“İdeal”ın sahibi 1 milyonluq mənzili şirkətin pulu ilə almaqda ittiham edilir

“İdeal”ın sahibi 1 milyonluq mənzili şirkətin pulu ilə almaqda ittiham edilir

Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Gundeminfo.az "qafqazinfo"ya istinadla xəbər verir ki, iclasda İ.İsmayılovun “Şəhər Bağları” MTK-dan aldığı evlə bağlı mübahisəli məqam araşdırılıb.
İttihama görə, İlqar İsmayılov 2013-cü ildə “İdeal”ın kassasından 280 min manat götürərək özünə mənzil alıb. Məlum olub ki, İlqar İsmayılov evi Leyla Novruzovadan 1 milyon manata alıbmış.
Prosesdə ifadə verən şahid Elçin Zeynalov deyib ki, o, həmin evin alqı-satqı prosesində L.Novruzovanın nümayəndəsi kimi iştirak edib, lakin İlqar İsmayılovdan heç bir pul almayıb: “Leyla xanımın həyat yoldaşı Yaşar müəllimlə iş yoldaşı olmuşam. Mənə sadəcə açarı verdilər, xahiş elədilər, aparıb evi göstərim. Düzdür, o sənəddəki imza mənimdir. Amma mənə pul filan verən olmayıb. Başqa heç nə yadıma gəlmir. Heç qol çəkməyimi də xatırlamıram”.
Daha sonra “Şəhər bağları” MTK-nin komendantı Xaliq Orucov ifadə verib. Onun ifadəsi zamanı bir çox qaranlıq məqamlara aydınlıq gəlib.
X.Orucov alqı-satqı əməliyyatında şəxsən iştirak etdiyini təsdiqləyib: “Leyla Novruzova o mənzili MTK-dan 2008-ci ildə almışdı. Sonra İlqar İsmayılova satdı. İlqar İsmayılov özü də həmin binada kirayədə qalırdı. Daha əvvəl gəlib evə baxıb bəyənmişdi, 5 otaqlı mənzil idi. Razılaşma mənim kabinetimdə olub. Leyla xanım evi 1 milyon manata satmışdı.
Birinci dəfə hər iki tərəfin nümayəndələri razılaşdılar ki, ödəniş iki dəfəyə həyata keçirilsin. Əvvəlcə 100 min ödədilər. Evin “kupça”sı olmadığı üçün tərəflər notariusa getdilər. Leyla xanım orada MTK-dəki mənzildən İlqar İsmayılovun xeyrinə imtina etdiyini təsdiqlədi. Sonra İlqar İsmayılovun adamları paketlərdə qalan 900 min manatı gətirdilər”.
Proses noyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, İ.İsmayılov 2013-2016-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...