Akif Əli: "30-cu illərdən qalma AYB-nin mahiyyəti belədir" - DƏHŞƏTLİ FAKTLAR

Akif Əli: "30-cu illərdən qalma AYB-nin mahiyyəti belədir" -
Ənənəvi formatda keçən növbəti qurultaydan sonra jurnalistin adi sualına qeyri-adi həddə qızan Azərbaycan xalq yazıçısının Azərbaycan dilinə oxşar bir dildə etirazını xalq gördü. Etirazın forması da, məzmunu da 15-20 il əvvəlki oxşar qalmaqalları yadıma saldı. Jurnalist sözügedən təşkilatın yaralı yerinə toxunmuşdu. Onların “qırmızı xəttini” keçmişdi. Bu tanış mövzuda mənim 2006-cı ildə çap olunmuş “Üçüncü yazı” adlı kitabım da var. Vaxtilə mən də AYB büdcəsi haqqında “sirrləri” açdığıma və gənc yazıçıları, xüsusən AYO-çuları müdafiə etdiyimə görə AYB üzvlüyündən xaric edilmişəm. Kitabda bütün bu prosesləri faktlar əsasında ətraflı qələmə almışam. Oradan AYB ilə bağlı çox mətləblərdən bəhs edilsə də, yalnız bugünkü kontekstə uyğun gələn bəzi kiçik fraqmentləri müasir dövrün oxucularına təqdim etmək yerinə düşərdi.



2000-2004-cü illər arasında gedən ədəbi prosesin aktual problemlərinə həsr olunmuş kitabın polemik ruhunu yeniliklə mühafizəkarlığın toqquşmasından doğan ideya mübarizəsi müəyyənləşdirir. O vaxt kitabı yazmaqda məqsədim sənədli ədəbi tipajların simasına taxılmış saxta niqabı qaldırıb, onların obrazını natural ölçülərdə gün işığına çıxartmaq, aldadıcı mifik “etalon ziyalı” obrazının mahiyyətini oxuculara göstərmək idi. Sənədlər və faktlar əsasında qələmə aldığım əsərin amalı köklü prinsiplərə dayaqlanır: aldatmaq olmaz! Xüsusən Xalqı, Milləti, Vətəni və Dövləti aldatmaq olmaz. Nə olursan ol, özün ol!



Kitabdakı tipajların davranış tərzindən fərqli olaraq, yazıda heç bir kobudluq yoxdur, onların leksikonuna xas şər, böhtan, iftira və yalan yoxdur. Orda yalnız qanında və genində min illərin mənəvi dəyərlər toplusunu daşıyan yaradıcı bir insanın haqqa tapınaraq söylədiyi həqiqətlərin acısı var.



Beləliklə, yazarlar cameəsində 22 il əvvəl baş verən qalmaqallı olaylar haqqında yazdığım “Üçüncü yazı” kitabından, icazənizlə, bəzi fraqmentləri diqqətinizə təqdim edim:



“Üçüncü yazı” kitabından







“…Müasir gəncliyin üzünə qapıları bağlı AYB-nin rəhbərliyi təşkilatı əvvəllər olduğu kimi saxlamağa çalışır: “Bolşevik-proletar Yazıçıları İttifaqının” çərçivəsinə sığınıb qalmaq istəməyən, Mirzə Ələkbər Sabir kimi, Hüseyn Cavid kimi, Mirzə Cəlil kimi həqiqət sözünü ucadan deyən cəsarətli və müstəqil yazarlar dərhal AYB sıralarından xaric edilir. Çünki onlar ümumi ahəngi pozurlar.



…AYB üzvü olub-olmamağım mənim yazı yazmağıma təsir etmir! Mən 15 il əvvəl (1988-də – A.) AYB-yə üzv olanda artıq kitablarım, ssenarilərim, xeyli tərcümələrim vardı. Yəni mənim yazıçı olub-olmamağım AYB üzvü olub-olmamağımla bağlı deyil.



(26.01.2005-ci ildə AYB katibliyi yığışıb mənim üzvlük məsələmə baxdı. İştirakçılar çıxış etdi, sonra hamısı yekdilliklə əl qaldırıb Akif Əlinin AYB üzvlüyündən xaric edilməsinə səs verdi. Səbəbi barədə aşağıda. – A.)



“…“37”-ni qoruyan qafa sahibləri ənənəyə sadiq qalaraq cəza prosedurunu klassik NKVD nümunələri üzrə cəmi 20 dəqiqəyə yekunlaşdırmalı idilər.



Azərbaycan Yazıçılar Birliyi Katibliyi İclasının Protokolundan çıxarış

Bakı şəhəri №1 26 yanvar, 2005-ci il



İştirakçılar: Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Rəşad Məcid, A.Əmrahoğlu.



Azərbaycan Yazıçılar Birliyinin rəhbər postlarını ələ keçirib bütün ölkə ədəbiyyatçılarının “ən yetkin nümayəndəsi” iddiası ilə (bəlkə də əminliyi ilə) yaşayan ən azı bir sədrdən və dörd katibdən ibarət bu komanda Azərbaycan dilində akademik savadlarının, iclasdakı psixoloji-ruhi durumlarının və yazıçılıq üçün ən vacib şərt olan müşahidə qabiliyyətlərinin, diqqətcillik, bəlkə də həssaslıq dərəcələrinin göstəricisi olan həmin Protokolun nüsxələrini çoxaldıb vərdişli donos timsalı ali hökumət idarələrinə göndərdilər. Hətta işlədikləri qurumu kolxoz idarəsi zənn edib, protokolun nüsxəsini NK-da Aqrar məsələlər üzrə kurator olan Baş nazirin I müavini Abbas Abbasova da göndərmişdilər.



İctimai təşkilat olan AYB-nin sıravi üzvü Akif Əli haqqında qərarının məzmunu, mahiyyəti, etik səviyyəsi, müasir dövrün demokratiya, fikir və rəy plüralizmi, söz azadlığı kimi zəruri normalara uyğunluq dərəcəsi, yaxud idarəetmə prosedurlarına riayətdəki pozuntular bir yana, bu yazıçıların müasir Azərbaycan dilinin elementar yazı qaydalarını bilməmələri onu oxuyanları daha çox mütəəssir etmişdi. AYB protokolunun rüsvayçı vəziyyəti barədə müzakirələrin sorağı, müxalifət qəzetlərinin ifadəsi ilə desək, – hökumət işçilərinin otaqlarından dəhlizlərə sızırdı. Dövlət məmurları təəccüb edirdilər ki, doğrudanmı bu məktubu xalq yazıçısı filankəs yazıb? Məşhur şair filankəs də qol çəkib? Filankəslər də ona imza atıblar? (AYB-nin göndərdiyi məktub-protokoldakı qrammatik, orfoqrafik və üslub səhvləri kitabda ətraflı göstərilir. – A.)



Əgər kimsə AYB-nin məktubundakı bu səhvlərin xırda məsələ olduğunu düşünsə, xatırladaq ki, söhbət dildən, ədəbiyyatdan, filologiyadan gedir. Bizim ədəbiyyat tarixində ta Dədə Qorquddan başlamış bu günədək sözə həssaslıqla yanaşmanın çox nümunəsi var. Nizami, Nəsimi, Füzuli nümunələri var. Mirzə Fətəli Axundzadə nümunəsi var ki, çəpəl milçəyin bir qara ləkəsindən doğa bilən səhv ehtimalına görə, adam iki yüz il bundan qabaq hətta əlifbanın dəyişdirilməsini belə zəruri hesab etmişdir.



Həqiqətən də xalq yazıçısı onun haqqında azacıq tənqidi fikir deyənləri işdən çıxartdırmaqla hikkəsini soyudub, xalqın övladlarının çörəyinə bais olacaq qədər ibtidai hisslərlə yaşayan bir adammış. Mən bunu eşitmişdim, amma indi həm də öz təcrübəmdə gördüm. Bu dəfə sadəcə o kinli adamın Akif Əlini işdən çıxartdırmağa gücü çatmadığından, onu yalnız “özünün AYB-sindən” çıxartmaqla kifayətlənməli oldu… (Mən ovaxt Nazirlər Kabinetində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində idim.– A.)



Səhəri qəzetlər “bomba” xəbəri öz səhifələrində yerləşdirəcəkdi. Kimi şərhlə, kimi şərhsiz. Ölkənin ən çox oxunan qəzetlərindən olan “Şərq” həmin məlumata belə şərh verdi: “Akif Əli AYB üzvlüyündən xaric edilməsini sakit qarşılayıb: “Qan təzyiqim qalxmayıb, şəkərin faizi artmayıb, nəbzim normada vurur”.



Birliyin katibliyindən mətbuata ötürülən məlumatda deyilirdi: “Akif Əli AYB-yə aid büdcə və maliyyə rəqəmlərini şişirdilmiş formada mətbuata açıqlamaqla nizamnaməni pozub. Buna görə də üzvlükdən xaric edilib. AYB bununla əlaqədar Nazirlər Kabinetinə məktub da göndərib.”



Yazıçılar Birliyinin metodları hamıya bəllidir. 37-ci ildən bəri bu qurumda eyni üsullardan istifadə olunur. Hələ ötən əsrin ortalarında Sovet propaqandası metastaz verən sosializm cəmiyyətinin guya “inkişafda olduğunu” əclaf kapitalistlərə göstərmək üçün müxtəlif imitasiya proqramları hazırlayıb “istehsalata buraxardı”. Bu propaqanda proqramlarının növbəti mərhələsində Politbüro “müasir sovet sosialist mədəniyyətinin uğurlarından” bəhs etmək, “ayrı-ayrı millətlərin vahid sovet ailəsində uğurla inkişaf etdiyini” göstərmək barədə tövsiyyələr verilirdi. O cümlədən, müasir Azərbaycan ədəbiyyatında da “yeniləşmə” getdiyini imitasiya etmək məqsədilə mətbuatda “müasir tipli ədəbiyyatın” (təbii ki, məzmunca sosialist) işıqlandırılması tapşırılmışdı. Həmin o dönəmlərdə AYB də çox fəal şəkildə icazəli cəsarətlər göstərir və həmişə nikbin mətbuatımız bunu çox həvəslə şişirdirdi.



“Canlı klassik” istedadlı yazıçılardan qorxduğu (qısqandığı, paxıllıq etdiyi, rəqib bildiyi) üçündür ki, diktat yolu ilə heç bir yazı-pozusu olmayan təsadüfi adamları birbaşa AYB-nin katibi postuna gətirir (1989-da, 2004-də) və heç bir ictimai rəyi nəzərə almır. Amma istedadlı yazıçıları öz kinli xasiyyəti ilə pisikdirib AYB-dən uzaq salır, onları az qala ənənəvi “vraq naroda” adlandırıb təşkilata yaxın buraxmır. Amma hamıya məlumdur ki, bu adamlar ona görə “pisdirlər” ki, sədrdən yaxşı yaza bilirlər. Vəssalam!



30-cu illərdən qalma AYB-nin mahiyyəti belədir. Yoxsa bu qədər anormallıq olmaz ki, həqiqəti danışanların hamısı pisdir, doğru deyənin hamısı yalançıdır, düz söz danışanın hamısı şərçidir, böhtançıdır – tək bircə sədrdən başqa! Tək o – pakdır, idealdır, toxunulmazdır… Arxasındakı xalça kimi cicili-micilidir… Belə olmur! Və belə olmayacaq!



Qəzetlərdə onun müsahibəsini oxuyanda fikirləşirsən: dünyada hər dahinin kölgəsində əzab çəkən bir qadın yatdığı kimi, sanki bizdə də hər istedadın kölgəsini qılınclayan bir paxıl marığa yatır! Ədəbiyyatda da, kinoda da, teatrda da, tele-radioda da, mətbuatda da, elmdə də, təhsildə də… belədir. Hər halda əlli ildir belə gördük.



…Mən AYB haqqında “Şərq” qəzetinə nə demişdim? Demişdim ki, həqiqətən “Azərbaycan Respublikasının 2004-cü il Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2003-cü il tarixli Fərmanı ilə dövlət büdcəsinin əsas xərclərinin bölgüsündə hər il olduğu kimi, bu il də Azərbaycan yazıçıları üçün müəyyən büdcə vəsaiti nəzərdə tutulmuşdur. Mövcud iqtisadi-sosial problemlərə baxmayaraq, hökumət ziyalı əməyinin qiymətləndirilməsini, onların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.



Milli ədəbiyyatımızın inkişafına şərait yaratmaq, yüksək zövqlü müasir ədəbi nümunələrin meydana çıxmasına kömək etmək və yaradıcı əməyin stimullaşdırılması məqsədilə cari ildə Azərbaycan yazıçılarının istifadəsi üçün ümumilikdə 1 166 600 000 (bir milyard yüz altmış altı milyon altı yüz min) manat vəsait ayrılmışdır (təqribən 236 min ABŞ dolları). Büdcə sənədində “Xərclərin istiqaməti” bölməsində ayrıca qeyd olunan Yazıçılar Birliyinin saxlanmasına 338 milyon 600 min manat nəzərdə tutulur. Bunun 240 milyon manatı Mərkəzi aparatın, 98 milyon 600 min manatı isə yerli şöbələrin xərcləri üçün ayrılmışdır. Göstərilən ümumi məbləğ daxilində qəzet və jurnalların hər birinə də ayrı-ayrılıqda vəsait müəyyən edilmişdir.



Həmin bölgüyə görə: “Azərbaycan” jurnalına – 250 milyon manat; “Qobustan” jurnalına – 55 milyon manat; “Ulduz” jurnalına – 111 milyon manat; “Literaturnıy Azerbaydjan” jurnalına – 122 milyon manat; “Ədəbiyyat” qəzetinə – 290 milyon manat ayrılmışdır. (Bax: “Azərbaycan Respublikası Qanunvericilik Toplusu”, №12, 31 dekabr 2003-cü il, II kitab, maddə 720, səh. 2413 )



Mən yalnız AYB-nin dövlət büdcəsindən maliyyələşdiyini demişdim və bunu yenə deyirəm. Cəmiyyəti hökumətin fəaliyyətinə dair doğru-düzgün informasiya ilə təmin etmək mənim vəzifə borcumdur. Hörmətli oxucuların diqqətini bu maraqlı məqama yönəltmək istərdim: görən AYB büdcəsinin mətbuata çıxarılması hansı qəbahəti aşkarlayıb ki, kimlərsə bundan belə rəncidə olub? Mənim açıqladığım rəqəmlər nə dövlət sirridir, nə hərbi sirrdir, nə kəşfiyyat, nə də əks-kəşfiyyat. Hətta bütün rəsmi dövlət idarələrinin büdcəsi ictimaiyyətdən gizlin deyilsə, yaradıcı qurum olan AYB-nin büdcəsi nədən köhnə təfəkkürlə sirrli, sehirli, gizli, mübhəm pərdələrə bürünməlidir? (Hələ bu nə deməkdir: “Akif Əli AYB-yə aid büdcə və maliyyə rəqəmlərini mətbuata açıqlamaqla nizamnaməni pozub, buna görə də üzvlükdən xaric edilib”.)



Bayırda artıq dörd ildir XXI əsr gedir, cənablar…



Əlbəttə, bunun sadə bir məntiqi izahı olduğu təxmin edilir: rəsmi sənədlərdə öz əksini tapmış, “gizlin” qrifi olmayan bir informasiyanın oyatdığı ajiotaj yalnız onunla bağlı ola bilərdi ki, görünür AYB rəhbərliyi indiyədək dövlətin yazıçılara qayğısını inkar edərək büdcə vəsaitini öz üzvlərindən, ümumən ədəbi ictimaiyyətdən gizlədirmiş. Yaxud geniş dairədə müzakirəsini “məsləhət bilmirmiş”. Müraciət edən sıravi üzvlərə isə özlərini kimsəsiz, fağır, kasıb təşkilat kimi göstərirmiş. Ancaq tarixdə ilk dəfə həmin açıqlamadan sonra naqolay vəziyyət yaranıb… Bunun başqa izahı yoxdur.



Neçə illərdir yazıçılar qurumunun dağılmayıb saxlanmasının daxili imkanlarla və sədrin şücaəti ilə deyil, birbaşa dövlətin iradəsi və qayğısı ilə olduğunu görən sadə yazıçı həmkarlarımızın AYB rəhbərliyinin guya “xilaskar” imicinin bir puç əfsanə olduğunu söyləməsi isə artıq çox təbii idi… Və Akif Əli məhz bu motivlərə görə AYB “elitasının” qəzəbinə tuş gəlib, daha verdiyi məlumatın guya “yanlış olduğuna” görə yox! (Mənim məlumatım açıq rəsmi sənədlərdə öz əksini tapıb. – A.)



AYB-dən yuxarılara axan donoslara gəlincə, necə deyərlər… Yenə “həmin dalğa, həmin koordinat”… Ancaq nə yaxşı ki daha zaman o zaman deyil! İndi nə Lenin var, nə NKVD, nə KQB!” (Sitatın sonu)



Akif Əli,



KONKRET.az



P.S. Mən AYB-dən çıxandan sonra daha səkkiz kitabın müəllifi oldum, yüzlərlə məqalə, ssenari, hekayə, povest, pyes yazdım, hətta Nyu-York Milli Yazarlar Birliyinin (NWU) üzvü oldum. Amma indi heç buna da marağım qalmayıb. Çünki yazmaq üçün hansısa təşkilata bağlanmağa ehtiyac yoxdur!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...