Bakıda saxta dollar əməliyyatı - Axtarışda olan şəxs də ələ keçdi (VİDEO)
Daxili İşlər Nazirliyi (DİN) Xəzər rayonunda əməliyyat keçirib.
DİN-nin mətbuat xidmətindən Qaynarinfo-ya daxil olan məlumata görə, Binə qəsəbəsində yaşayan bir nəfər Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək noyabrın 10-u qəsəbə ərazisində yerləşən mağazasında naməlum şəxsin alış-veriş edərkən ona 21 ədəd 100 dollarlıq saxta əskinas verdiyini bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 1981-ci il təvəllüdlü Gülnarə Eynullayeva, 1990-cı il təvəllüdlü Samir Fətullayev və 1999-cu il təvəllüdlü Əli Həmidov saxlanılıblar. Axtarış zamanı Samir Fətullayevdən əlavə olaraq 14 ədəd 100 dollarlıq saxta əskinas götürülüb.
Faktla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, dəstə üzvləri saxta əskinasları Türkiyədən Azərbaycana keçiriblər. Dəstə üzvlərindən Gülnarə Eynullayeva bundan əvvəl ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə gündəmə gəlib.
Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkət olan 33 yaşlı Bakı şəhər sakini Qurbanov Səid Elmar oğlunun maşını ilə toqquşub. Nəticədə Səid Qurbanov hadisə yerində dünyasını dəyişib.
Bəzi iddialara görə, Gülnarə Eynullayeva barəsində bundan əvvəl oğurluq hadisəsinə görə cinayət təqibi başlanıb. Bu işlə bağlı ibtidai istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Lakin Gülnarə Eynullayevanı saxlanılması mümkün olmadığından onun barəsində axtarış elan edilib.
Beləliklə, DİN-nin əməliyyatı nəticəsində həm də axtarışda olan şəxs ələ keçib.
534 dəfə oxundu