"Ballı market"in rəhbəri barəsində cinayət işi başlanıb

"Ballı market"in rəhbəri barəsində cinayət işi başlanıb


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq edilmiş birgə Tədbirlər Planına müvafiq olaraq manatın devalvasiyasından sui-istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq, korrupsiya və digər qanunsuz hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən “Ballı Market”in vəzifəli şəxsləri tərəfindən unun qiymətinin süni şəkildə artırılması barədə İqtisadiyyat Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.


İstintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “Ballı Market”in rəhbəri Həsən Mayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mağazada satılan 50 kiloqramlıq un kisələrinin qiymətini süni surətdə artıraraq, həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb, H.Mayılova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunub və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin, bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə edilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha sahibkarlıq subyektlərinə, bütün fiziki və hüquqi şəxslərə süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması, inhisarçılıq, korrupsiya və digər qanunsuz hallarına yol verməməyi tövsiyə edir və bu kimi hallara yol verən təxribatçılar, işbazlar, dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbardarlıq edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1151 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...