"Həkim gözlərimi şikəst etdi” - "Kəpəz" Hospitaldan şikayət

"Həkim gözlərimi şikəst etdi” -
“Ötən ilin sentyabrında oftalmoloq Azər (Benjamin) Kazımov tərəfindən “Kəpəz” Hospitalda gözümdən ekzimer lazer əməliyyatı olunmuşam. Lakin əməliyyatdan sonra da görmə zəifliyi, ağrılar və qıcıqlanma kimi problemlər aradan qalxmadı. Həkim uzun müddət bizi yola verdi, problemimizi aradan qaldırmadı. Axırda başqa həkimə gedib müayinə olunanda bildik ki, gözümün buynuz qişasını zədələyib, məni şikəst edib”.

Bu iddialarla “Qafqazinfo”ya pasiyent Nəzrin Cəfərli müraciət edib.

Onun sözlərinə görə, əməliyyatı icra edən həkimə problemin aradan qaldırılması üçün bir neçə dəfə müraciət etsə də, heç bir köməklik etməyib: “Həkimi televiziyadan Elgizin verilişində reklam olunanda görüb müraciət etmişik. Əməliyyatdan sonra problemlər qalanda həkim bizə dedi ki, bir müddətdən sonra düzələcək. Vəziyyətdən çıxmaq üçün məni Milli Oftalmologiya Mərkəzində Cəmil adlı həkimin qəbuluna göndərdi. Lakin onun da müalicələrinin xeyri olmadı. Vəziyyət o həddə çatmışdı ki, kimsə qolumdan tutmadan tək hərəkət edə bilmirdim. Məcbur olub başqa həkimə müraciət etdim və məlum oldu ki, Azər Kərimov məni səhv əməliyyat edib...”

Şikayətçi bildirir ki, nəticədə daha iki dəfə gözündə cərrahi əməliyyat icra olunub: “Müayinədə bildik ki, gözümün buynuz qişası çox dərin kəsilib. Bu dəfə müraciət etdiyim həkim isə dedi ki, dərin yaraları tikmək üçün ancaq əməliyyat olunmalıyam. Çünki həmin fəsadları ancaq bu yolla aradan qaldırmaq olar. Daha iki dəfə əməliyyat olundum. Birinci əməliyyat təyin olunanda Benjamin Azər Kərimova müraciət etsəm də, bizə müxtəlif bəhanələr gətirərək rədd etdi. Yenicə öyrənmişik ki, artıq əvvəlki klinikadan çıxaraq başqa bir özəl tibb müəssisəsinə keçib. İstəyirəm ki, mənim və mənim kimi digər insanların sağlamlığını əlindən alan bu həkim öz cəzasını alsın. Bu cür reklam olunan həkimlər insanların həyatını korlamasınlar.

Aylardır işə gedib-gələ bilmirəm. Bu həkim mənə həm maddi cəhətdən böyük ziyan vurub, həm də şikəst eləyib. Problemim isə hələ də aradan qalxmayıb...”
Sadalanan ittihamlara aydınlıq gətirmək üçün Benjamin Azər Kərimovla əlaqə saxladıq. Özünü həkimin asistenti kimi təqdim edən şəxs isə heç bir açıqlama vermək istəmədi: “Zəhmət olmasa, nə sualınız varsa, hüquq-mühafizə orqanlarına müraciət edin”.

Problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Özəl tibb fəaliyyəti haqqında” AR Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.

Vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində “İnzibati Xətalar Məcəlləsi”nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə və ya məhkəməyə müraciət etmək hüququn var”.


"Həkim gözlərimi şikəst etdi” -
"Həkim gözlərimi şikəst etdi” -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...