Bzejinski: “Arvadımın Heydər Əliyevdən xoşu gəlirdi”
“Mən, xüsusilə, Ağ Evdə çalışarkən Sovet sistemi ilə maraqlanırdım və Sovet liderləri ilə əlaqələrim var idi”
Axar.az dünya şöhrətli amerikalı siyasətçi Zbiqnev Bjezinskinin vaxtilə dediyi bu sözləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümündə təkrar xatırladır.
Bzejinski xatirələrində Əliyevlə görüşdən məmnun qaldığını bildirib:
“Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında eşitmişdim. Mən, xüsusilə, Ağ Evdə çalışarkən Sovet sistemi ilə maraqlanırdım və Sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var. Prezident Heydər Əliyevlə ilk dəfə bölgəyə səfər edərkən - 1990-cı illərin əvvəllərində tanış oldum. Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyev Bakı-Tiflis-Ceyhan layihəsində iştirak etməmək və tamamilə Bakıdan Novorossiyskə gedən kəmərə ümid etmək barədə Rusiyanın böyük təzyiqi altında idi. Mən Bakıya həyat yoldaşım ilə getmişdim. Prezident Heydər Əliyevlə görüşümüz günün ikinci yarısında oldu. Mən səbirsiz idim, çünki Azərbaycan prezidentinə Birləşmiş Ştatların prezidentindən xüsusi mesaj və xüsusi məktub çatdırmalı idim. Görüş bitdikdən sonra biz ayrıldıq. Axşam isə Prezident Heydər Əliyevlə uzun və mən deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu Biz yalnız boru kəməri haqqında deyil, habelə prezidentin Birləşmiş Ştatların Qafqazda və Xəzər dənizi hövzəsində strateji öhdəliklərinə bağlılığı haqqında danışdıq. Bu, çox səmərəli bir müzakirə idi, çünki hər iki ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyəti olan kəmərlə bağlı uzunmüddətli öhdəlikləri aydınlaşdırmağa imkan verdi”.
Bjezinski xatirəsində Heydər Əliyevin şəxsiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb:
“Heydər Əliyevin şəxsi cəhətlərinə gəldikdə isə deyim ki, mənim həyat yoldaşımın ondan xoşu gəlir. Bu, mənim üçün çox əhəmiyyətli barometrdir. Deyəsən, onun da mənim həyat yoldaşıma münasibəti yaxşıdır. Buna etirazım yoxdur, çünki bunu sağlam bir əlamət hesab edirəm. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir. ABŞ və Azərbaycan ilkin mərhələdə münasibətlərində bir sıra çətinlikləri aşmalı idilər. Heç birimiz bu çətinlikləri tamamilə aradan qaldıra bilməmişik. Biz hələ Azərbaycanla tam, dolğun strateji münasibətləri inkişaf etdirə bilməmişik. Bunun bir səbəbi Konqresdədir, xüsusilə, Dağlıq Qarabağ məsələsinə müxalifətin münasibətində, Amerikada erməni seçicilərinin mövcudluğunda, Rusiya ilə yaxşı münasibətlər qurmağa olan marağımızdır. Amma məncə, ABŞ-Azərbaycan münasibətlərindəki çətinlikləri aradan götürmək üçün əhəmiyyətli irəliləyiş etmişik”.
Siyasətçi mərhum prezidentin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi üçün xeyli işlər gördüyü deyib:
“Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür. Cənab Heydər Əliyevin ABŞ-a tarixi səfəri Azərbaycan ilə ABŞ arasında həqiqi tərəfdaşlığın yaranmasına kömək etdi. Amerikalılar artıq daha çox inanmağa başlayırlar ki, Azərbaycanın müstəqilliyi və strateji əhəmiyyəti yalnız bu region üçün deyil, həm də Amerika Birləşmiş Ştatları üçün çox lazımlıdır. Prezident Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda baş verən iqtisadi dirçəlişləri aydın görmək mümkündür. Bu da cənab Əliyevin ölkəsinin gözəl gələcəyi haqqında xoş sözlər deməyə əsas yaradır. Mənə elə gəlir ki, Azərbaycanda yaşayan əhalinin öz gələcəyi barədə nikbin olmağa haqqı var. Prezident Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi əlaqələr Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik gətirəcəkdir”.
1567 dəfə oxundu