Ölümlə çarpışan müəllimənin həyat dramı…

Ölümlə çarpışan müəllimənin həyat dramı…


Röya Hüseynova maddi imkansızlıq üzündən həyatla vidalaşır Müəllimlikdən azad olunan şikayətçiyə həmkəndlisi Zaur Baxşəliyev niyə kömək etməyib?

Röya Hüseynova: “İki azyaşlı övladımı anasız qoymayın…”

Tərtər rayonunun Köçərli kəndindən olan müəllimə Hüseynova Röya Nəbi qızı ağır xəstədir. Səhhəti ilə əlaqədar peşəsindən uzaqlaşdırılan müəllimənin imkanlı şəxslərin yardımına ehtiyacı var. Hazırda maddi durumunun aşağı olması onun xəstəliyinin müalicəsinə imkan vermir. R.Hüseynova ölümlə çarpışır.

İndiyə qədər aidiyyatı orqanlara etdiyi müraciətləri cavabsız qalan R.Hüseynova “Yeni Müsavat”dan kömək istəyib. İki azyaşlı övladı olan şikayətçi müəllimə yaşadığı həyat dramını bizə belə nəql etdi: “Tərtərdə anadan olmuşam. 1997-ci ildə Süleyman Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbini bitirdim. Həmin il Pedaqoji Universitetin Riyaziyyat fakültəsinə qəbul oldum. Ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə müəllimlik fəaliyyətinə başladım. Ailəliyəm, iki azyaşlı övladım var. Yoldaşım ali təhsil almasına baxmayaraq, heç yerdə işləmir. 2012-ci il may ayının 19-da qida borumda qəfil baş verən damar partlamasından qanaxma yarandı. Bərdəyə aparılsam da, xəstəxanada Bakı və ya Mingəçevirə aparılmağım məsləhət görüldü. Mingəçevirə aparıldım. Reanimasiyada günlərlə komada qaldım. Komada olsam da, həkimlərin danışığını duya bilirdim. Açıqca deyirdilər ki, evə aparın, yarım saatlıq ömrü qalıb. Yaşadığımız evdə artıq yas çadırı belə qurulmuşdu. Amma ailə üzvlərim imkansızlıq olsa belə, məni Tərtər Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynovun verdiyi təcili tibbi yardım maşını ilə Bakıya apardılar. Burada qanaxma birtəhər dayandırıldı. Bir müddət müalicədən sonra yaxşılaşdım və məni rayona qaytardılar. Qızdırmam enmirdi. Məcbur olub, borc xərclə İrana getdik və orada müalicə olunduqdan sonra qızdırmam kəsdi”.

Şikayətçi hər fəsil dəyişikliyində səhhətinin daha da ağırlaşdığını da söylədi: “Fəsil dəyişdikcə səhhətim ağırlaşır. Xüsusilə, payız fəslində. Müalicə olunmağa isə, imkanım yoxdur. 2014-cü ildə yenidən xəstəxanaya düşdüm və həmin il işimdən azad olundum. Bu mənim üçün həyatda aldığım ən ağır zərbə idi. İndiyə qədər 23 dəfə İranda, bir dəfə də İstanbulda olmuşam. Müalicələrin xeyri yoxdur, artıq imkanımız da bitib. Aldığım təhsil mənə kömək etmədi. Rayonun Təhsil Şöbəsinin müdiri Aydın Qarayevə müraciət etdim. Kömək etmədi mənə. Dərslərim tamam bölündü. Həyatda çox acılar yaşamışam. 2011-ci ildə 33 yaşlı qardaşımı, bir ay əvvəl isə, anamı itirdim. Bu hadisələr də səhhətimə ciddi təsir etdi”.

Şikayətçi müəllimə həmkəndlisi ATV-də “Öz Aramızda” verilişinin aparıcısı Zaur Baxşəliyevə də müraciət etdiyini, lakin kömək etmədiyini qeyd etdi: “Zaur Baxşəliyev ilə bir məktəbdə oxumuşuq. Ona da müraciət etdim. Amma kömək etmədi. Tərtərdən Könül Quliyevə adlı xanım var. İndi deputatlığa namizəddir. O, mənə çox dayaq oldu. İndinin özündə də imkanı daxilində kömək edir. Allah yaxşı insanları daim qarşımıza çıxarır. Öz rayon, kəndimdən kömək istədim. Amma alınmadı. Sanki həyat insanları tamam dəyişdirib”.

R.Hüseynova ölümün bir addımlığında olduğunu bildirdi: “Artıq həyatım sona yaxınlaşır. Övladlarımı itirmək istəmirəm. Amma maddi imkansızlıq ucbatından həyatla vidalaşmaq üzrəyəm. Ciddi müalicə ehtiyacım var. İstanbulda müalicə olunmalıyam. Xalqımın mərd, imkanlı şəxslərindən kömək istəyirəm. Hər edilən kömək Allah tərəfindən dəyərləndirilir. İki azyaşlı övladımı anasız qoymayın. Yaşadığımız evdən başqa hər şeyi satmışıq. Pensiyam dərmanlarımın 10%-ni ödəmir. Uşaqlar məktəbdə oxuyurlar. Onları belə, təmin edə bilmirik. Dərsə mənə görə getmirlər. Qızım mənə baxdığı üçün dərsə də getmir. Rayonun Təhsil Şöbəsi bir dəfə də olsun ki, kömək etmədi. Müəllimlikdən azad olundum, amma yardım etmədilər”.
Müəllimə ölkə başçısına və Mehriban Əliyevaya müraciət etdi: “Hörmətli cənab prezident, Mehriban xanım, ümidim yalnız sizədir. Sizlərin müəllim adına verdiyiniz dəyər hamımıza məlumdur. İnanıram ki, səhhətim barədə də xəbərdar olsanız, mənə yardım edəcəksiz. İşimi davam etdirmək, xalqımın övladlarına savad bəxş etmək istəyirəm”.
Sonda xəstə müəlliməyə kömək etmək istəyən insanlar üçün əlaqə telefonunu təqdim edirik:
077 512 68 04



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...