Mətləb Hüseynov Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində yarım milyon manatı hansı yollarla mənimsəyib

Mətləb Hüseynov Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində yarım milyon manatı hansı yollarla mənimsəyib
Azərbaycanda peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Sözügedən Agentliyin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək olub. Həmçinin əmək bazarının tələblərinə uyğun müasir tədrisin təşkilinə nail olmaq və bu istiqamətdə ölkəmizdəki peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etmək, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini həyata keçirmək olub. Bu bir daha onu göstərir ki, ölkəmizdə peşə-ixtisas təhsilinə böyük ehtiyac var və bu məsələ ölkə rəhbərliyinin ciddi nəzarətindədir.

Bəs görəsən ölkəmizdə peşə-ixtisas təhsilinin inkişaf etdirilməsinə cavabdeh olan qurum, Peşə Təhsili üzrə Dövlət Agentliyi üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirmi? Agentliyin rəsmi internet portalına yerləşdirilmiş xəbərlərdə 2023-2024-cü tədris ili ərzində təhsil müəssisələri tərəfindən şagirdlərin, valideynlərin və bütün maraqlı tərəflərin peşə təhsili pilləsi və onun yaratdığı imkanlar haqqında məlumatlandırılması məqsədilə infotur və “açıq qapı” tədbirləri keçirilib. Cari tədris ili ərzində təşkil olunmuş tədbirlərdə ümumilikdə 39,544 şagirdə peşə təhsil pilləsi haqqında məlumat verilib. Agentliyin keçirdiyi bu kimi tədbirlər barədə məlumatlar çoxdu. Agentliyin may ayında yaydığı bir məlumatda isə bildirilir ki, bu il ərzində keçirilən monitorinqlərin nəticəsi əsasında vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyən 11 şəxslə bağlı tədbir görülüb. Belə ki, 1 nəfərə şiddətli töhmət, 4 nəfərə töhmət verilib. 2 nəfərə şifahi, 3 nəfərə yazılı xəbərdarlıq edilib. 1 nəfərin məsələsi isə hüquqi qiymətin verilməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Emal Sənayesi üzrə Peşə Təhsil Mərkəzində YARIM MİLYONLUQ MƏNİMSƏMƏ...

Qeyd edək ki, Aktualinfo.org hələ ötən il Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsil müəssisələrindən birində, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində baş verən bir çox qanunsuzluqlarla bağlı məlumat yaymışdı. Xatırladaq ki, Bakıda, Sabunçu rayonundakı Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi bir neçə peşə məktəbinin bazasında yaradılıb. 1996-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Bakı Peşə Liseyi Azərbaycan Respublikası Təhsil Nazirliyi 02 sentyabr 1996-ci il tarixli, 440 saylı əmrinə əsasən 84 saylı Texniki Peşə Məktəbi Bakı Texniki Liseyi ilə birləşdirilərək 12 saylı Bakı Peşə Liseyi adlandırılmışdır. Nazirlər Kabinetinin 405 saylı, 11 oktyabr 2016-cı il tarixli qərarına əsasən 1 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Liseyi, 17 nömrəli Bakı Peşə Liseyi və 10 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Ötən yazıda 2019-cu ildə 4 peşə məktəbini özündə birləşdirən Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə Mətləb Hüseynovun direktor təyin olunmasından sonra orada ciddi dəyişikliklərin baş verdiyini yazmışdıq. Belə ki, Təhsil Mərkəzinin direktoru olduqdan sonra Mətləb Hüseynov bütün peşəkar kadrları işdən çıxararaq və öz komandasını yığmağa başladığını bildirmişdik. Həmin məlumatlarda ilkin olaraq peşə mərkəzinin 40 ilə yaxın peşə təhsili üzrə ixtasaslı kadrının müxtəlif bəhanələrlə işdən çıxarıldığı göstərilirdi. İndi məlum olur ki, Mətləb Hüseynov bütün bunları heç də peşə məktəblərinin inkişaf etdirilməsi üçün etməyibmiş. Bu barədə az sonra.

Qeyd edək ki, gənc olmasına baxmayaraq Mətləb Hüseynov peşə təhsili sahəsində çoxdan çalışır. Onun 9 saylı Bakı Peşə Liseyinə direktoru olduğu dövrdə törətdiyi qanunsuz əməllərindən elektron media resurslarında kifayət qədər geniş məlumatlar yayılıb. Mətbuatlarda yazılanlara görə Mətləb Hüseynov vaxtı ilə Təhsil naziri olmuş, hazırda isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrıdır. Amma bizə verilən məlumatlara görə bu heç də belə deyil. Onu vəzifəyə keçmək üçün pulunu verdiyi şəxslər sabiq təhsil nazirinin adından istifadə ediblər. Amma əslində isə Mikayıl Cabbarov onu bəlkə də heç görməyib.

Mətbuatın yaydığı məlumatlara belə aydın olur ki, Mətləb Hüseynov karyerası boyu işlədiyi bütün vəzifələrdə dövlətin malını talamaqla məşğul olub. İstər Bakı Sənaye-Pedoqoji Kollecində çalışanda, istər 9 saylı Bakı Peşə Liseyinin direktoru olduğu dövrdə, istərsə də Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərliyi dövründə ancaq qanunsuz işlərlə məşğul olub. Əvvəlki iş yerlərindən fərqli olaraq Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində Mətləb Hüseynov qanunsuz əməllərinin üstü açılıb. Bu ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalardan sonra məlum olub.

Xatırladaq ki, ötən yazıda Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində aparılan yoxlamadan sonra Peşə Təhsili üzrə Dövlət Agentliyi mərkəzin baş mühasibini işdən çxardığını qeyd etmişdik. Səbəb isə Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzindəki maliyyə pozuntu hallarını güya baş mühasib özbaşına törətdiyi bildirilirdi.

Amma bizə verilən ən son məlumatlara görə bu heç də belə olmayıb. Dövlət Maliyyə Nəzarəti Xidmətinin apardığı yoxlamada məlum olub ki, Mətləb Hüseynov Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinə rəhbərli etdiyi dövrdə, yəni 2019-2023-cü illərdə beş yüz min manat dövlət vəsaitini mənimsəyib. O bunu hansı yollarla edib? Qeyd etdiyimiz kimi, Mətləb Hüseynov vəzifə başına keçən kimi sözügedən Təhsil Mərkəzinə öz kadrlarını yerləşdirməyə başlayıb. Sonra da həmin müəllimlərin adına ildə bir neçə dəfə min manat mükafat, yardım yazıb onlardan geri alaraq mənimsəyib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti yoxlamaların nəticələrini Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edib. Hazırdsa Korupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzində yol verilən maliyyə pozuntularla bağlı Cinayət Məcəlləsinin bir neçə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, rüşvət alma maddələri ilə cinayət işi başlanılıb və istintaq işi aparılır. Adına min manat mükafat yazılmış müəllimlərin hər birindən izahat alınır. Digər müəllimlər də bir -bir istintaqa çağırılır. İstintaqın gedişindən asılı olmayaraq mövzuya daha ətraflı bir daha qayıdacağıq.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovdur. O, bu vəzifəyə Təhsil naziri Emin Əmrullayevin əmri ilə ötən ilin oktyabrında təyin olunub. Buna qədər Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edib.

Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
966 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...