2 ay əvvəl AMEA-ya xalça satan şirkət indi də "Microsoft" lisenziyası satacaq...

2 ay əvvəl AMEA-ya xalça satan şirkət indi də "Microsoft" lisenziyası satacaq...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 7 min 250 manat olan tender müsabiqəsinin qalibi “Zəfər 052” MMC (VÖEN- 1007513961) olub.
“Zəfər 052” MMC AMEA-ya "Microsoft Windows Professional 10" əməliyyat sisteminin istifadəsi üçün lisenziyalar satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Zəfər 052” MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Bakı-Duz, ev 46-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Cavid Həmdulla oğludur.
Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Zəfər 052” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 ay əvvəl dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan 5 ay sonra AMEA Fizika İnstitutunun keçirdiyi 23 min manatlıq tenderin qalibi olub. 2 ay əvvəl Fizika İnstitutuna avadanlıq (şkaf, nərdivan, xalça və s.) satan bu şirkət indi də əməliyyat sistemləri üçün lisenziya satır.
“Zəfər 052” MMC son bir həftə ərzində Fizika İnstitutundan başqa daha 2 qurumun tenderində qalib olmağı bacarıb. Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun 17 min 881 manatlıq, T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun isə 22 min 385 manatlıq tenderində qalib olub.
Məlumat üçün onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 5 ay yarım əvvəl yaranan şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil. Üstəlik nə rəsmi saytı, nə sosial şəbəkə hesabı var. Amma tikinti materiallarından İKT məhsulların kimi çox fərqli sahələrdə məhsullar satır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...