Donbasda müharibə təhlükəsi ciddiləşir

Donbasda müharibə təhlükəsi ciddiləşir

Ukraynanın Donbass bölgəsində atəşkəsin ciddi şəkildə pozulması müşahidə edilir.

APA-nın “censor.net portalına istinadən verdiyi məlumata görə, Ukrayna Anititerror Mərkəzi ötən sutka ərzində separatçı qüvvələr tərəfindən 95 dəfə atəşkəsin pozulduğunu açıqlayıb: “Bu, Minskdə əldə edilmiş atəşkəs razılaşmasından əvvəlki səviyyə ilə eynidir. Düşmən artıq ağır və reaktiv artilleriyadan atəş açmaqdan da çəkinmir və bizi cavab atəşinə təhrik edir”.

Ukrayna ordusunun Donetsk şəhəri ətrafındakı Avdeyevka şəhərində, Peski, Opıtnoye, Vodyanoye kəndlərində yerləşən mövqeləri daha çox atəşə məruz qalıb. Mariupol şəhəri yaxınlığındakı strateji əhəmiyyətli Şirokino kəndi isə son günlər separatçıların aramsız hücumları ilə üzləşir. Mayın 3-də axşam və 4-nə keçən gecə kənddə 6 saat döyüş gedib. Ukrayna qüvvələri hücumları dəf ediblər.

Ali Radanın deputatı İqor Mosiyçuk baş verənləri hərbi əməliyyatların aktiv mərhələsinin yenidən başlanması kimi qiymətləndirib: “Rusiyalı silahlılar bütün şərq cəbhəsi boyunca bizim ordunun mövqelərini “Qrad” qurğuları, qaubitsa və digər ağır silahlardan atəşə tutur. Şirokinoda hücuma keçiblər, Peski rayonunda da vəziyyət yaxşı deyil. Müdafiə Nazirliyi, Baş Qərargah və ali baş komandan niyə susurlar, mənə maraqlıdır”.

Xatırladaq ki, bu il fevralın 11-12-də Minskdə Pyotr Poroşenko, Vladimir Putin, Angela Merkel və Fransua Olland arasında aparılan danışıqlarda atəşkəs haqqında razılıq əldə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...