Nazir müavininin də yaralandığı qəzadan yeni xəbər var

Nazir müavininin də yaralandığı qəzadan yeni xəbər var


Bakı Apelyasiya Məhkəməsində 2 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Vaqif Mursaqulov sədrlik edib. Prosesdə Tural Rəhimovun apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul edilib.

Qərardan narazı qalan Tural Rəhimov Ali Məhkəməyə kassasiya şikayəti verib. O, kassasiya şikayətində apelyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Bu səbəbdən də apelyasiya instansiyasında məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Qeyd edək ki, ötən il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1303 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...