Bakı zooparkının yeni halı və gözəlliyə qənim kəsilənlər...
Bakı Zooloji Parkı yenidənqurma işləri başa çatdıqdan sonra ən çox insan axının olduğu gəzinti məkanına çevrilib desək, yanılmarıq. Əvvəllər heyvan, nəcis iyindən yaxınına gedilə bilməyən park bu gün yeni görüntüsü ilə insanların diqqətini çəkir. Xüsusilə də həftəsonları parkın içərisində və hətta ətrafında izdiham yaşanır.
Əvvəla parka yaxın olan bütün maşın dayanacaqları maşınla dolu olur. Avtomobili park etmək üçün saatlarla yer axtarsanız da, yalnız neçə km məsafə dolaşandan sonra yer tapa bilərsiniz. Bu zaman isə geri qayıtmaq üçün həmin yolu ayaqla qət etməli olacaqsınız. Onun üçün də ən yaxşısı elə ictimai nəqliyyatdan istifadə edərək getməkdir.
Parka giriş üçün biletlər isə elə parkın qapısında quraşdırılmış köşklərdə satılır. Bu sırada 3 ayrı pəncərə və satış mütəxəssisi olsa da, yenə də bilet “növbə”si ucsuz-bucaqsız olur. Növbə deməyimə baxmayın. Burada növbə sözünün heç “n”sından söhbət belə gedə bilməz. Bilet ala bilmək üçün sanki hamı yarışa girib. Kimin cüssəsi, canı, qolu güclüdürsə, əlbəttə ki, ilk bileti o alır. Vay o gündən ki, balaca və çəlimsiz olasan. Onda qalacaqsan ayaqlar altında. Bir sözlə, bilet almaq məsələsi insanı o qədər yorur ki, istirahət üçün gəldiyini unudursan.
Biletin qiymətləri isə böyüklər üçün 5 manat, 3 yaşdan yuxarı uşaqlar üçün 2 manatdır. Şəhid ailələrinin üzvləri üçün zooparka giriş pulsuz, veteranlar və onların övladları, Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün biletlər endirimli qiymətlərlədir.
Parkın içərisi isə sanki bir cənnətdir. Ətraf çox səliqəli, təmiz, göz oxşayan yazıllıqlarla doludur. Heyvanların qəfəsləri isə əvvəlkilərlə müqayisə edilməyəcək dərəcədədir. Əvvəllər çox balaca, şəraitsiz, natəmiz vəziyyətdə saxlanılan heyvanlar da sanki kefsiz olurdu. Nə zaman getsək, yatır, mürgüləyirdilər. İndi isə heyvanlarda da bir canlanma var. Görünür, yeni yuvalarından onlar da məmnundurlar.
Parkın ən diqqətçəkən bölümlərindən biri isə akvaterrariumdur. Bu hissə dar cığırdan və kənarlarda heyvan yuvalarından ibarətdir. Bu hissə sanki insana dənizin içərisini xatırladır. İnsan özünü su altında hiss edir. Amma burda da inan axını o qədər olur ki, az qalır ürəyin dayansın. Necə deyərlər bir girəndə sevinirsən, bir də çıxanda.
Parkın yeni açılmasına baxmayaraq, artıq insanlar burda da öz izlərini çox pis formada qoyublar. Akvariumların kənarı yeyinti qalıqları, tullantılarla doludur, oturacaqlarda zədələnmələr var və s. Anlamaq olmur ki, yaradılan bu gözəlliyə insan necə qiya bilər?
Unutmayaq ki, bizim bir saatlıq gəzinti üçün gəldiyimiz yer orada məskunlaşmış canlıların evi, yuvasıdır.
Leyla Mirzə, Bizimyol.info
775 dəfə oxundu