Parlament seçkiləri sabitliyə olan ehtiyacı təmin edəcək - TƏHLİL
Azərbaycanın müasir tarixində sayca beşinci parlament seçkiləri noyabrın ilk günündə keçiriləcək, lakin artıq indidən əminliklə demək olar ki, seçkilər gözlənilməz heç nə gətirməyəcək. Hazırda ölkədə sabitliyə ehtiyac çox böyükdür, bu isə o deməkdir ki, xalq Milli Məclisdə kəskin dəyişikliklərin gözlənilmədiyi insanları görmək istəyir.
Məhz buna görə də hakim Yeni Azərbaycan Partiyasının hazırkı reytinqləri müxtəlif sosioloji xidmətlərin qiymətləndirmələrinə görə 70-80 faiz arasında dəyişir. Prezident İlham Əliyevin sədrlik etdiyi partiya uzun illər ərzində xalqın etimadını qazanıb və hazırkı vəziyyətdə inamlı qələbəyə ümid edə bilər.
Məsələ burasındadır ki, Azərbaycan xalqına sabahkı günə əminlik lazımdır ki, bu da hər şeydən əvvəl Prezident İlham Əliyevlə bağlıdır. Sabit rifahın eyni cür səviyyəsini təmin edə biləcək namizədlər Azərbaycanın siyasi arenasında sadəcə olaraq yoxdur. Cəmiyyət kəskin dəyişikliklər təklif edənləri dəstəkləməyə hazır deyil. Hamı başa düşür ki, Azərbaycanda hazırkı iqtisadi və siyasi sabitliyi, azərbaycanlıların həyat səviyyəsinin yaxşılaşdırılmasını, yoxsulluğun azaldılmasını mövcud hakimiyyət təmin edir.
Ukraynada və regionun digər ölkələrindəki hadisələr azərbaycanlılar üçün dəyişikliklər arzusuna qarşı həddən artıq güclü peyvənd oldu. Həmin hadisələr digər postsovet ölkələrin nümunəsində göstərdi ki, onlar çox vaxt xaos və səfalətə gətirib çıxarır. Bundan başqa, tam xarabalıq dövrü barədə xatirələr və Azərbaycanda Xalq Cəbhəsi nümayəndələrinin hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərinin mütəmadi fəlakət hissləri hələ çox təzədir. Ölkədə rifahın məhz mövcud hakimiyyət zamanı əldə edildiyini başa düşən firavan Azərbaycan çətin ki, qaranlıq dövrə qayıtmaq istəsin, üstəlik, bütün dünyanın arasıkəsilməz siyasi və iqtisadi böhranda olduğu hazırkı çətin vəziyyətdə.
Bununla belə, neftin qiymətlərinin azalması və ya manatın məzənnəsinin dəyişməsi kimi heç bir digər faktor hazırkı Azərbaycan hakimiyyətinin opponentlərinin ümid etdiyi müxalif meyillərin artmasına səbəb olmadı. Bu da başa düşüləndir, çünki Azərbaycan xalqı digər ölkələrin siyasi sistemlərini laxlatmaq üçün xarici qüvvələrin belə çətin məsələlərlə manipulyasiya etdiyini, Yaxın Şərqdə və yaxın xaricdə inqilab və müharibələri görərək düzgün nəticələr çıxardı.
Azərbaycan əldə edilmiş həyat səviyyəsini və sabitliyi qorumaq istəyir – seçkilər ərəfəsində müxtəlif təşkilat və özəl xarici şirkətlərin ölkədə apardığı bütün sosial sorğular və "exit-poll"lar bundan xəbər verir. Və buna görə də çox güman ki, azərbaycanlılar ölkədə artıq uzun illərdir davam edən həyatın belə sakit və lüzumsuz sarsıntılardan uzaq qalması üçün hər şey edəcəklər.
1077 dəfə oxundu