliklər, əzab-əziyyət, Ginnesin Rekordlar Kitabına düşəcək sayda məhkəmələr gördüyündən, hesab edin ki, biz 8 il yox, bu ərəfədə 80 il yaşadıq. Bu dəfə ad günümüzü əməkdaşlarımızla birlikdə redaksiyamızda qeyd edəcəyik. Lakin qayğının, diqqətin olması olduqca vacibdir. Çünki "Gündəlik Bakı" qəzeti bəzi qəzetlər kimi öz yerini rahatlıqla tutmalıdır. Bu illər ərzində rəhbərlik etdiyim mətbuat orqanı istər xarici qüvvələrə qarşı, istərsə də xarici qüvvələrin əlinə oynayan daxili qüvvələrə qarşı hər zaman öz sözünü lazımi səviyyədə deyib və bundan sonra da deyəcək. Qəzetimiz bu illər ərzində həmişə olduğu kimi bir sifətdə qalmağı bacarıb. Yəni "Gündəlik Bakı" cəbhədən-cəbhəyə dəyişilmədi və daim bir mövqedən çıxış etdi. Biz hər zaman bu mövqeyi saxlamaq arzusunda olmuşuq, inşallah gələcəkdə də eyni istiqamət üzrə fəaliyyətimizi davam etdirəcəyik.

- Maraqlıdır, qəzet bu illər ərzində amalı, məqsədi uğrunda, dövlət və dövlətçilik üçün çaba sərf edərkən nələrdən imtina etməli oldu?

- Hər kəsə bəllidir ki, "Gündəlik Bakı" qəzeti digər bir sıra mətbu orqanlardan fərqli olaraq üzərinə heç bir öhdəlik götürməyib. Məhz elə bu səbəbdən də indiyədək müstəqil şəkildə fəaliyyətimizi davam etdirir, yəni hər şeyi öz adı ilə çağırırıq. Bizim öhdəçiliyimiz yalnız xalq, Vətən, millət, dövlətçiliyimiz və mətbuat qarşısında ola bilər. Hesab edirəm ki, biz bu vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarırıq. Çünki bizlər daim dövlətimizə və millətimizə sadiq olmuş, bu yolda əlimizdən gələni əsirgəməmişik. Kimlərin nə deməsindən, kimlərin hansı rəy formalaşdırmasından asılı olmayaraq, "Gündəlik Bakı" qəzetinin öz mövqeyi, öz yolu var və heç vaxt bu yoldan dönən deyilik. Bizim mövqeyimiz hər zaman ortada olub. Ümummilli məsələlərlə bağlı dərhal mövqeyimizi ortaya qoymuş və nəyə qadir olduğumuzu nümayiş etdirmişik. Hər zaman demişəm və bir daha vurğulayıram ki, heç bir mətbu orqan bizimlə rəqabət apara, baş redaktor kimi də heç bir baş redaktor atdığımız addımı ata, getdiyimiz yolu gedə, gördüyümüş işi görə bilməz. Məsələn, elə gün olub ki, "Gündəlik Bakı" qəzeti bir gündə iki dəfə işıq üzü görüb. Bunu hamı xatırlayır. İndiyədək Azərbaycanda bir gündə iki dəfə çıxan qəzet olmayıb. Bu ilkə biz hələ bir neçə il öncə imza atmışıq. Təbii, bu, kollektivin əzmkarlığı, mübarizliyi, iş qabiliyyəti və onun rəhbərliyinin yüksək səviyyəli idarəetmə bacarığından irəli gəlir.

- Mətbuatın mövcud durumunu necə dəyərləndirirsiniz? Bu sahədə hansı problemlər var və onlardan çıxış yolu nədən ibarətdir?

- Mətbuatın mövcud durumu göz qarşısındadır. Mətbuata göstərilən diqqət bizdə olan qədər heç yerdə yoxdur. Amma bəzi kütləvi informasiya vasitələri belə diqqət və qayğının, ayrılan vəsaitlərin qarşılığında ortaya sanballı, nəzərəçarpacaq, keyfiyyətli bir iş, tutarlı məhsul qoya bilmir. Gələcək göstərəcək ki, mətbuatla bağlı məsələlərdə bir qədər narahatlıq var. Belə ki, dövlət səviyyəsində mediaya yetərincə diqqət göstərilir, lazımınca vəsait ayrılır, lakin Azərbaycan mətbuatına göstərilən qayğının müqabilində mətbuat çox iş görə bilmir. Bunu açıq deyirəm, qoy hamı da bilsin. Mətbuat bu gün ölkəmizin maraqlarına zidd addımlar atan xarici ölkələrlə, eləcə də onların media qurumları ilə burun-buruna gəlməli, xaricdən atılan hər bir çınqıla cavab olaraq daha yekə daş atmağı bacarmalıdır. Əfsus, bir sıra kütləvi informasiya vasitələri öz kefində, onların rəhbərliyi isə qurduğu biznesin inkişafındadır. Mətbuatı alış-veriş meydanına çevirmək lazım deyil. Dövlət səviyyəsində ayrılan pullların müqabilində ortaya iş qoymaq lazımdır. Bir sözlə, kimliyindən asılı olmayaraq, dövlətimizə, dövlətçiliyimizə qarşı atılan hər bir addıma anında cavab vermək üçün xarici mətbuata çıxışımız olmalıdır. Hələlik yalnız "Gündəlik Bakı" qəzetinin belə bir çıxışı var. Bizim əməkdaşlarımız əcnəbi media qurumlarının Azərbaycanın əleyhinə hazırladıqları məqalələrə dərhal tutarlı reaksiya verir və bunu ictimailəşdirməyi bacarırlar. Pullar alan, bir sıra əlverişli imkanlarla təmin olunan jurnalistlərin hansının yazısı indiyədək xarici mətbuat orqanlarında dərc olunub. Bu ilkə də biz imza atmışıq. Qeyd etdiyim kimi, "Gündəlik Bakı" qəzetinin əməkdaşlarının yazıları ayrı-ayrı vaxtlarda xarici kütləvi informasiya vasitələrində yayımlanıb, qonşu və qardaş Türkiyə mediası bir neçə dəfə bizə istinad edib, hətta düşmən ölkə olan Ermənistan mətbuatı yazdıqlarımızdan təlaşa düşdüyünü açıq şəkildə biruzə verib. Hesab edirəm ki, Azərbaycan mətbuatında təmsil olunan hər bir media orqanı ölkəmizin maraqlarını qorumalı, xaricdən uzanan əlləri əks hücumla geri çəkməyi bacarmalıdır. Təəssüf, bəzilərinin bu imkanı, xarici mətbuata çıxışları yoxdur. Hətta bir qismi ortaya normal məqalə qoymağı belə bacarmır. Ancaq buna baxmayaraq, nədənsə onlara da yetərincə vəsait ayrılır. Təbii, bu, doğru deyil. Bir daha vuğulamaq istərdim ki, mətbuat verilən vəsaitin müqabilində tutarlı iş görməli, dövlətin mənafeyini müdafiə etməlidir. Hərə 4-5 səhifəlik bir qəzet çıxarır, alır yeyir və heç nə olmamış kimi öz işinə davam edir. Bu cür hallara yol vermək olmaz. "Gündəlik Bakı" ortaya 16 səhifəlik bir qəzet qoyur. Bu gün Azərbaycanda elə bir qəzet, sayt, xəbər portalı yoxdur ki, bizim məhsulumuzdan istifadə etməsin. Əgər bununla bağlı müvafiq araşdırma aparsalar, o zaman deyilənlərin həqiqət olduğunu müəyyənləşdirə bilərlər. Yəni əksər mətbuat orqanları müəllif yazılarının 90 faizini məhz "Gündəlik Bakı" qəzetinin məhsulları hesabına təmin edirlər. Bir sözlə, çoxu bizdən köçürür, hətta bəziləri istinad etmədən yazılarımızı oğurlayır, plagiatlıqla məşğul olur. Bütün bunların fonunda qeyd edə bilərəm ki, hazırda mətbuatın ciddi problemləri var.

- Bildiyiniz kimi, bu ilin yay aylarında ölkəmizdə "Bakı 2015" İlk Avropa Oyunları keçirildi. Sizcə, bu, Azərbaycana nə verdi, oyunların hansı xidmətləri oldu?

- Təbii, Avropa Oyunlarına kimi Azərbaycan xaricdə yetərincə tanınırdı. Bildiyiniz kimi, hər bir ölkə onun rəhbəri, inkişafı, iqtisadiyyatı, görülən işlərlə tanınır. Etiraf etmək lazımdır ki, ölkə başçımızın həm özü, həm də yeritdiyi daxili və xarici siyasət əksər beynəlxaq qurumlar, nüfuzlu dövlətlər və təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. O, böyük nüfuza malik olan bir şəxsdir. Son illər ərzində Azərbaycanın sürətlə inkişaf etməsi hamının gözü qarşısındadır. İnsafı olan, ədalətlə mühakimə etməyi bacaran, prosesləri düzgün analiz etmək qabiliyyətində olan hər kəs bunu etiraf etməlidir. Bəli, bu gün Azərbaycan özünün yüksəliş dövrünü yaşayır. Bunu hər kəs, həm ölkə vətəndaşları, həm də ölkəmizə gələn qonaqlar da görürü və bəyan edirlər. Yox, əgər kimsə ölkəmizin inkişafını görmürsə, deməli həmin şəxs görmə qabiliyyətini itirib. İlk Avropa Oyunlarına gəlincə, qeyd edim ki, bunun böyük faydası oldu. Belə ki, buna qədər də ölkəmizi tanıyırdılar və həmin oyunlardan sonra daha yaxşı tanımaq şansı əldə etdilər. Hər kəs Azərbaycanın nəyə qadir olduğunun, demokratik dəyərlərə hörmətlə yanaşdığının, istənilən mötəbər tədbirləri layiqincə təşkil etməyi bacardığının bir daha şahidi oldu. Gördüyünüz kimi, İlk Avropa Oyunları ərəfəsində heç bir narahatçılıq müşahidə olunmadı. Əslində, bu, öncədən bəlli idi. Çünki Azərbaycan həm öz vətəndaşlarını, həm də ölkəmizə qonaq gələn şəxsləri lazimi səviyyədə qorumağı bacaran dövlətlərdəndir. Dünya bir daha bizim kim olduğumuzu, nələrin öhdəsindən gəldiyimizi gördü. Belə deyərdim, bizim xoşbəxtçiliyimiz ondadır ki, Azərbaycan həm Allah tərəfindən, həm də xalqımız və rəhbərliyimiz tərəfindən qorunur. Xülasə, Avropa Oyunlarından sonra da dünya miqyasında tanınan ölkəmizi daha da yaxından tanıdılar.

- Bildiyiniz kimi, bir neçə gün öncə Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirdi və həmin təlimlər uğurla başa vuruldu. Həmin təlimlər düşmən tərəfin, eləcə də Ermənistanı dəstəkləyən dövlətlərin, erməni lobbisinin həyəcan keçirməsinə, ciddi şəkildə təlaşlanmasına səbəb oldu. Bununla bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Müharibənin öz qaydaları, öz qanunları var. Müharibə gedən ölkədə təlimlər dayanmamalıdır. Gün ərzində atəşkəsin 97, 117, bəzən də 200 dəfə pozulması o deməkdir ki, müharibə davam edir. Həmin rəqəmləri saata, dəqiqiqəyə böldükdə məhz bu qənaətə gəlmək mümkündür. Lakin buna baxmayaraq, bütün Avropanın gözü kordur, ATƏT-in Minsk Qrupu isə kardır. Bəzi xarici dövlətlərin gözləri kor, qulaqları kar olduğundan onlar heç nəyi görmür, daha doğrusu Ermənistanın iyrənc, beynəlxalq hüquqa zidd əməllərini görməzlikdən gəlirlər. Təəssüf, bu gün bir sıra beynəlxalq təşkilatlar haqqı, ədaləti nahaqa qurban verməklə maraqlarını təmin etməyə, işğalçı ölkəni müdafiə etməyə çalışırlar. Təbii, bunun səbəbi var…

Qeyd etdiyim kimi, Ermənistan tərəfindən atəskəsin mütəmadi pozulması o deməkdir ki, müharibə davam edir və biz hər an döyüşə hazır olmalıyıq. Azərbaycan tərəfi əldə olunmuş atəşkəs razılaşmasına əməl etsə də, münaqişənin sülh yolu ilə nizama salınmasını, işğal altındakı torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasını istəsə də, düşmən erməni xislətindən əl çəkmədiyi üçün hər gün təxribatla məşğul olur. Bu səbəbdən də Azərbaycan dövləti bu cür təlimlərlə öz gücünü göstərməli, nəyə qadir olduğunu nümayiş etdirməli, ordunun döyüş qabiliyyətini daha da yüksəltməli, şəxsi heyəti savaşa hazır vəziyyətə gətirməlidir. Çünki biz hər an müharibəyə başlaya, münaqişəni hərbi yolla həllini seçə bilərik. Biz başqasının torpaqlarına hücum etmir, heç kimin ərazi bütövlüyünü təhdid altında qoymamışıq. Məqsədimiz itirilmiş torpaqlarımızı geri qaytarmaq, qaçqın və məcburi köçkünlərin yurd-yuvasına qovuşmasını təmin etməkdir. Bir sözlə, bizlər əbədi və əzəli torpaqlarımıza getmək arzusundayıq. Uzun məsafəni qət etmək niyyətində olan şəxs isə heç vaxt piyada hərəkət etməz. Bunun üçün hərə öz texnikasından istifadə edəcək.

Düşmən işğal altında olan ərazilərimizi minaladığı üçün biz Qarabağa, öz yurd-yuvamıza, evimizə mütləq tankla getməliyik! Bunun alternativi yoxdur. Bu səbəbdən də qeyd olunan təlimlər tez-tez keçirilməlidir. Çünki bu, ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır, döyüş əzmini artırır. Biz müharibə veteranları olaraq, daim müharibəyə hazır vəziyyətdəyik. Biz hər zaman bununla bağlı ölkə başçısının əmrini gözləyirik. Məncə, Vətənini, millətini sevən, dövlətinə xidmət edən hər bir vətəndaş göstəriş verildiyi anda Qarabağ uğrunda döyüşlərə qatılmalıdır.

- Bu ilin noyabr ayında ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Maraqlı məqam ondadır ki, Milli Şura prosesdə iştirak etməyəcəyini bildirsə də, seçki ərəfəsində, daha doğrusu təbliğat-təşviqat kampaniyası zamanı mitinqlər keçirəcəyini bəyan edib. Sizcə, bu, nə ilə bağlıdır?

- Mən Milli Şura adlı qurumu tanımır, qəbul etmirəm. Onlar danışanda Vətəndən, millətdən dəm vururlar, lakin Qarabağ müharibəsinin ən qızğın dönəmlərində mən onlardan heç birini ön cəbhədə görməmişəm. Biz vaxtında gücümüzü mənfur qonşularımıza göstərməli idik. Hesab edirəm ki, erməni işğalçılarına gücümüzü göstərə bilməməyimizin əsas səbəbkarı bu gün Milli Şurada təmsil olunan adamlardır. Onlar ciddi cəhdlə çalışıblar ki, o vaxt bizim gücümüz zəif olsun. Yəni o zaman biz bir tərəfdən ermənilərlə müharibə edirdik, digər tərəfdən isə özümüzü özümüzünkülərdən - hazırda radikal müxalifət düşərgəsində təmsil olunan şəxslərdən, onların əməllərindən qoruyurduq. Bu gün döyüşüb canımız, qanımız bahasına torpaqlarımızı işğaldan azad edirdik, sabah isə yuxarıdan əmr gəlirdi ki, geri qayıdın. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində biz döyüşçülərin başına bu cür oyunlar açılıb. İndi onlar nə haqla Vətəndən, millətdən, dövlətdən danışırlar? Onların buna haqqı yoxdur. Bu Milli Şura adlı qurum indi nə istəyir, nəyi qoyub, nəyi axtarır? Məgər, müxalifətin radikal qanadının ölkənin, vətəndaşların başına açdığı oyunlar azlıq edir? Bəs, indi nəyin arzusundadırlar? Milli Şura qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyini bəyan edir, seçkiyə getməyəcəyini deyir. Axı, bu qurumun seçkidən iştirak edib-etməməsi kimi maraqlandırır? Təbii, heç kimi. Getmirlərsə, bu, onların öz işidir. Onsuz da ölkə vətəndaşları nə AXCP sədri Əli Kərimliyə, nə də onun ətrafında olanlara etimad göstərib səs verən deyil. Çünki xalq onların nəyə qadir olduğunu çox gözəl bilir. Hamıya bəllidir ki, radikal müxalifət ümummilli maraqlar uğrunda deyil, sırf şəxsi ambisiyaları uğrunda mübarizə aparır. Elə buna görə də artıq xalq haqlı olaraq müxalifətdən, onun liderlərindən üz döndərib. Odur ki, xalq nə Əli Kərimliyə, nə Cəmil Həsənliyə, nə Gültəkin Hacıbəyliyə, nə də digərlərinə etimad göstərən deyil. Çünki onlar millət vəkili adını daşımağa layiq deyillər. Bu adı Vətəni, milləti uğrunda hər şeyə, hətta canından belə, keçməyə hazır olan şəxslər daşımalıdır. Milli Şurada isə belə bir adam yoxdur, yox əgər varsa, deməli ora səhvən düşüb. Qurum bəyan edir ki, seçkiyə getməyəcək. Daha demirlər ki, xalqın bizə etimad göstərməyəcəyini bildiyimiz üçün bu cür qərar vermişik. Seçkiyə gedən şəxs və ya siyasi təşkilatın mütləq kifayət qədər sosial bazası olmalıdır. Həmçinin deputatlığa namizədliyini irəli sürmək iddiasında olan şəxsin keçmişi də təmiz olmalıdır. Əslində, onlar seçkiyə getsələr belə, xalq bu adamlara etimad göstərən deyil. Yəni radikallar bu dəfə də seçkidən məğlub ayrılacaqlar. Çünki onların iqtidara gəlmək üçün potensialı, elmi-biliyi, peşəkar kadrları, ən əsası isə sosial bazası yoxdur. Artıq hər kəsə bəllidir ki, xalq ölkə başçısının ətrafında sıx birləşib, onun yerindiyi daxili və xarici siyasəti sonunadək dəstəkləyir.

Əli Kərimli və ətrafındakı insanlar qəbul etməlidirlər ki, artıq xalq onlarla bütün əlaqələrini kəsib. Çünki Azərbaycan xalqına bu cür müxalifət, şəxsi maraqlarını ölkənin milli maraqlarından üstün tutan, əcnəbi qüvvələrin təsir dairəsində olan siyasətçilər lazım deyil. Bu gün Milli Şurada təmsil olunan bəzi şəxslər Azərbaycanı gözü götürməyən bir sıra beynəlxalq təşkilatların, eləcə də erməni lobbisi ilə sıx əməkdaşlıq edən ölkələrin çaldığı havaya oynayır. Avropa Parlamentinin Azərbaycan hökumətinə qarşı atdığı addımlar artıq biz veteranları, qaçqın və məcburi köçkünləri hiddətləndirib. Biz bunu ölkəmizin maraqlarına zidd addım kimi dəyərləndiririk.

Onların ölkəmizdəki əl buyruqçularının - Milli Şura üzvlərinin fəaliyyətindən də aydın şəkildə sezilir ki, bir sıra xarici təşkilatlar Azərbaycanın inkişafından ciddi narahatlıq keçirir. Məhz elə bu səbəbdən də Milli Şura adlı qurum onların sifarişi ilə seçki ərəfəsində mitinq keçirəcəyini bəyan edib. Maraqlıdır, görəsən Əli Kərimli, Cəmil Həsənli və digərləri kiminlə mitinq keçirəcək? Axı kim qızıldan qiymətli vaxtını sərf edib onların mitinqinə gedəcək? Təbii, heç kim. Milli Şuranın bu günədək keçirdiyi mitinqlərə nəzər salsanız görərsiniz ki, həmin aksiyalarda ən yaxşı halda 40-50 nəfər iştirak edib. Onların da böyük əksəriyyəti AXCP üzvləridir. Yəni kənardan heç kim müxalifətin radikal qanadının mitinqlərinə qatılmır. Çünki hamıya bəllidir ki, Əli Kərimli milləti, xalqı, dövləti yox, məhz özünü, yaxınlarını düşünür. O, müxtəlif yollarla daha çox qrant almağa çalışır. Bu səbəbdən də xaricdəki havadarlarının əmrlərinə boyun əyməklə məşğuldur. Onun bundan başqa bildiyi bir iş yoxdur. Milli Şuranın indiyədək keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri tamamilə yalan, yanlışdır. Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri heç vaxt imkan verməyəcəyik ki, Əli Kərimli kimiləri bu gün Azərbaycanda gedən inkişafa, tərəqqiyə mane olsunlar. Biz onların qarşısında canlı sipər olarıq, lakin ölkənin milli maraqlarına xələl gətirə biləcək hansısa prosesin reallaşmasına imkan vermərik. Onlar unutmasınlar ki, xalq öz sözünü demək istəyəndə heç kimlə məsləhətləşmir.

Biz müharibə veteranları öz aramızda müəyyən məsləhətləşmələr aparmış və sonda qərara gəlmişik ki, əgər seçki ərəfəsində ölkəmizin, dövlətimizin və dövlətçiliyimizin mənafeyinə zidd hər hansı addım atılarsa, o zaman lazımi tədbirlərə baş vuracağıq. Biz veteranlar xalq, vətən, millət, dövlət və dövlətçilik uğrunda hər zaman istər daxili düşmənlərlə, istərsə də xaricdəkilərlə mübarizə aparmağa, döyüşməyə hazırıq. Odur ki, bizim səbrimizin sərhədini sınamasınlar. Çünki bu, sonda onlara baha başa gələr! Bu arada, xalqımızdan, millətimizdən, dövlətin maraqlarını düşünən hər bir şəxsdən bu dönəmdə ölkə rəhbəri, hörmətli prezidentimizin ətrafında sıx birləşmələrini xahiş edərdim. Unutmaq lazım deyil ki, bizim özümüzdən başqa müdafiəçimiz yoxdur. Əgər özümüz özümüzü müdafiə etməsək, o zaman heç kim bizi müdafiə edən deyil. Əgər bu gün Azərbaycan dünya dövlətləri içərisində sayılıb-seçilirsə, bizimlə hesablaşırlarsa, bu, ölkə rəhbərliyinin, eləcə də xalqın uğurudur. Müxalifətin radikal qanadı isə bu uğura qisqanclıqla yanaşır. Çünki ona sifariş məhz bu cür gəlib. Lakin artıq hər hansı pafoslu çıxışlarla xalqı aldatmaq mümkün deyil. Çünki vətəndaşlar kimin kim olduğunu çox gözəl bilir.

Elə buna görə də son zamanlar müxalifət düşərgəsində güclü qopmalar, istefalar müşahidə olunur və bu xəmir hələ çox su aparacaq. Özünüz də görəcəksiniz, tezliklə müxalifətdə təmsil olunanların əksəriyyəti səhvlərini başa düşüb kütləvi şəkildə Yeni Azərbaycan Partiyasına keçəcəklər. Artıq bunun işartıları görünməkdədir. Bu arada, onu da qeyd edim ki, bir sıra şəxslər, daha doğrusu hazırda hakimiyyətdə təmsil olunan bəzi məmurlar müxtəlif yollarla müxalifətin radikal qanadına maliyyə yardımları edir, onların qəzet və ya saytlarına vəsaitlər ötürürlər. Biz onlara qarşı da mübarizə aparmalı, əməllərini ifşa edib ictimailəşdirməliyik. Yəni düşməni kənarda axtarmazdan öncə daxildəkiləri təmizləmək gərəkdir. "Gündəlik Bakı" qəzeti olaraq biz həmin şəxslərin adlarını açıqlayır, barələrində geniş məlumat veririk, lakin nədənsə hələ də bununla bağlı konkret addım atılmayıb. İnandırım sizi, əgər ölkənin hüquq-mühafizə orqanları, müvafiq qurumlar korrupsioner, rüşvətxor, işində kobud nöqsanlara yol verən məmurlar haqda geniş informasiya əldə etmək istəyirsə, o zaman "Gündəlik Bakı"nı oxumaq yetərlidir. Bizim yazılarımızda hər şey açıq-aydın göstərilir.

Sonda qeyd etmək istərdim ki, dövlətçiliyimiz, millətimiz, inkişafımız, tərəqqimiz uğrunda kimlər nə qədər əziyyət çəkirsə, Allah-Təala onlara can sağlığı, uzun ömür, güc-qüvvət versin. Qoy, onlar Azərbaycanımızı xoşbəxt və firavan gələcəyə doğru aparsınlar. Biz də "Gündəlik Bakı" qəzeti olaraq daim məhz bu amal uğrunda mübarizə aparır və bundan sonra da aparacağıq!

8 yaşın mübarək olsun "Gündəlik Bakı” qəzeti. Rəhbərlik etdiyim komandanı təbrik edirəm və hər an belə cəsarətli, qorxmaz olmalarını arzulayıram.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1041 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...