Əri tərəfindən polis şöbəsində öldürülən qadının yeni SƏS YAZISI yayıldı
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində polis əri tərəfindən qətlə yetirilən Xanım Məmmədovanın yeni səs yazısı üzə çıxıb.
Gundeminfo.az xəbər verir ki, baku.ws-in əldə etdiyi səs yazısında bibisi qızı ilə danışan X.Məmmədova həyat yoldaşı İ.Məmmədovun ona qarşı zor tətbiq etməsindən danışır:
"Gülüş, narahat olma, bu, nə vaxtsa olmalı idi. Uşaqları da gətirmişəm. Telefonumu da əlimdən almışdı. Vaqif məktəbə gedən gündən evdə qırğındır.
Müəllimə "Whatsapp"da qrup yaradıb, amma mənim "Whatsapp"ım yoxdur. Yükləyib öz telefonuna, guya mən işlədirəm onu. Bütün mesajları özü oxuyurdu. Mən heç kimlə danışmıram. Vaqifi götürməyə gedəndə valideynləri görürəm və onlardan üçünü tanıyıram. Hər gün mənə deyir ki, niyə o, sənə yazdı, niyə kimləsə orada danışmısan.
Bu gün məni gəlib döydü. Başımı dolaba vurdu, yerdə sürüdü. Polis ayaqqabısı ilə qarnımı və belimi təpiklədi".
Səs yazısının X.Məmmədovaya aid olmasını onun xalası Nəsibə Məmmədova təsdiq edib.
Qeyd edək ki, Xanım Məmmədova sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahla qətlə yetirilib. İ.Məmmədov işdən çıxarılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib.
719 dəfə oxundu