Baş redaktordan TQDK-ya İTTİHAM

Baş redaktordan TQDK-ya İTTİHAM


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin “Jurnalistika” ixtisasına qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirib.

İmtahanda ekspert kimi iştirak edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az saytına açıqlamasında bildirib ki, 2015/2016-cı tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılıb, amma qabiliyyət imtahanından 57 nəfərin keçməsi çox təəccüblüdür: “Nəzərə almaq lazımdır ki, 341 abituriyentdən 178 nəfəri imtahanda iştirak etməyib, 163 abituriyentdən 57 nəfəri məqbul qiymət alıb, məsələ ilə bağlı bir çox qaranlıq məqamlar var.

O məqamlara toxunaq ki, nəyə görə 163 abituriyentdən yalnız 57-si məqbul qiymət alıb. Çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Jurnalistika fakültəsinə qabiliyyət imtahanlarını düzgün təşkil etmir. Bunun səbəbinə gəldikdə, onlar istəmirlər ki, əlavə vaxt və enerji itirilsin, həmçinin də buna kifayət qədər maliyyə vəsaiti tələb olunur. Düşünürəm ki, 163 abituriyentin 57-sinin məqbul qiymət alması məqsədyönlüdür. Hər zaman söyləmişik ki, jurnalistika xüsusi qabiliyyət tələb edən sahədir. Özünüifadə edən, analitik qabiliyyəti yüksək olan abituriyentlər qabiliyyət imtahanından keçməlidir”.

Akif Aşırlının fikrincə, TQDK-nın qabiliyyət imtahanları üçün tərtib etdiyi şərtlər məqsədəuyğun deyil: “Bu il tam fərqli bir mənzərə idi. Qabiliyyət imtahanı ilə bağlı bir neçə şərt müəyyənləşdirilib. İlk növbədə gərək mövzu əhatə olunsun, faktlara, sitatlara üstünlük verilsin, orfoqrafik səhv sayı 5-dən az olmamalıdır. Çox olarsa bu, “0”la qiymətləndirilir. Ümumilikdə, bu şərtlər dəyişilməlidir.

Abituriyentin qabiliyyətini, yaradıcılıq imkanlarını müəyyənləşdirmək tək bir yazı ilə çox çətindir. Ancaq bütün bunlarla yanaşı, o yazıda jurnalist sərbəst öz fikrini ifadə edirsə, mövzu qismən əhatə olunubsa, çünki nəzərə alınmalıdır ki, yazını yazan 11-ci sinif şagirdidir, bakalavr deyil, magistraturaya imtahan vermir, bu göstəricilər nəzərə alınmalıdır. Bunun da nəticəsidir ki, yalnız 57 nəfər məqbul qiymət alıb.

İkinci tərəfdən, ora dəvət olunan ekspertlər keçən il daha yaxşı idi, imtahana baş redaktorlar, Mətbuat Şurası, jurnalistlər, müəyyən mənada bu sahədə təcrübəsi olan şəxslər dəvət olunmuşdu. Dəvət olunanlardan bir neçəsi BDU-nun Jurnalistika fakültəsinin müəllimi, 2-3 nəfər Mətbuat Şurasının təmsilçisi, yerdə qalanlar isə müxtəlif ali məktəblərin dil-ədəbiyyat müəllimləri idi. Ədəbiyyat, filologiya sahəsində çalışan ali məktəb müəllimi jurnalist olacaq abituriyentin hansı xarakterik keyfiyyətlərini, yazıdakı müstəqil mühakimələrini qiymətləndirə bilər?

Onlar yalnız cümlədə durğu işarələrini, orfoqrafik səhvləri müəyyən edib qiymətləndirirlər. Şərtlər kifayət qədər ağır olduğundan, eyni zamanda TQDK Jurnalistika fakültələrinə qabiliyyət imtahanları ilə bağlı seminarlar, konfranslar, təbliğat materialı həyata keçirmədiyindən 341 abituriyentdən 178 nəfəri imtahanda iştirak etməyib. Axı bunlar həyata keçirilməlidir.

Mənim Məleykə Abbaszadəyə böyük hörmətim var, Azərbaycan təhsilində imtahanlar sahəsində kifayət qədər şəffaf bir sistemin tətbiqində fəallıq göstərən ziyalı bir xanımdır. Onun işini biz həmişə yüksək qiymətləndiririk və bilirik ki, işi çox olduğu qədər, eyni zamanda da gərgindir. Ancaq 163 abituriyentin niyə 57 nəfəri məqbul qiymət alıb? Hesab edirəm ki, bu sistem dəyişməli, şərtlər yüngülləşdirilməli, regionlarda təbliğat işi aparılmalıdır. Jurnalist olmaq istəyən abituriyentlər çoxdur, sadəcə olaraq şərtlər o qədər ağırdır ki, abituriyentlər bundan imtina edirlər”.

Baş redaktorun sözlərinə görə, əgər həmin şərtlər dəyişməzsə, bu il 57 nəfər müsbət qiymət alıbsa, gələn il bu göstərici 30 olacaq: “Çünki şərtlər jurnalistikanın bakalavr pilləsini bitirən tələbələr üçün nəzərdə tutulan şərtlərdir. Jurnalistika xüsusi yaradıcılıq sahəsidir, sərbəst fikir, mülahizə yürütmək, ifadə qabiliyyəti olan tələbə qəbul olmalıdır. Məsələn, elə yazılar var ki, tamam fərqli düşüncə tərzini əks etdirir, jurnalistika da bu fərqliliyi qəbul edir.

O yazılarda orfoqrafik səhvlər olsa belə, müsbət qiymətləndirilməlidir. Ancaq imtahanda şərtlər o qədər ağırdır ki, bu, nəzərə alınmır. Abituriyentlərdən 3 səhifəlik yazı tələb olunursa, onlara qaralama üçün bir səhifə yer ayrılması nə dərəcədə düzgündür?. Məleykə xanımdan bütün bunları nəzərə almasını xahiş edirik, əks halda, planlı şəkildə hansısa işin ağırlığını, həcmini azaltmaq üçün "Jurnalistika fakültəsində qabiliyyət imtahanları baş tutmadı" deyərək belə bir nəticə əldə edilirsə, mən, sadəcə buna təəssüflənirəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...