İraq TANAP-a qoşula bilər
Azərbaycan və İraq neft və qaz, enerji resurslarının hasilatı, nəqli və emalı, həmçinin digər sahələrdə əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu barədə Trend-ə İraqın neft naziri Adil Əbdülmehdi deyib.
Onun sözlərinə görə, bu memorandum əsasında İraq və Azərbaycan şirkətləri hər iki dövlətin, habelə üçüncü dövlətin ərazisində birgə müəssisələr yarada bilərlər. İraqın Azərbaycanın neft və qaz sahəsinə nə təklif edə biləcəyi ilə bağlı sualı cavablandıran A.Əbdülmehdi qeyd edib ki, bu SOCAR şirkətindən asılıdır: “İraq bir çox şirkətlə əməkdaşlıq edir və bu əməkdaşlıq hər iki tərəfin istəyindən irəli gəlir”.
Nazirin sözlərinə görə, İraqın Transanadolu boru kəmərinin (TANAP) inşası layihəsinə qoşulmaq üzrə böyük potensialı var.
A.Əbdülmehdi bildirib ki, beynəlxalq ictimaiyyət İraqda baş verənləri əsasən xəbərlərdən öyrənir, bu səbəbdən də bir çoxlarında belə bir təəssürat yaranır ki, ölkədə qeyri-sabitlik hökm sürür: “Lakin bu belə deyil. SOCAR uzun illərdir İraqla əməkdaşlıq edir və bizim kommersiya sazişimiz var. SOCAR şirkəti İraqda rahat şəkildə işləyə bilirsə, deməli, digər ölkələrin şirkətləri də işləyə bilər”.
1282 dəfə oxundu