"2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."- DTX-nın həbs etdiyi keçmiş rəis Zakir Sultanovun ifadəsi

"2.4 milyonunun 300 mini nağd mənə verilib, amma..."-

Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittihamla Zakir Sultanov özünü qismən təqsirli bilib. Hakim xatırladıb ki, Zakir Sultanov istintaqda özünü tam təqsirli bildiyini deyib. Zakir Sultanov isə söyləyib ki, istintaqda da özünü qismən təqsirli bildiyini deyib, amma tam təqsirli bilinməsi kimi qeyd edilib.

Daha sonra Zakir Sultanov ittiham olunduğu epizodlar üzrə ifadə verib.

İlk epizod Masallı Rayon Mədəniyyət Evinin təmiri üçün 2.4 milyon manatın ayrılması və həmin məbləğin 300 min manatının nağdlaşdırılaraq Zakir Sultanov tərəfindən götürülməsidir.

Zakir Sultanov bildirib ki, həmin 300 min manat məbləğin hamısını özünə götürməyib. Bildirib ki, 300 min manatın müəyyən hissəsi ona çatıb, amma əsas məbləğ tikintidə görünməyən və rəsmiləşdirilməyən xərclərə sərf edilib.

Görünməyən xərcləri isə Zakir Sultanov abadlıq işləri, parkların salınması və s. işlər kimi izah edib.

İkinci epizod Lənkəranda tarixi abidənin bərpası üçün ayrılan 1.4 milyon manatın 200 min manatınının nağdalaşdırılaraq ələ keçirilməsidir.

Bu iki epizod üzrə pullar Mətləb Məmmədov adlı şəxsə məxsus şirkətə ayrılıb. Həmin təmir, tikinti və bərpa işlərini Mətləb Məmmədov həyata keçirib.

M.Məmmədiv "Elmi-Bərpa İstehsalat" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub.

Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində yerləşən Mülsüm Maqomayev adına musiqi məktəbinin təmiri üçün ayrılan vəsaitlərin bir qismi də eyni qaydada nağdlaşdırılıb.

Zakir Sultanov bu epizodlar üzrə danışarkən əlavə edib ki, belə layihələrin rəsmi qurumlardan keçməsi üçün rüsumlar ödənilməli idi. Buna görə də layihənin xərcləri şişirdilirdi. Həmin vəsait də dövlət qurumlarına ödənilirmiş. Zakir Sultanov qeyd edib ki, bu məbləğ rüşvət yox, ödənilməli olan rüsum olub.

Məlum olub ki, bu epizodlar üzrə pullar Elmar Məmmədov adlı şəxs vasitəsi ilə nağdlaşdırılıb.

Başqa bir epizod isə Maştağa qəsəbəsində yerləşən mədəniyyət mərkəzinin abadlaşdırılması üçün layihədir.

İttihamda yazılır ki, layihə başa çatmadığı halda işin tam görülməsi aktlaşdırılıb.


Zakir Sultanov bunu belə izah edib:

"İl qurtarana yaxın Maliyyə Nazirliyi tərəfindən xəbərdarlıq gəldi ki, ayrılan vəsaitlərin, görülən işlərin hesabatı verilsin. Əgər həmin işin görülməsi göstərilməsəydi, növbəti ildə Maliyyə Nazirliyi pul ayırmayacaqdı".

Başqa bir epizod isə Milli İncəsənət Muzeyinin təmiri üçün ayrılan vəsaitin mənimsənilməsidir.

Bu epizod üzrə danışan Zakir Sultanov bildirib ki, Milli İncəsənət Muzeyi ilə bağlı uzun-uzun danışmaq olar:

"Bu, çox uzun məsələdir. Baş podratçı və subpodratçı şirkət arasında müqavilə oldu. Subpodratçı İtaliya şirkəti idi. 2 ilə nəzərdə tutulan layihə 4 ilə qədər uzandı. Səbəb isə devalvasiya idi. Həmin layihənin başa çatması vacib idi. İtalyan şirkətinə özüm nağd şəkildə 300 min vermişəm. Ümumi olaraq 1 milyon manat əlavə olaraq pul xərcləmişəm. Bunu sübut edəcək şahidlərim də var".

İttihamda daha bir neçə layihə tam həyata keçirilmədiyi halda işlərin başa çatması ilə bağlı aktlar yazılıb. Sonuncu epizod isə 950 manat internet pulunun yazılması və mənimsənilməsi var. Zakir Sultanov bu epizoda gülərək cavab verib.

Deyib ki, istintaq zamanı da müstəntiq deyib ki, bu boyda rəqəmlərin yanına 950 manatı nəyə yazırsan?

"Çox gülməli idi. Bunu müstəntiqə də dedim. Xidmətin saytının yığılması üçün vəsait ayrılmışdı. Həmin istiqamətdə iş görülürdü. Bu məbləğ də oradan götürülüb. Müstəntiqə dedim ki, həmin rəqəmlərin yanına bunu niyə yazırsan?",- deyə Z.Sultanov bildirib.

Rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlu Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə suçlanır.

Zakir Sultanovun xidməti və yaşadığı ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, Zakir Sultanov İttihamda göstərilən 6 milyon manata yaxın zərəri ödəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
584 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...