"Ən çox şikayət "Kontakt home"dandır

"Ən çox şikayət "Kontakt home"dandır
"Şikayətlərin palitrası ildən-ilə dəyişir. Son beş ildə ən çox şikayətlər mürəkkəb texniki vasitələr satan mağazalar şəbəkəsindən gəlir. Mobil telefon, paltaryuyan maşın və s. kimi texniki vasitələr satan mağazalarda sanki istehlakçıları aldatmaq üçün ciddi yarış gedir. İllər boyudur, birinci yerdə "Kontakt Home" dayanır. Növbəti yeri "Baku Elektronics", "İrşad telecom", "Optimal" bölüşür. Bu şəbəkədə insanların aldadılması, istehlakçı hüquqlarının pozulması çox geniş yayılıb. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmilərinə demişəm ki, iclas keçirin, bu adamları toplayaq, müzakirə edək".

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov deyib.

"Bu məsələdə istehlakçı hüquqlarının həll olunması alqoritmi belədir: İstehlakçı Azad İstehlakçılar İctimai Birliyinə şikayət edir, adətən digər sahələrdə olan şikayətlərin 80%-ni danışıq yolu ilə həll edirik, lakin adıçəkilən mağazalarda şikayətlərin cəmi 3-4%-i danışıq yolu ilə həll olunur. Biz də yazılı şəkildə dövlət orqanına müraciət edirik, ərizə göndəririk. Dövlət orqanı da istehlakçının hüququnu pozan tərəfə yazılı məktub göndərir. Onlar da özlərinə sərf edən cavabı dövlət orqanına göndərirlər. Dövlət orqanı da həmin cavabın bir kopyasını bizə, birini də şikayətçiyə göndərir. Axırda yazırıq ki, gedin məhkəməyə müraciət edin. Bu, anormal bir vəziyyətdir və bundan qurtarmaq lazımdır. Bu sahədə çox əcaib hallar baş verir. Məsələn, "Music Galerry"dən neçə illərdir, şikayət gəlmir. Bu, çox yaxşı cəhətdir. Düşünürəm, "Music Galerry"nin təcrübəsini digərləri də öyrənməlidir. Ümumiyyətlə, bu şəbəkələr malı satdılar, qapılar bağlanır, istehlakçının geri dönüşü üçün şərait yox dərəcəsindədir. Bütün mediada aqressiv reklam gedir. Bu şəbəkələr media qurumlarının çoxunu reklamlar vasitəsilə ələ alıblar. Belə bir şəraitdə böyük istehlakçı problemi yaşanır", - o qeyd edib.

AİİB sədri bildirib ki, ərzaq mallarından da şikayətlər daxil olur: "Bu isə ən çox rəfdəki qiymətin aşağı olub, kassada yuxarı olması məsələsidir. Süni qiymət artımı kimi məsələlər ərzaq mağazalarında mövcuddur. Restoranlarda da bu problem var. Bir "çaynik" çayı 50 manata verən, "feys kontrol" edən, çox miqdarda xidmət haqqı istəyən restoranlar şəbəkəsi... Bütün bunların səbəbi ölkədə istehlakçı hüquqlarını qoruyan dövlət orqanının effektli işləməməsidir. Biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradılıb və biznes qurumları da bundan sui-istifadə edirlər. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub. Ölkənin mükəmməl istehlakçı siyasəti yoxdur. Bütün bunlardan doğan səbəblərin nəticəsi göz qabağındadır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
195 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...