"Belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub"
“Bu il iyul ayı əvvəlki illərlə müqayisədə bir qədər fərqli keçir. İyulun I ongünlüyündə temperatur yüksək idi, istilər müşahidə olunurdu. Lakin II ongünlükdə demək olar ki, şimal-qərb küləyi üstünlük təşkil etdi. Bununla əlaqədar yüksək temperatur müşahidə olunmadı”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Baş hidroloq bildirib ki, iyul ayında belə qeyri-sabit hava şəraiti sonuncu dəfə 11 il əvvəl müşahidə olunub: “Xüsusən iyul ayının 16-sı, 17-si, 18-i, 19-u, 22-si və 23-ə keçən gecə respublika ərazisində yağış yağıb. Ən çox yağış Lənkəran-Astara və Böyük Qafqaz ərazisində qeydə alınıb. Müşahidə dövrünə nəzər salsaq, görərik ki, iyul ayında bu cür qeyri-stabil hava şəraiti 1985, 1993 və 2004-cü illərdə müşahidə olunub”. A. Verdiyev qeyd edib ki, yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında temperatur 30-35 dərəcə arasında dəyişəcək: “Həftə sonundan etibarən temperaturun tədricən yüksələcəyi gözlənilir”.
1197 dəfə oxundu