Sabiq təhsil naziri: "Test üsulunda radikal dəyişikliklər edilməlidir"
"Azərbaycanda ədaləti bərpa edən test üsulu ləvğ edilə bilməz, amma ona günün tələblərinə görə radikal dəyişiklik olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq təhsil naziri Firudun Cəlilov test üsuluna dəyişiklərin olunması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. O, test üsulunda yeni reformanın vacibliyini vurğulayıb:
"Test üsulunu Azərbaycana mən gətirmişəm. O vaxt düşünürdüm ki, 2-3 ilə bu üsul Azərbaycanda oturuşacaq və kimin oxumağa marağı varsa, buyursun, kim oxumaq istəmirsə getsin özünə sənət bir tapsın, onunla da dolansın. Biz Azərbaycana test üsulunu ona görə gətirdik ki, ədaləti bərpa etsin. Onu da elədik, kasıb uşaqlar ali məktəblərdə daxil oldu və bu gün də proses gedir”.
Sabiq nazir bildirib ki, hələ o vaxt test üsulunu tətbiq edəndə fəsadların olacağını da bilirmiş:
"Bilirdik ki, bu şagirdlərin şifahi danışığına mənfi təsir göstərəcək, şagirdlər testə düşən fənlərdən başqa fənlərə maraq göstərməyəcək və s. Amma o dövr üçün bizə ədalətin bərpası lazım idi. Təəssüf ki, sonra test üsulu özbaşınlıqlara səbəb oldu və bu gün də özbaşınalıq davam edir. Test üsulunda radikal dəyişikliklər edilməlidir”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər:
"Dövlət İmtahan Mərkəzi ilə yaxından və ya uzaqdan heç bir əlaqəm yoxdur. Hətta rektor işlədiyim vaxtlarda aramızda bir məsələ ilə bağlı fikir ayrılığı da olub. Ancaq son zamanlar Dövlət İmtahan Mərkəzinin hədəfə alınmasını, ləğvi ilə bağlı fikirlərin səsləndirilməsini yanlış və bir sıra hallarda məqsədli hesab edirəm. Hər bir qurumun fəaliyyətindən, qəbul etdiyi qərarlardan kimlərsə narazı ola bilər. Ancaq bu o demək deyil qurum və ya sistem ləğv edilməlidir. Hesab edirəm ki, bu gün ölkədə fəaliyyətini ən peşəkar səviyyədə quran qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir. Əgər, kimsə düşünürsə ki, bu qurumun və sistemin ləğvi ilə təhsilimiz daha ağ günə çıxacaq yanılır. Onsuz da bu gün uzun illərdir yaranmış ənənələrin mərhələli və məqsədli şəkildə pozulduğunu bir sıra hallarda müşahidə edirik. İmtahanların çətin olması fikrinə gəlincə, bunun hansısa məqamda və mərhələdə çətin olması fikri nəzərdən keçirilə bilər. Bu gün hesab edirəm, onsuz da ali məktəblərə qəbulu kifayət qədər asanlaşdırmışıq. Hamının ali təhsilə kütləvi gəlməsi barədə deyil, oxumağa həvəsi və potensialı olan insanların gəlməsi barədə düşünməliyik”.
Valideynlərə və övladlara gəlincə, deputat bildirib ki, bu gün şəffaf şəkildə imtahan prosesində iştirak etdiyinz halda gələcəkdə fərqli vəziyyət və hallarla üz-üzə qala bilərik:
"Bu gün Dövlət İmtahan Mərkəzinin ləğvini, müsabiqədən kənar qəbulu dəstəkləyən insanların niyyətləri onların heç də bu fikirdə saf və təmiz olması demək deyil. Burada çirkin məqsəd və niyyətlər də var. Bəzilərinin buna biznes gözü ilə baxması da istisna deyil. Ona görə hissə qapılaraq total hücuma keçib kimlərinsə dəyirmanına su tökməyək. Eyni zamanda, hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi də narazılıqları görməməzlikdən gəlməməli və qulaqardına vurmamalıdır. Əgər, hansısa məsələdə obyektiv narazılıq varsa, bu, ciddi təhlil edilməli nəticələr ictimaiyyətə açıqlanamlıdır. Gəlin, təhsilimizi qoruyaq, onun təəssübünü çəkək”.
679 dəfə oxundu