"Müxaliflik jurnalistikanın ruhundan gəlir"

"Müxaliflik jurnalistikanın ruhundan gəlir"


“Birbaşa nüfuzu hesabına Mətbuat Şurasının İdarə Heyətində təmsil olunanlar var və hazırda Azərbaycan mediası deyiləndə böyük ölçüdə məhz onlar yada düşür. Kimsə bu adamları qəbul etməyə bilər. Müxaliflik jurnalistikanın ruhundan gəlir. Ancaq fərqli düşünənlərin də ortaya fərqli nə isə qoymaları şərtdir. Yalnız aşağılayıcı tərzdə dillənmək keçərli deyil”.

APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook" səhifəsində yazıb.

Şura sədri bildirib ki, rəhbəri olduğu qurum doğruları və yanlışları ilə media cameəsinin məhsuludur: “Bizim indiyədək heç nə etmədiyimiz görüntüsünü yaradanlar birmənalı şəkildə yanılırlar. Üzərimizə düşən işlərin hamısının öhdəsindən gəldiyimizi də iddia edə bilmərəm. Qəti şəkildə onu deyə bilərəm ki, Şura media müstəvisində baş verən proseslərin mərkəzində dayanmağı bacarıb. Qurumun missiyası geniş ictimaiyyət içərisində müsbət qarşılanıb. Cəmiyyətin ayrı-ayrı təbəqələri qurumun fəaliyyətindən fayda götürüb. Üstəlik Mətbuat Şurasının timsalında Azərbaycan jurnalistləri öz fikir və düşüncələrini, problem və çətinliklərini müvafiq dairələrə çatdırmaq üçün tribuna əldə ediblər. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev də milli mətbuatımızın 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdəki çıxışında məhz bunları nəzərə aldı. Dövlət başçısının çıxışı Şuranın timsalında bütövlükdə Azərbaycan mediasına olan inam və etimad, ali səviyyəli qiymət idi. Görünür, bu etimadı sarsıtmaq, reallıqları görmək istəməyənlər var”.

Ə. Amaşov əlavə edib ki, son zamanlar Mətbuat Şurası barədə yazılanları böyük ölçüdə haqlı sayılacaq hadisə kimi dəyərləndirmək mümkünsüzdür: “Çevrəmizdə öz yazdığından başqa nəyisə oxumayanlar, başlarını qaldırıb ətrafı görmək istəməyənlər, özlərini intellektual kəsim sayıb həqarət yağdıranlar az deyil. Belələrinin mənasız ittihamlarının üzərində dayanmağı, adlarını çəkib şərəfləndirməyi lüzumsuz saymışam. Amma heç birinə qarşı antipatiyam olmayıb. Bilənlər bilir ki, barəmdə tənqid qələmə alanlar, hətta aşağılayıcı tonda dillənənlər belə nə vaxtsa qapımı döyəndə üzümü çevirməmişəm. Ancaq onu da prinsipal şəkildə düşünmüşəm ki, hər kəs peşə zirvəsinin yüksəkliklərinə doğru yalnız fəaliyyəti, əxlaqı, insani keyfiyyətləri ilə qalxır. Bu yüksəklik yazdığı cızma-qaraya müdrik görkəmli şəkil yerləşdirməklə başa gələn hadisə deyil. Gərək mahiyyət olsun. Bu gün Azərbaycan Mətbuat Şurasının sədrinin iş otağı hamının asanlıqla qapısını açıb sözünü deyə biləcəyi qərargahdırsa, bu qərargahı çirkaba bulaşdırmaq cəhdi nəyə gərəkdir?”

Şura sədri qeyd edib ki, bir qayda olaraq, milli mətbuatın yubileylərindən öncə və sonra ittihamlar artır: “Çünki hamı özünü yüksəkdə görür, hesab edir ki, fəxri adlara, təltiflərə layiq olan özüdür. Hər kəsin haradək jurnalist olduğunu gözəl bilirəm. Digər tərəfdən, ətrafımızdakıların hansı nöqtəyədək bizimlə olduqlarından xəbərim var. Bu gün pafoslu, ibarəli cümlələr quran, özünü yüksək tutub kimlərəsə rişxənd edənlərin də xislətinə bələdçiliyim az deyil…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...