Azərbaycanda ilk dəfə - korlar üçün Quran çap edildi
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə brayl (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə çap edilmiş “Qurani-Kərim”in təqdimatı keçirilib.
APA-nın məlumatına görə, DQİDK sədri Mübariz Qurbanlı brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim”in çap prosesinə mart ayından başlandığını bildirib. Azərbaycanda ilk dəfə görmə qabiliyyəti məhdud və ya itirilmiş insanlar üçün brayl əlifbası ilə hazırlanan “Qurani-Kərim”in DQİDK-nin maliyyə dəstəyi ilə 7 cilddə çap edilib.
M. Qurbanlı prezident İlham Əliyevin təşəbbüsü ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qisminin “Qurani-Kərim”in brayl əlifbası ilə çapına ayrıldığını qeyd edib: “Birbaşa bu mənbədən oxumaqla insan islamın mahiyyətini daha dərindən dərk edə bilir. Vətəndaşların sosial müdafiəsi cəhətdən “Qurani-Kərim”in brayl əlifbası ilə dərc olunması sosial bir siyasətdir”. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev “Qurani-Kərim”in özünün bir şəfa olduğunu vurğulayıb: “İnsan dili bilməməsi, “Qarani-Kərim”i başa düşüb-düşməməsindən asılı olmayaraq ahəngi elədir, oradan bir hecanı qoparmaq da mümkün deyil. Çox sevindim ki, nəhayət, Azərbaycanda belə bir iş görülüb”.
1301 dəfə oxundu