İpoteka Fondunun nizamnamə kapitalı artırıldı: Kreditlərin sayı artacaq?
"Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktiki olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur".
Bunu Qaynarinfo-ya Milli Məclisin deputatı Vüqar Bayramov İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsinə edilən dəyişikliklə bağlı Fərmandan danışarkən deyib.
Deputat bildirib ki, bütövlükdə fondun nizamnamə kapitalı artdıqca, daha çox ipoteka kreditlərinin təklifi mümkün olur:
"Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir".
Vüqar Bayramov əlavə edib ki, indiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib:
"Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 249 milyon manatdan çoxdur".
Qeyd edək ki, Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsində dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Fondun nizamnamə kapitalı 980 milyon 700 min manatdan 1 milyard 68 milyon 400 min manata qaldırılıb.
258 dəfə oxundu