Hakim arvadını öldürdükdən sonra bir güllə də özünə vurmaq istəyib

Hakim arvadını öldürdükdən sonra bir güllə də özünə vurmaq istəyib

Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşları şahid qismində dindirilib.

Sabunçu RPİ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Yasin Umudov ifadəsində bildirib ki, "102 Qaynar Xətti"ndən hadisə ilə bağlı Növbətçi Hissəyə məlumat verildikdən sonra hadisə yerinə gedib:

"Əvvəlcə "102"-ə məlumat verən nömrəyə zəng etdim. Telefona Fəqan Əhmədov özü cavab verdi. Dedi ki, "yoldaşımı öldürmüşəm". Mən hadisə yerinə çatanda gördüm ki, 42-ci Polis Bölməsinin əməkdaşları oradadır. Fəqan müəllimin davranışlarından sərxoş vəziyyətdə olduğu görünürdü. Ağzından spirtli içki iyi gəlirdi. Fəqan müəllimdən hadisənin necə baş verdiyini soruşdum. Zarafatla silahı götürüb qorxutmaq məqsədi ilə arvadına tuşladığını dedi. Elə bilib silahın qoruyucusu bağlıdır. Səhvən atəş açdığını dedi. Mən içəri girəndə Fəqan Əhmədovun arvadı divanda oturaqlı vəziyyətdə idi, güllə ürək nahiyəsindən dəymişdi. Orada dedilər ki, Fəqan bəy hadisədən sonra çıxıb bir güllə də özünə vurmaq istəyib. Amma uşaqları gözünün qabağına gəlib, havaya atəş açıb.

Fəqan müəllim dedi ki, içki içdiyinə görə arabir həyat yoldaşı ilə mübahisələri olurmuş".

Daha sonra Sabunçu RPİ 42-ci Polis Bölməsinin sahə rəisi Ülfət İskəndərov ifadə verib. O, hadisədən 15 dəqiqə sonra Fəqan Əhmədovun evinə çatdığını bildirib:

"Həmin gün əməliyyat qrupunun rəhbəri idim. Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Sahə rəisi olduğum üçün Fəqan müəllimi tanıyırdım. Görəndə çox həyəcanlı idi, hadisədən sonra peşman görünürdü. Bu günədək həyat yoldaşı ilə aralarında mübahisə olduğunu eşitməmişdim. Amma Fəqan müəllim dedi ki, spirtli içki qəbul etdiyi üçün arvadı ilə problemlər yaşayırmış. Həmin vaxt da Fəqan Əhmədovun içkili vəziyyətdə olduğu açıq-aşkar bilinirdi".

Daha sonra hadisənin yeganə şahidi, Fəqan Əhmədovun 14 yaşlı oğlu dindirilməsi üçün məhkəmə zalına çağırılıb. Hakim ona hüquqlarını izah edib və ifadə verməkdən imtina etmək hüququ olduğunu bildirib. F.Əhmədovun oğlu məhkəmədə ifadə vermək istəməyib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.

Hakim yeniyetmənin ifadəsini elan etməyi təklif edib. Lakin prokuror, vəkillər və Fəqan Əhmədov ifadə ilə tanış olduqları üçün xahiş ediblər ki, ifadə elan olunmuş hesab edilməsin. Hakimlər tərəflərin razılığını nəzərə alaraq ifadəni elan olunmuş hesab edib və məhkəmə istintaqının yekunlaşdığını elan ediblər.

Növbəti məhkəmə prosesi sentyabrın 30-a təyin edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1076 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...