Azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması darmadağın edildi

Azərbaycanlılardan ibarət “Cundullah” qruplaşması darmadağın edildi

Suriyanın şimalında, Latakiyə rayonundakı Türkmən dağlarında mövqe tutmuş, üzvləri əsasən azərbaycanlılardan ibarət olan “Cundullah” radikal terrorçu qruplaşması digər radikal qruplaşma-“Həyyat Təhrir əş-Şam” (“Əl-Qaidə”nin keçmiş Suriya filialı, yaxud “Ən-Nüsra” cəbhəsi) tərəfindən darmadağın edilib. virtualaz.org ərəb mənbələrinə istinadən xəbər verir ki, qruplaşma üzvlərindən bir qismi məhv edilib, qalanları isə təslim olub.
Xatırladaq ki, bir neçə gün əvvəl bölgədə üzvləri əsasən xaricilərdən ibarət olan iki azsaylı qruplaşma-“Əbu Müslim əl-Şişani” ləqəbli çeçenin rəhbərlik etdiyi “Cund əl-Şam” və “Əbu Hənifə əl-Azəri” ləqəbli azərbaycanlının başçılıq etdiyi, təxminən 150 cihadçıdan ibarət “Cundullah” qruplaşması “Həyyat Təhrir əş-Şam” qruplaşması ilə şiddətli döyüşlər apardığı xəbər verilmişdi. Vaxtilə hər iki qruplaşma “Həyyat Təhrir əş-Şam”ın tərkibinə daxil olub, lakin bir müddət əvvəl onların yolları ayrılıb. İki azsaylı qruplaşma Türkmən dağlarına çəkilərək “Həyyat Təhrir əş-Şam”ı “cihad yolundan uzaqlaşmaqda” ittiham ediblər. Onların arasında danışıqlar nəticə verməyib, hətta üzvləri xüsusi qəddarlığı ilə tanınan “Cundullah” yaraqlıları “Həyyat Təhrir əş-Şam”ın danışıqlar aparmaq üçün göndərilən nümayəndələrini öldürüb başlarını kəsiblər.

Adının çəkilməsindən ehtiyat edən mənbə yerli KİV-lərə açıqlayıb ki, Əl-Yamadiyə və Cəbəl əl-Türkmən rayonlarında (Latakiyə rayonunun şimal-şərqindəki dağlıq ərazilər) dörd gün davam edən şiddətli döyüşlərdən sonra “Həyyat Təhrir əş-Şam” “Cundullah” qruplaşmasını tam darmadağın edib. Qruplaşma üzvlərindən 20-dən çoxu öldürülüb, 50-dən çoxu təslim olub. “Cundullah” qruplaşmasının təxminən 150-yə yaxın üzvlərinin olduğu bildirilirdi.

Məlumata görə, döyüşlərin nəticəsi olaraq “Cundullah” özünü buraxmağa razılaşıb, habelə ağır silahlarını təhvil verib. Bundan iki gün əvvəl isə “Cund əl-Şam” qruplaşması neytrallaşdırılıb, qruplaşma özünü buraxdığını elan edib və onun lideri “Türküstan İslam Partiyası” adlı qruplaşmaya daxil olub. Sonuncu qruplaşma tərəflər arasında vasitəçilik edirdi. Bildirilir ki, bu gün səhər saatlarında “Cundullah” və “Cund əl-Şam” qruplaşmalarının qalıqları danışıqların nəticəsi olaraq silahlı konvoyların əhatəsində Cəbəl əl-Türkmən bölgəsini tərk edib və “naməlum rayona” istiqamət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...