Siyavuş Novruzov: “Onsuz da ermənilər köçüb gedirlər”

Siyavuş Novruzov: “Onsuz da ermənilər köçüb gedirlər”


“Ermənistanın Baş naziri Nikol Paşinyan özünü növbəti dəfə biabır etdi. Cənab Prezidentin “Euronews” televiziyasına müsahibəsində konkret beynəlxalq hüquqa əsaslanaraq, Azərbaycanın Konstitusiyasına, xalqın arzu və istəyinə, iradəsinə uyğun olaraq səsləndirdiyi fikirlər, irəli sürdüyü tezislər isə dünyada müzakirə olunur. Tam haqlı olaraq Azərbaycanın maraqları ortaya qoyuldu və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı ki, Azərbaycan haqqında yalan informasiya yayılmasın. Laçın yolu ilə bağlı məsələlər bundan əvvəl Avropa İttifaqında müzakirə olunanda razılığa gəlindi ki, Qarabağa humanitar yardım Ağdam yolu ilə daşınsın. Bununla bağlı bütün infrastruktur, yol var, şərait yaradılıb. Azərbaycan da təsdiq edir ki, ermənilər Ağdam yolundan maneəsiz keçə bilərlər. Cənab Prezident gömrük postunu və buradan 2 mindən artıq erməninin keçdiyini də diqqətə çatdırdı. Beynəxalq Qırmızı Xaç Komitəsinin qaçaqmalçılıqla məşğul olması da dünya ictimaiyyətinin nəzərinə çatdırıldı ki, Komitə öz funksiyasının əvəzinə tamamən başqa işlərlə məşğul olur. Bir sözlər, Azərbaycan sülhə, sülh danışıqlarına sadiqdir. Cənab Prezident xüsusilə Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilərə çağırış etdi ki, Qarabağ erməniləri başa düşməlidirlər, təhlükəsizlikləri təmin ediləcək, təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar”.

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, yalan vədlərin, istər Avropadan, Rusiyadan, istərsə də başqa-başqa yerlərdən ermənilərin qızışdırmağın heç bir əhəmiyyəti yoxdur: “Əvvəl-axır o insanlar yaşamaq istəsələr, azərbaycanlılarla birgə yaşayacaqlar. Nə qədər gec deyil, bu addım atılmalıdır. Azərbaycan kifayət qədər güclüdür, güclü Ordusu var, öz ərazi bütövlüyünü təmin edib, burada başqa söhbət ola bilməz. Sözdə olsa da, Paşinyan tərəfindən növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü təsdiq olundu ki, 86,6 kvadrat-kilometr ərazi Azərbaycanın, 29,9 isə Ermənistanındır. Bu, artıq sərhədlərin müəyyənləşdirilməsi üçün razılığa gəlinən məsələdir. Bilirsiniz ki, Sovet İttifaqı dağılanda bununla bağlı qərar qəbul olunub, sərhədlər bu cür tanınıb. Sülh müqaviləsi də buna uyğun imzalanmalıdır. Əfsus ki, qeyri-qanuni silahlı dəstələrin hələ də Qarabağda olması, təxribat törətməsi, Azəbaycan sərhədlərinə atəş açılması - bütün bunlar sülhə ciddi problem yaradır. Baxmayaraq ki, Baş nazirlərin müavinləri səviyyəsində danışıqlar gedir. İcmalar arasında da bu yaxınlarda danışıqlar olacaq. Qarabağda yaşayan ermənilərlə növbəti görüş olmalıdır. Bunlarla yanaşı, cənab Prezindet bir daha sülh əlini ermənilərə uzatdı, sülh mesajı verdi. Bildirdi ki, heç bir separatçıya, qızışdırıcıya, Makronlara və digərlərinə uymasınlar...”

S.Novruzov alternativ olaraq Naxçıvandan Zəngəzura yürüyüş təşkil edilmsi təklifini isə belə dəyərləndirib: “Bu təklifləri mən də eşitmişəm, amma hələ bu məsələlər gündəmdə deyil. Gözləyirik ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Zəngəzur dəhlizinin açılması ilə təkcə Azərbaycan-Ermənsitan arasındakı məsələ həll olunmur. Eyni zamanda Ermənistan və Türkiyə arasında münasibətlərin, yolların bərpası, Ermənistanla Rusiya, Orta Asiya arasında əlaqələrin qurulması başlayacaq. Çindən tutmuş düz Avropaya qədər uzanan bir yoldan söhbət gedir. 40 kilometr yol bütün proseslərə maneə törədir. Həm iqtisadi, həm siyasi cəhətdən, həm də nəqliyyat baxımından bütün ölkələrə ziyan vurur. Zəngəzur yolunun açılması zəruridir. Hansı yolla olur-olsun, bu yol açılmalıdır. Naxçıvana quru sərhəd bərpa olunmalıdır ki, insanlar da rahatlıqla gedib-gələ bilsinlər. Naxçıvanda böyük layihələr başlayır. Azad İqtisadi Zona yaradılır. Bu layihədən də gələcəkdə özləri üçün istifadə edə biləcəklər. Xeyli layihələr var ki, Ermənistanın öz xeyrinədir, müstəqilliyinin təminatıdır. Bu gün Ermənistan Rusiyadan asılıdır. Bütün müəssisələri Rusiya tərəfindən alınıb. İstehsal olunan məhsulları hava yolu ilə daşımaq mümkün deyil. Ermənistana xaricdən gələn yardımlar da artıq dayandırılıb. Ermənistanın bu gün düşdüyü vəziyyətin çıxış yolu ancaq Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasıdır. Belə halda Ermənistanın inkişaf perspektivləri ola bilər. Əks halda onsuz da ermənilər köçüb gedirlər, getdikcə saylarının azalması Ermənistanın dövlət kimi silinməsinə gətirib çıxaracaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...