Gürcüstan valyutası da sürətlə ucuzlaşır - böhran dərinləşir
Gürcüstan hökuməti milli valyutanın - larinin dəyərsizləşmə prosesinin qarşısını ala bilmədiyi üçün istefa verməlidir
Virtualaz.org “Qruziya Onlayn”a istinadən bildirir ki, bunu keçmiş hakim “Vahid milli hərəkat” partiyasının deputatı Zurab Melikişvili dünən keçirilən brifinqdə çıxış edərkən deyib. Qeyd edək ki, larinin uzun müddət 1,74-1,76 GEL/$1 səviyyəsində qalan məzənnəsi 2014-cü ilin oktyabr ayının sonundan gözəçarpacaq dərəcədə ucuzlaşmağa başlayıb. Bu gün Gürcüstanın Milli Bankı larinin mübadilə məzənnəsinin dollara nisbətini 2.3336 GEL/$1 müəyyən edib.
“Milli valyutanın dəyərsizləşməsi əhalinin yoxsullaşmasında birbaşa əks olunur... Belə ki, hökumətin bu problemin öhdəsindən gəlmək üçün planı yoxdur, əksinə, bu illər ərzində tətbiq edilən tənzimləmələr ölkəyə investisiya yatırımına birbaşa maneə törədir, biz onun istefasını tələb edirik”, - deyə Melikişvili vurğulayıb. Əslində müxalifət haqlıdır. Çünki 2014-cü ilin oktyabr ayının 26-dan 2015-ci ilin avqust ayının 24-ə qədər larinin dollara nisbətən məzənnəsi 33,1% ucuzlaşıb. 2015-ci ilin iyul ayında isə ölkədə ərzaq və spirtsiz içkilərin qiymətləri 2014-cü ilin iyul ayı ilə müqayisədə 7,1% artıb.
1245 dəfə oxundu